Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Dolların qalxması ərzağın qiymətini də kəllə-çarxa çıxardı

Dolların qalxması ərzağın qiymətini də kəllə-çarxa çıxardı

Bir sıra marketlər satışı dayandırıb; alıcılar marketlərə doluşub ərzaq ehtiyatı görür, çünki…

Yanvarın 21-də manat növbəti dəfə devalvasiyaya uğradı. Hazırda 1 dollar 1.5500 manat, avro isə 1,6850 manat təşkil edir. Bu məzənnə dəyişikliyi ərzaq məhsullarının qiymətindən də yan keçməyib. Dünən səhər saatlarından bütün mağazalarda və bazarda sanki bir təlaş yaşanıb, əksər marketlərdə bir çox ərzaq məhsullarının qiyməti bahalaşıb. Bir sıra marketlər isə ümumiyyətlə qapılarını bağlayıblar. 
 
Qiymətlərlə tanış olmaq üçün bir neçə marketə və paytaxtın ən ucuz bazarı hesab edilən 8-ci kilometr bazarına üz tutduq. İlk olaraq “Rahat” marketə baş çəkdik. Alıcılar kifayət qədər idi və hər kəs tələsik ərzaq məhsulları alırdı ki, qiymətləri bahalaşacaq. Satıcılar isə ərzaqların qiymətini dəyişdirməklə məşğul idilər. Hətta satıcılar öz aralarında “filan ərzağın qiyməti neçə oldu” deyərək bir-birindən xəbər tuturdular. Adının çəkilməsini istəməyən satıcı yumurtanın 15 qəpikdən 18 qəpiyə qalxdığını və bir alıcıya 15 dənədən artıq yumurta satmadıqlarını dedi.
Səbəbini soruşduqda isə bunu yumurta qıtlığı ilə əlaqələndirdi: “Bizdə yumurta əvvəllər 13 qəpik idi, indi isə 18 qəpiyə satırıq. Çox güman ki, yumurtanın qiyməti 20 qəpiyədək bahalaşacaq. Bəzi marketlər bir alıcıya 10 dənədən artıq yumurta satmır, biz isə 15 dənəyə qədər satırıq”.
Mağazada demək olar ki, bütün məhsulların qiymətində 5 qəpik – 1 manat arasında bahalaşma müşahidə etdik. Belə ki, əvvəllər 60 qəpiyə satılan “Sun” salfetkası indi 65 qəpiyə, 80 qəpiyə satılan “Aura” salfetkası indi 87 qəpiyə, əvvəllər 10 manata, 8 manat 50 qəpiyə satılan ətlər isə indi 10 manat 60 qəpiyə, 12 manata satılırdı. Toyuqların qiymətində də cüzi artım müşahidə etsək də, satıcı toyuğun qiymətinin daha da artacağını deyirdi. Toyuğun hisə verilmiş döş əti 4 manat 85 qəpiyə satılırdı. Kərə yağlarının qiymətində də növündən asılı olaraq 30-40 qəpik arasında bahalaşma vardı. Qəndlərin və şəkər tozlarının qiymətində 5-10 qəpik bahalaşma müşahidə etdik. Çayların qiymətinə gəlincə isə “Çempion” çayı 1 manat 19 qəpiyə, “Beta Tea” 1 manat 24 qəpiyə, “Berqa” 1 manat 19 qəpiyə, “Final” 1 manat 15 qəpiyə, “Azərçay” 99 qəpiyə satılırdı. Göründüyü kimi, çayların da qiymətində 5-10 qəpik arasında bahalaşma var. “Supersun” tomatı 1 manat 56 qəpik, “Bizim tarla” tomatı 1 manat 13 qəpik, badımcan kürüsü 2 manat 65 qəpik, yaşıl noxudlar isə 2 manat, 2 manat 68 qəpik arasında, duzlu xiyarlar 1 manat 65 qəpik və 4 manat 40 qəpik arasında satılırdı. İki litrlik “Final” qarğıdalı yağı 5 manat 5 qəpik, “Möcüzə” qarğıdalı yağı isə 3 manat 9 qəpiyə satılırdı. Bundan əlavə, makaron və vermeşillərin də qiymətində cüzi artım müşahidə etdik. Bahalaşma içkilər və sulardan da yan keçməyib. Belə ki, suların qiymətində 4-10 qəpik arasında bahalaşma vardı. Satıcılardan yerli məhsulların qiymətinin bir gün içərisində bu qədər bahalaşma səbəbini soruşduqda onlar “biz sadəcə olaraq satıcıyıq, səbəbləri bilmirik” deyə cavab verdilər: “Bircə onu deyə bilərəm ki, əhali nə almaq istəyirsə, bu bir-iki gün ərzində alsın. Bacardığı qədər ərzaq ehtiyatını görsün. Çünki qiymətlər bir-iki gündən sonra daha da bahalaşacaq”.
 
Alıcılar da bahalaşmanı qınayır və öz etirazlarını bildirirdilər. Alıcı Samirə Əliyeva bahalaşmadan çox qəzəbləndiyini deyirdi: “Camaatı düşünən yoxdur. Banka dollarla kredit borcu olanları düşünmələri bir yana, bir tərəfdən də qiymətləri artırırlar. Heç olmazsa, bayramdan sonra qiymətləri artırardılar. Camaat bayram keçirərdi”.
Elə satıcılar da yaranmış mövcud vəziyyətdən narazı idilər. Hamısı bir ağızdan “başımıza oyun açır bu dollar” deyirdi. Hətta market satıcıları arasında işini itirmək qorxusu yaşayanlar da vardı. Satıcı Əhməd Qurbanov deyir ki, əgər dollar bahalaşıbsa, onları da işdən çıxaracaqlar: “Çox güman ki, müdir bir neçə işçini ixtisara salacaq. Bir neçə gün əvvəldən də deyirdi ki, dollar bahalaşsa, mağazamıza təsir edəcək. Məcburam ki, hər 5 işçidən ikisini çıxardım”.
Bazarda da hər kəs bir ağızdan dolların qalxması mövzusunu danışırdı. Bazarlarda qiymət artımı olsa da, satıcılar bunu dolların qalxması ilə əlaqələndirmirdi. Qiymətlərə gəlincə isə bir həftə əvvələ qədər 14, 16, 18 manata satılan qoz ləpələrinin indi ən ucuzu 16 manata, ən bahalısı isə 22 manata satılırdı. Bir neçə gün əvvələ qədər 1 manat 50 qəpiyə, 2 manata satılan pomidorun qiyməti  2-3 manat arasında satılırdı. 5 dənəsi 1 manata satılan bibər indi 4-ü 1 manata, xiyar 2 manata, göyərtinin bir dənəsi isə 20 qəpiyə satılırdı.
Dolmalıq balaca badımcanlar 3 manata, nisbətən böyükləri isə 2 manata satılırdı. Kartof 60 qəpik-1 manat arası idi. Pomidor satışı ilə məşğul olan Azər Quliyev qiymət artımının dollarla əlaqəli olmadığını dedi: “Demək olar ki, aldığımız qiymətə satırıq. Məsələn, pomidor yoxdur deyə baha alırıq. Pomidoru Rusiya bir tərəfdən daşıyır, restoranlar da bir tərəfdən. Pomidor təkcə Bakıdadır, o da azdır”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın