Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / Siyasət / Dövlət Departamenti: Azərbaycanda dini azadlıqlar kobud şəkildə pozulur

Dövlət Departamenti: Azərbaycanda dini azadlıqlar kobud şəkildə pozulur

Azərbaycan dini azadlıqların kobud şəkildə pozulduğu ölkələr sırasındadır.

Bu barədə ABŞ Dövlət Departamentinin mayın 15-də yaydığı “2022-ci ildə Beynəlxalq Din Azadlığı” hesabatında bildirilir.

Departamentin hesabatına görə, dini etiqad və ya inanc təcrübələrinə görə həbslər, məhkəmə qərarları, basqılar Azərbaycan dini azadlıqların kobud şəkildə pozulduğunu deməyə əsas verir. 

Həmçinin vurğulanır ki, ötən il Azərbaycanda heç bir qeyri-müsəlman icması qeydiyyatdan keçirilməyib. Məlumata görə, ötən ilin sonunda Azərbaycanda dini inancına görə 22 nəfər həbsdə olub.

“Azərbaycan qanunları ölkədə fəaliyyət göstərən bütün dini icmaların dövlət qeydiyyatından keçməsini tələb edir. Həmçinin onların istifadə etdiyi dini ədəbiyyata və başqa materiallara hökumətin icazəsi tələb olunur. Bundan əlavə, Prezident İlham Əliyevin martda din qanununa etdiyi yeni düzəlişlərlə imamların təyinatı Qafqaz Müsəlmanları İdarəsindən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilib. Bununla da hökumət dini işlərə müdaxiləni rəsmiləşdirib”, – Meydan TV hesabatdan sitat gətirib. 

Departament həmçinin vurğulayır ki, Azərbaycanın paytaxtında dini azlıq nümayəndələrinə qarşı pozitiv dəyişikliklər hiss edilib: “Amma paytaxtdan kənar ərazilər üçün eynisini söyləmək mümkün deyil”.

Sənəddə Azərbaycanda 2009-cu ildə qəbul olunmuş din qanununa yenidən baxılması, sənədin beynəlxalq standartlara və Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırılması tövsiyə edilir. Qeyd edilir ki, ABŞ bunun üçün rəsmi Bakı ilə işbirliyi aparsa, yaxşı olar.

Həmçinin Qarabağda və ətraf ərazilərdə ibadətgahların, dini-mədəni obyektlərin bərpası, qorunması üçün ABŞ-ın USAID təşkilatına və Azərbaycandakı ABŞ səfirliyinə xüsusi fond ayrılması tövsiyə edilir.

Dövlət Departamenti dinin azadlıqların sıxışdırılmasına görə Xüsusi Nəzarət Siyahı hazırlayıb. Siyahıya salınan ölkələrin sırasında Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Özbəkistan da var.

Həmçinin oxuyun

Kılıçdaroğlu: Bu, tariximizin ən ədalətsiz seçki dövrü idi

Türkiyədə prezidentliyə “Millət İttifaqı”nın vahid namizədi Kamal Kılıçdaroğlu seçkilərin nəticələri bilinəndən sonra Ankarada tərəfdarları qarşısında …