Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / Doğum günündə Elçibəylə bağlı verilən 630 nömrəli qərar

Doğum günündə Elçibəylə bağlı verilən 630 nömrəli qərar

İyunun 24-də 1993-cü ildə Əbülfəz Elçibəyin prezident səlahiyyətlərinin alınması barədə Milli Məclisin qərar qəbul etməsindən 27 il keçdi.  4 iyun qiyamından 20 gün sonra-24 iyunda Milli Məclisdə Əbülfəz Elçibəyin prezident səlahiyyətlərinin alınması barədə 630 nömrəli qərar qəbul edilib. Qərar layihəsini o dövrün əsas müxalifət partiyası AMİP-in funksioneri, hüquqşünas Fuad Ağayev hazırlamış, AMİP sədri Etibar Məmmədov isə layihəni müzakirə və qəbul olunmaq üçün  Milli Məclisin iclasına təqdim eləmişdi. Məlum qərarın hazırlanması, onun parlamentə çıxarılması təşəbbüskarları haqqında hər il müzakirələr açılır, qarşılıqlı polemikalar gedir.

Ə.Elçibəyin postundan uzaqlaşdırılmasının hüquqi mexanizmlərini özündə cəmləşdirən, vəkil Fuad Ağayevin müəllifi olduğu qərar layihəsi iki günlük müzakirələrdən sonra səs çoxluğu ilə qəbul olunmuşdu. Qanun layihəsini hazırlayanlar və qəbul edənlər bunu Əbülfəz Elçibəyin Naxçıvanın Kələki kəndinə getməsi, gedərkən səlahiyyətlərinin icrasının heç kimə həvalə olunmaması, ölkənin sözügedən kənddən idarə olunmasının mümkünsüzlüyü və Elçibəyin vəzifəsinin icrası üçün geri dönməməsi ilə əsaslandırmışdılar.

Milli Məclisin qəbul etdiyi 630 nömrəli həmin qərar Əbülfəz Elçibəyin və beləliklə, faktiki olaraq Xalq Cəbhəsinin hakimiyyətinə rəsmən son vermiş oldu. Vəkil Fuad Ağayev isə dəfələrlə bu məsələ barədə “Yeni Müsavat”a açıqlamalarında bəyan edib ki, həmin qərarın müəllifi olduğuna görə “qətiyyən” peşman deyil: “Bu qərar o zamankı siyasi zərurətdən irəli gəlirdi və o zaman qüvvədə olan konstitusiyaya tam uyğun tərtib olunmuşdu. Kim necə hesab edir, öz işidir. Həm hüquqşünas, həm siyasətçi kimi hesab edirəm ki, bu, tam düzgün qərar idi. Layihənin üç müəllifindən biri mənəm. Məndən başqa iki nəfər də olub, özü də hüquqşünaslar. Yəni bu qərarı diletantlar hazırlamayıb. Ancaq özləri demək istəmədiklərinə görə mən də adlarını açıqlamıram. Sadəcə, onlardan biri peşəkar hüquqşünasdır, indi də bu hakimiyyətlə işləyir.  Qərar layihəsi deputatlara paylanmışdı.  Bu qərarın Elçibəyin ad gününə təsadüf etməsinə gəldikdə, bu təsadüf idi. Azərbaycan o zaman elə vəziyyətdə idi ki, heç kəsin ad günü yada düşmürdü”.

Fuad Ağayev özünə təxribatlar olacağını istisna etmir - Meydan.TV

Elçibəy hakimiyyətində yüksək vəzifələr tutmuş şəxslər isə hər dəfə bəyan edirlər ki, bu hadisə siyasi və hərbi müxalifətin həyata keçirdiyi dövlət çevrilişinin daha bir mərhələsi olub. Əbülfəz Elçibəyin prezident  səlahiyyətlərinin alınması konstitusiyanın pozulması olub. Çünki xalq tərəfindən seçilmiş prezidentin səlahiyyətlərinin Milli Məclisin üzvü olan 20-30 nəfər tərəfindən alınması məntiqə və qanunlara zidd idi. Qanunlara zidd olan layihəni isə AMİP hazırlamışdı.

Beləliklə, hər il bu tarixdə AMİP ittiham edilir. AMİP-in funksionerlərindən olan hüquqşünas Fuad Ağayevin həmin qanun layihəsini hazırlamasını, bu partiyanın sədri Etibar Məmmədovun layihəni Milli Məclisə təqdim etməsini əsas götürüb AMİP-i  konstitusiyanı pozmaqda  ittiham edirlər.

Müxalifət dairələrdə bir-birinə rəqib olur, həm də güzəştsiz

AMİP katibi  Əli Orucov isə bildirdi ki, 1993-cü il hadisələrinə hərə öz maraqları prizmasından baxdığından indiyədək bunun obyektiv izahı itirilir. Amma buna baxmayaraq son illər həmin dövrdə müxtəlif yüksək vəzifə daşıyan şəxslər bəzi məsələləri etiraf etməkdədirlər. Bu bir həqiqətdir ki, AXC iqtidarının süquta uğramasının günahkarı məhz elə özlərinin yarıtmazlığı, özbaşınalıqları, qorxaqlıqları və buraxdıqları ciddi səhvlər olub: “Səhvləri etiraf edib xalqdan üzr istəmək əvəzinə kənarda günahkar axtarışına çıxmaq tamamilə yanlış yoldur. O vaxt Əbülfəz Elçibəy ona etimad edilən prezidentlik postunu heç kəsə demədən qoyub gecə ikən Kələkiyə getmişdi. Müharibə aparan bir dövlət faktiki başsız qalmışdı. Digər strukturların və dövlət orqanlarının da fəaliyyəti iflic olmuşdu. Dəfələrlə prezidentə qayıdaraq öz vəzifəsinin icrası istənilsə də o, bundan imtina etmişdi. Konstitusiyaya görə də əgər prezident hansısa səbəbdən öz vəzifəsini icra edə bilmirsə, ona qarşı impiçment tətbiq edilir. Bu, konstitusion normadır və indi də ana yasamızda öz əksini tapıb. Milli Məclisdə siz dediyiniz həmin qanun layihəsinin bir bəndində göstərilirdi ki, prezident Bakıya qayıdıb öz vəzifəsini icra edə bilər. Lakin Əbülfəz bəy Bakıya qayıtmaqdan imtina etdi. AMİP tam dövlətçilik və milli maraqlardan çıxış etdi. Çünki dövləti bir an da olsa başsız qoymaq olmazdı və bu xüsusən də müharibə, eyni zamanda ciddi böhran vəziyyətində böyük təhlükə yaradırdı. Təəssüf ki, hələ də AXC iqtidarının bəzi funksionerləri dövlət və dövlətçilik anlayışını tam qavraya bilmirlər. AMİP-in atdığı o zamankı addım doğru addım idi. Hadisələrin sonrakı axarı da bunu bir daha sübut etdi”.

Həmçinin oxuyun

Ermənistan bu yaşlı əsirlərə də sahib çıxmır (FOTO)

Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Əsir …