Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük tarixi hadisədir

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük tarixi hadisədir

Azərbaycan yenidən böyük bir tədbir qarşısındadır. Aprelin 21-25-də işğaldan azad olunmuş Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçiriləcək. Artıq bu böyük tədbirin təşkili ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir. Diasporla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, qurultayda 65 ölkədən 400 nəfərə yaxın di­aspor nümayəndəsi iştirak edəcək. Dünya ölkələrində Azərbaycan diasporunun formalaşması prosesində, dünya azərbaycanlılarının təşkilatlanmasında, ümumiyyətlə, diaspor quruculuğunda ümummilli lider Heydər Əliyev böyük rol oynayıb. Ulu öndər 23 may 2001-ci ildə “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 724 nömrəli Sərəncam imzalayıb. Həmin il noyabrın 9–10-da isə Bakıda birin­ci qurultay keçirilib. Ulu öndər Heydər Əliyev həmin tədbirdə geniş nitq söyləyərək, Azərbaycan diasporu qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirdi. Təbii ki, o zaman Qarabağ probleminin həlli ölkə qarşı­sında, eləcə də diaspor təşkilatları üçün ən aktual vəzifə idi.

Qurultaydan sonra, 2002-ci ilin 5 iyulunda Prezident Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli, 54 saylı Sərəncamı ilə isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi ya­radıldı. Bundan sonra 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının ikinci, 2011-ci il iyulun 5–6-da üçüncü, 2016-cı il iyunun 3–4-də dördüncü qurultayı keçirildi.

Diaspor quruculuğu Azərbaycan Prezidenti İlham Əliyevin də daim diqqət mərkəzində olmuşdur. O, özünün bir sıra çıxışlarında, eləcə də Dünya Azərbaycanlılarının qurultay­larında diaspor təşkilatları, onların fəaliyyətinin əsas istiqamətləri ilə bağlı baxışlarını ifadə edib. Dövlət başçısının təşəbbüsü ilə 2003-cü ildən sonra Azərbaycan və türk diasporları­nın birləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Məhz bu birləşmədən sonra Azərbaycan diasporu daha da güclənməyə, dünyada, xüsusən Qərb ölkələrində geniş yayılmış saxta və qondarma erməni təbliğatına ağır zərbə vurmağa başlayıb.

2008-ci il dekabrın 19-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi. Beləliklə, dövlətimizin uğurlu dias­por siyasəti nəticəsində xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması özünün yeni mərhələsinə qədəm qoydu. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alın­masında qətiyyət nümayiş etdirirlər. Hazırda dünyanın əksər ölkələrində Azərbaycan icmaları üçrəngli bay­rağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir.

Diasporun uğurla təşkilanmasının nəticəsi olaraq son 4 ildə 31 ölkəni əhatə edən 14 koordinasiya şurası formalaşıb, 12 ölkədə 18 Azərbaycan Evi yaradılıb (Tallin, Varşava, Budapest, Brüssel, Zalsburq, Barselona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Saloniki, Tbilisi, Marneuli və Qardabani şəhərləri).

Diaspor təşkilatlarımızın Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində müsbət addım­larını qeyd etməliyik. Vətən müharibəsi dövründə bu təşkilatlar dünyanın 30-dan çox olkəsində 200-dək aksiya keçirdi, bu aksiyalarda, ümumilikdə, 25 mindən çox soydaşımız və dost xalqla­rın nümayəndələri iştirak etdi. Bununla yanaşı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdi.

Birinci vitse-prezident Mehriban xa­nım Əliyevanın təşəbbüsüilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olunub. Bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır.

Dünya Azərbaycanlılarının V Qurultayı onunla əlamətdardır ki, torpaqlarımızın işğaldan azad olunduğu dövrə təsadüf edir. Tədbirin Şuşada keçirilməsi isə böyük tarixi əhəmiyyət və rəmzi məna daşıyır. Bu tarixi fürsəti bizə, təbii ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti nəsib etmişdir.

Kamran RAMAZANLI,

“Soydaş” İctimai Birliyinin sədri

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …