Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Dollar kreditləri ilə bağlı yeni təkliflər

Dollar kreditləri ilə bağlı yeni təkliflər

Ekspertlər bildirirlər ki, dolların bahalaşmasından yaranan fərqi dövlət və Mərkəzi Bank üzərinə götürməlidir
İkinci devalvasiyadan sonra dollarla olan kreditlərin məsələsi yenidən gündəmə gəlsə də, həllini tapmadı. Ekspertlər dolların bahalaşmasının ağırlığını əhalinin üzərindən götürmək üçün təkliflər versələr də, banklar dirəniş göstərirlər.

Deputat Əli Məsimli isə maraqlı təklif verib. O bildirib ki, dolların bahalaşmasından yaranan fərq dörd tərəf: dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında bölüşdürülməlidir.

Ə.Məsimli moderator.az-a dollarla kredit götürənlərin devalvasiyadan sonra düşdükləri çətin durumda hökumətin edə biləcəyi güzəştlərdən danışıb: “Mən Milli Məclisdəki çıxışımda da dedim ki, 50 faizə yaxın bir səviyyədə devalvasiya olubsa, bunun bütün ağırlığını əhalinin üstünə atmaq ciddi fəsadlara yol açar. Çünki 21 dekabr devalvasiyası sonuncu devalvasiya deyil və neftin qiyməti 100 dollardan yuxarı olanda biz güclü manatdan danışırdıqsa, neftin qiymtinin 40 dolların altına endiyi hazırkı mərhələdə artıq zəif manata adaptasiya haqqında düşünməliyik. 21 dekabr devalvasiyasından sonra dollarla borcu olanların əlavə ödəməli hissələr milyard dollarlarla ölçülür. Bu isə əksər borc götürənlərin maliyyə imkanları xaricindədir. Manatın zəifləməsi prosesi hələ bir müddət davam edəcəyindən, banka dollarla borcu olanların vəziyyətini yüngülləşdirməkdən və bundan sonrakı proseslərin də ağırlıqlarını qarşılamaqdan ötrü, bir dəfəyə hesablanmış yox, çox dəfəyə hesablanmış işlək bir mexanizm yaradılmalıdır. Məsələn, devalvasiyadan doğan həmin ağırlığın ”dördbucaq” sistemi üzrə, yəni “dövlət- Mərkəzi Bank- kommersiya bankları- əhali” arasında ədalətlə bölüşdürülməsi ideyasını irəli sürdüm. Bu zaman dollarla olan borcların xüsusiyyətindən asılı olaraq müxtəlif variantlar tətbiq etmək olar, məsələn, 5 min manata qədər və ya xüsusi hesablamalardan sonra imkan varsa, 10 min manata qədər borcu olanların borclarını 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə, yəni 1,05 manatla ödənilməsi, manatın dollara olan 21 dekabr məzənnəsini (1,55) əsas kimi götürüb, “dondurmaqla” borcların qaytarılmasına bir neçə illik möhlət verilməsi, borcun bir müddət yalnız faizlər səviyyəsində qaytarılması, faiz dərəcələrinin aşağı salınması və sair bu kimi üsullardan istifadə etmək olar”.

Əli Məsimlinin sözlərinə görə, vətəndaşın mebel, soyuducu, paltaryuyan maşın və sair almaqdan ötrü aldığı istehlak kreditlərini dollarla hesablamaq isə absurd olduğundan bu məsələyə xüsusi yanaşmaq lazımdır: “Bir də araşdırma aparmaq lazımdır. Fürsətdən və əhalinin iqtisadi biliklərinin azlığından istifadə edərək hansı borclar bank tərəfindən dollarla təkrar hesablanmaya məruz qalıbsa, həmin borcluların haqlı tələblərini yerinə yetirmək lazımdır”.

Ekspert Vüqar Bayramov isə məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, ikinci devalvasiya fərqinin dövlət tərəfindən kompensasiya edilməsi daha məqsədəuyğundur: “Məsələn, Qazaxıstanda olduğu kimi, dövlətin bu fərqi kompensasiya etməsinin tərəfdarıyam. Çünki fərq var və böyükdür. Söhbət 50 faizlik fərqdən gedir. Məsələn, fevral ayının əvvəlində on min dollar kredit götürən vətəndaşın krediti manat istifadəsində 7-8 min manat idisə, hazırda 16 min manatdan çoxdur. İki dəfədən çox artım var. Vətəndaşın əmək haqqı manat olduğuna görə yalnız əsas məbləğdə artım var. Faizləri nəzərə alsaq, artım daha çoxdur. Dollarla kredit götürən vətəndaş ödənişdə çətinliklərlə üzləşəcək. Əmək haqqı son bir ildə iki dəfə artmayıb. Ona görə biz kompensasiyanın tərəfdarıyıq. Devalvasiyanın fəsadını dövlət üzərinə götürməlidir. Əgər birinci devalvasiyanı hökumətin müdaxiləsi olmadan banklar və kredit götürənlər aradan qaldırmağa çalışdısa, daha məqsədəuyğundur ki, ikinci devalvasiyanın nəticələrini dövlət aradan qaldırsın. Çünki hazırda kredit portfeli 18 milyard manatdır, 7 milyard dollar krediti var. Bu isə o deməkdir ki, hökumətin 3,5 milyarda ehtiyacı var ki, kompensasiyanı ödəsin. Kompensasiyanın ödənilməsi prosesi mərhələli olacaq. Bunu mərhələli həyata keçirməklə maliyyə yükünü bölüşmək mümkündür”.

Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, Ə.Məsimlinin dediyi kimi, devalvasiya nəticəsində yaranan ağırlığı “dövlət- Mərkəzi Bank- kommersiya bankları- əhali” arasında bölüşdürmək olar: “Dövlət- Mərkəzi Bank- banklar- biznes şərti ilə bölüşdürmə ola bilər. Sahibkarları da nəzərə almaq lazımdır. Bizdə çoxu fikirləşir ki, dollar kreditlərinin çoxu əhalidədir. Xeyr, əhalidə deyil, sahibkarlardadır. Ona görə təklif edərdim ki, bu məsələdə dövlətin, bankların, biznesmenlərin, Mərkəzi Bankın məsuliyyəti olsun. Hətta Mərkəzi Bankda qərarlar vermiş və vəziyyəti bu həddə çatdırmış şəxslərin də məsuliyyəti olsun və onların var-dövlətindən vəsait alınsın. Kommersiya banklarının sahibləri də bu məsələyə ortaq olsun. Çünki aydın məsələdir ki, son 10-15 il ərzindəki Azərbaycandakı kredit bumundan o bank sahibləri əhalidən xeyli vəsait əldə ediblər. Onları da bu işə cəlb etmək lazımdır. Çünki bankların səhv qərarlar verməyində onların da rolu olub”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın