Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Siyasət / Dövlət sahibkarları daha 1 il vergi yoxlamalarından azad edir

Dövlət sahibkarları daha 1 il vergi yoxlamalarından azad edir

Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Komitə sədri Zahid Oruc söz alaraq bildirdi ki, Prezidentin yüksək vəzifə tutan bir neçə hökumət üzvünü tənqid etməsi cəmiyyətdə böyük əks-səda doğurub. Deputatın sözlərinə görə, indi Şuşa və bütün Qarabağ hər bir hakimiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirmək üçün bir barometrə çevrilib:

“Lakin bir qisim siyasət, media və şəbəkə adamlarının dövlət başçısının məqsədlərini təhrif edərək ”bütün məmurlara nifrət” yağdırması, ölkəmizi məğlub Ermənistanın hakimiyyəti ilə az qala bir sırada göstərməsi yolverilməzdir. Əlbəttə, kimsə külli miqdarda dövlət vəsaitini mənimsəyibsə, o, əməllərinə cavab verəcək. Lakin yüksək çinli şəxsləri tənqid edərkən on illər ərzində əldə olunan bütün uğurları inkar etmək, xüsusilə də Vətən müharibəsində qələbəmizə zərbə vurmaq qəbuledilməzdir. Üç-beş nazir dövlət demək deyil. Dünyada belə analogiya yoxdur”.

Komitə sədri Musa Quliyev bildirdi ki, şəhid ailələrinin və qazilərin sosial təminatının yaxşılaşdırılması Prezidentin diqqət mərkəzindədir. Deputatın sözlərinə görə, “Dövlət rüsumu haqqında” qanunda şəhid ailələri və qazi ailələrinə güzəştlər nəzərdə tutulsa da, Qarabağ müharibəsi əlilləri bu rüsumlardan azad deyil: “Bu, uyğunsuzluq yaradır”. Deputat bu məsələnin hökumət orqanları ilə araşdırılması və qanunvericiliyə bununla bağlı dəyişiklik edilməsi təklifini irəli sürdü: “Əlaqədar hökumət orqanları ilə bu məsələni araşdıraq və uyğunsuzluğu aradan qaldıraq”.

“Biz gözdən düşmüş icra hakimiyyəti strukturunu bütün bölgələrdə prezidentin xüsusi nümayəndələri ilə əvəz etməliyik”. Bu fikri isə deputat Fazil Mustafa söylədi. O, digər məsələyə də diqqət çəkdi: “Bu gün icra hakimiyyətləri həm səlahiyyət sahibidirlər, həm də heç bir səlahiyyətə sahib deyillər. Kaş ki, icra başçıları səlahiyyət sahibi olardılar və o halda onların yaxasından yaxşı mənada yapışmaq mümkün olardı”.

F.Mustafa iclasa Operativ Qərargahla bağlı fikirlərini də bölüşdü. Bildirdi ki, pandemiya dövründə Qərargah gərgin fəaliyyət göstərib. Ancaq bəzi sahələrin bir çoxunda ləngimələrin baş verdiyini də söylədi. “Dünyanın bir çox ölkələrində idman kompleksləri açıqdır, bizdə isə bağlıdır. Ölkədə tikinti materiallarının, ərzaq məhsullarının qiyməti xeyli artıb. O komplekslərdə çalışanların bir çoxu acından ölür. Minlərlə insanın taleyini başlı-başına buraxa bilmərik. Ona görə bir çox sahələrin qapılarını açmaq lazımdır”.

Deputat Azay Quliyev YAŞAT Fondunun fəaliyyətindən bəhs etdi. Onun sözlərinə görə, çox sevindirici haldır ki, qısa müddət fəaliyyət göstərməyinə baxmayaraq, YAŞAT Fondu yüzlərlə şəhid ailəsinin və qazilərimizin bir çox sosial problemlərini və müalicə ilə bağlı məsələlərini operativ və şəffaf şəkildə həll edib. A.Quliyev qeyd etdi ki, ağır yaralanan və müalicəsi Bakıda çətin olan qazilərimizin bir qisminin Türkiyədə müalicəsinin təşkili, xaricdə təhsil alan şəhid övladlarının təhsil haqlarının ödənilməsi, şəhid ailələrinin banklara olan borclarının YAŞAT Fondu tərəfindən qarşılanması xüsusi qeyd edilməlidir: “Fürsətdən istifadə edib belə bir Fondunun yaradılması kimi nəcib təşəbbüslə çıxış edən cənab Prezidentə, bu Fonda ianə edən bütün vətəndaşlarımıza, iş adamlarına təşəkkür edirəm. Bu Fond bizim ümumilli həmrəyliyimizin yeni bir simvoluna çevrilib və əminəm ki, bundan sonra da hər bir azərbaycanlı bu fonda ianə köçürməklə şəhid ailələrinə və qazilərimizə ümumxalq dəstəyini davam etdirəcəklər”.

Deputat Cavanşir Paşazadə seçildiyi dairənin problemlərinə diqqət çəkdi. Bildirdi ki, illik yağıntıların az olması kənd təsərrüfatında əlavə problemlər yaradıb: “Həm də əhalinin içməli su ilə bağlı problemləri var”. Deputat illər öncə dənizin səviyyəsinin artması səbəbindən əlavə problemlərin yarandığını da xatırlatdı: “Lənkəranın 11 min nəfərlik Bolasdi kəndi hələ də içməli suyu pulla alırlar. Onlar yazırlar, kömək istəyirlər, biz də onlara rahat yaşamaq üçün şərait yaratmalıyıq”.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli layihə barədə ətraflı məlumat verdi.

Deputat Sabir Rüstəmxanlı işğaldan azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin yaradılmasından bəhs edərək bir məqama diqqət çəkdi. O, icra hakimiyyəti strukturunun mövcud olduğunu vurğulayaraq xüsusi nümayəndələrin də təyinatının narahatlığa səbəb olub-olmayacağını sual etdi.

Əli Hüseynli isə “heç bir narahatlıq yoxdur”, deyə bildirdi. Əlavə etdi ki, xüsusi nümayəndəlik institutu Azərbaycanın bütün ərazilərinə şamil olunmur, ancaq işğaldan azad olunan əraziləri əhatə edir. “Burada kəsişən nöqtələr çox azdır, funksiyalar, səlahiyyətlər, vəzifələr fərqlidir. Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir, ancaq icra hakimiyyətləri əhali ilə bağlı fəaliyyət göstərir”. Birinci vitse-spiker qeyd etdi ki, bu, yeni idarəetmə üsulu özünü doğrultsa, Azərbaycanın digər ərazilərini də əhatə edə bilər.

“Konstitusiyaya görə, icra hakimiyyətinin formalaşdırılması Azərbaycan prezidentinə məxsusdur. Ona görə də mən bu qanun layihəsinə səs verəcəyəm”.

Deputat Qüdrət Həsənquliyev bu fikirləri prezidentin xüsusi nümayəndəliklərinin yaradılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı söylədi. O bildirdi ki, idarəetmədə çevikliyin həyata keçirilməsi məqsədilə bu addımlar atılır. Ancaq deputat digər məsələyə də diqqət çəkdi: “Biz bələdiyyələrin səlahiyyətlərini genişləndirməliyik. Təklif edirəm ki, biz konstitusiya islahatları aparmalıyıq və insanlar bələdiyyələrdən, səs verdiyi insanlardan hesab istəməlidir”. Q.Həsənquliyev qeyd etdi ki, biz buna getməsək, effektli nəticəyə nail ola bilməyəcəyik: “Yerlərdə hakimiyyəti xalq formalaşdırmalıdır. Qardaş Türkiyə nümunəsi var. Prezident xüsusi nümayəndələr təyin edirsə, icra hakimiyyətləri ləğv edilməli və yerli hakimiyyəti xalq formalaşdırmalıdır”.

Deputat Əli Məsimli kommunal xidmətlərin qiymətinin artması ilə bağlı narahatlığını bölüşdü. Deputat digər sahələrdə də qiymət artımının qaçılmaz olduğunu söylədi. “Bu hələ son deyil, digər kommunal xidmətlərin də qiyməti qalxacaq. Təklif edirəm ki, qiymətlər qalxdığına görə aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilsin”, – deyə Ə.Məsimli əlavə etdi.

Deputat Elman Nəsirov müharibə veteranlarının ödənişli təhsil alan övladlarının təhsil haqqından azad edilməsi barədə vətəndaşların istəyini dilə gətirdi. Bildirdi ki, məcburi köçkünlərə şamil edilən güzəştlər onlar öz doğma yurdlarına qayıtdıqdan və məcburi köçkün statusu ləğv ediləndən sonra aradan qaldırılacaq və onlara ayrılan dövlət vəsaiti müharibə veteranlarının övladlarına ayrıla bilər. Komitə sədri Musa Quliyev isə E.Nəsirovun çıxışına reaksiyasında bildirdi ki, məcburi köçkünlərin statusu götürülməyib. Onlar evlərinə köçürülənə qədər bu statusa malik olacaqlar.

Milli Məclisdə müzakirə edilən digər layihəyə əsasən, Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək. Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsini Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya məsələləri komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Bildirildi ki, dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

Deputat Əziz Ələkbərli söz alaraq qanun layihəsinin dili ilə bağlı bəzi fikirlərini söylədi.

Qanuna dəyişiklik ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edildi.

Deputat Aqil Abbas Azərbaycana narkotik maddələr gətirərkən həbs edilən İran vətəndaşları barədə danışdı. Bildirdi ki, onların bir çoxu ilk dəfə həbs olunandan sonra İrana ekstradisiya edilsə də, yenidən dövlət sərhədimizdə narkotika qaçaqmalçılığına görə həbs olunur. A.Abbas Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin çox yüksək səviyyədə çalışdığını, narkotik maddələrin qaçaqmalçıları ilə mübarizədə hətta sərhədçilərimizin həlak olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycanın təhvil verdiyi dustaqlar İranda sərbəst buraxıldığı üçün onlar yenidən eyni əməli təkrarlayırlar. Bu səbəbdən A.Abbas təklif etdi ki, bu məsələ ilə bağlı İran tərəfilə danışmaq lazımdır: “Ya İran tərəf ekstradisiya olunan məhkumları sərbəst buraxmasın, ya da burada ikinci dəfə eyni ittihamla saxlanılanlarlarsa, o halda İrana təhvil verilməsin, cəzalarını burada çəksinlər”.

İclasda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə edildi. Təklif edilən dəyişikliklərə əsasən, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

İnzibati Xətalar Məcəlləsinə digər dəyişiklikliklərə əsasən, Azərbaycanda dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə ləğv edilir. Dəyişikliyə əsasən, məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeydə əsasən, şəxs bu məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Qanun layihəsini Məşhur Məmmədov təqdim etdi. Bildirdi ki, layihəyə əsasən, ölkədəki sahibkarlıq subyektləri daha bir il yoxlamalardan azad edilir.

Deputat Fazil Mustafa bildirdi ki, heç sahibkarların yoxlanışı ilə bağlı müddətin uzadılmasına ehtiyac yoxdur: “Sahibkar gərək nə isə qazansın ki, yoxlanmasına da ehtiyac yaransın. Azərbaycanda kiçik və orta sahibkarlıq çox ağır vəziyyətdədir. Bu günlərdə Rasim Məmmədov həbs olunub. Azərbaycanda hamı bilirdi ki, ondan başqa heç kim ölkəyə armatur gətirə bilmir. Rəqabət yaratmaq istəyiriksə, kiçik və orta sahibkarlığın önünü açmalıyıq, inhisarı aradan qaldırmalıyıq. Tikinti sektorunda minlərlə insana qarşı dələduzluq edildi. Tutulan məmurların böyük əksəriyyəti məmur deyil. Biz məmurla sahibkarı ayıra bilmədik. Hər dələduzluq edən sahibkarın arxasında bir dövlət məmuru dayanır. Dələduzlar da bir nəfəri qurban verdilər, həbsxanaya göndərdilər, qalanlar da kef içindədirlər”. F.Mustafa dedi ki, pandemiya dövründə sahibkarlar ağır duruma düşdülər, onlara ciddi dəstək də olmadı: “Qarabağın dirçəlişi də sahibkarlığın inkişafından asılıdır. Əgər Azərbaycan sahibkarının iştirakı olmasa, biz Qarabağı dirçəldə bilməyəcəyik. 2,5 milyardla Qarabağı dirçəldə bilməyəcəyik. Buraya 50-70 milyard vəsait lazım olacaq. Sahibkarın qarşısını açmasaq, onların vergidən bir illik azad edilməsilə bağlı qərarın qəbulu ilə biz sadəcə özümüzə təsəlli verəcəyik”.

Spiker Sahibə Qafarova bildirdi ki, çox düzgün məsələlərə toxunursunuz. Bundan sonra müvafiq komitədə bu barədə müzakirələrin aparılmasını zəruri saydı.

Komitə sədri Tahir Mirkişili F.Mustafanın bir çox fikirlərinin maraq doğurduğunu və bu barədə ayrıca müzakirə aparacaqlarını dedi. Bildirdi ki, sahibkarlıq sahəsində problemlərin olduğunu heç kim inkar etmir, bu barədə dövlət başçısının da fikirləri olub. Ancaq bütövlükdə sahibkarlığa münasibətin dəyişməsinin zəruri olduğunu deyən T.Mirkişili sahibkarlığa dəstək verilməməsi barədə fikirlərlə razılaşmadı. Bildirdi ki, Azərbaycanda pandemiya dövründə sahibkarlığa 420 mln manat yardım edilib.

Deputat Razi Nurullayev isə bildirdi ki, əvvəllər vəzifəsindən sui-istifadə edənlərin vəsaiti əllərindən alınmalı, özləri də həbsə getməlidir deyə düşünüb: “Çox yanlış. Bu baş verən zaman onların oğurladıqlarının az bir qismi dövlət büdcəsinə qayıdır, çoxu kabinetlərdə əllərindən alınır. Onların həbsdə yatmasının xalqa və iqtisadiyyata nə xeyri var? Yenə də ayrı-ayrı şəxslərin varlanmasına xidmət edir. Qisas? Biz kimdən qisas alırıq? Gərək onda bir nəfər məmur qalmasın, təzə həbsxanalar tikib hamısını dolduraq ora. Kimin nə qədər oğurladığı beş aşağı, beş yuxarı hər kəsə məlumdur və mətbuat də hər gün bunu yazır. Ölkədə maliyyə amnistiyası tətbiq olunsun. Maliyyə amnistiyası qərara qədər olan vəsaitlərə şamil olunsun. Çıxış yolu budur. Bu gün həbslər həyata keçirilən zaman az qala xalq bayram edir ki, bəs filankəsi də içəri atdılar. Həbslər yerinə maliyyə amnistiyası verilsin. Qoy heç kim qanunsuz yollarla pulunu xaricə çıxarmasın, sandıqda, torpağın altında saxlamasın”. Musavat.com

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Hərbi bazaya ehtiyac yoxdur, Türkiyə çox yaxındır”

“Ölkəmizdə xarici hərbi bazanın yerləşdirilməsinə ehtiyac yoxdur”. Bu sözləri politoloq Zərdüşt Əlizadə “Reytinq”ə müsahibəsində bildirib. …