Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Doğma yurdları işğaldan azad olunan tanınmışlar danışdı

Doğma yurdları işğaldan azad olunan tanınmışlar danışdı

27 sentyabrdan başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks hücum əməliyyatları nəticəsində bir sıra kəndlərimiz işğaldan azad edilib. Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyatlar nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Həmçinin ordumuz tərəfindən Murov yüksəkliyi fəth olunub.

Əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olan, hazırda Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu qələbə sevincini “Yeni Müsavat”a bölüşüb:

“İnşallah, Azərbaycan Ordusunun bu zəfər yürüşü bütün işğalda olan torpaqlarımızın azad etməsi ilə yekunlaşar. Allah ordumuzu, dövlətimizi, xalqımızı var etsin.

Doğma kəndimizin işğaldan azad olunması xəbərini eşidəndə sevinc qəhəri məni boğurdu.

Tezliklə diaspor təşkilatımızın toplantısı olacaq. Türkiyə səfirliyinə də gedib birlik, həmrəylik dəstəyimizi, təşəkkürümüzü bildirəcəyik. Türkiyə dövləti bu cür çətin günlərdə həm siyasi, həm əsgəri anlamında yanımızda oldu”.

Anar Natiqoğlu bildirib ki, Ukraynada yaşayan soydaşlarımız arasında böyük ruh yüksəkliyi var:

Anar Natiqoğlu Diaspor TV-yə müsahibə verib - YouTube

“Hər kəs ayaqdadır. Hər kəs Azərbaycanın ümumi səfərbərliyində, mücadiləsində iştirak etməyə, canından belə keçməyə hazırdır”.

Ermənistanın işğalından azad etdiyimiz kəndlərdən biri də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndidir. Bu kənddə anadan olan, 27 ildir yurd həsrəti ilə yaşayan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da öz sevincini “Yeni Müsavat”la bölüşüb. O bildirib ki, sevincinin həddi-hüdudu yoxdur: “Sentyabrın 27-də səhər saat 10-a 5 dəqiqə qalmış artıq məlumat aldıq ki, bizim kəndimiz qəhrəman ordumuz tərəfindən düşmən işğalından azad edilib. Gün ərzində yüzlərlə zənglər olub, çoxsaylı təbriklər var. Yəqin ki, uyğun bir zamanda Füzuliyə gedib, doğma yurdu ziyarət edəcəyəm”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu - YouTube

U.Rəhimoğlu bildirib ki, hazırda cəbhə bölgəsindədir: “Ən başlıcası budur ki, insanlarımızda böyük ruh yüksəkliyi var. Yolboyu gözəl anları müşahidə etdim, qələbə xəbərləri gəldikcə, sanki insanlarımız bir az da doğmalaşıb, bir-birinə həssas olub. Hər kəs sevincini bir-biri ilə bölüşmək istəyir. İllərlə həsrətində olduğumuz bir gün yetişib. Aşağı Əbdürrəhmanlının azad olunması ilə yanaşı, biz istəyirik ki, Azərbaycanın işğal altında olan hər bir bucağı, hər qarış torpağı öz azadlığına qovuşsun. Allah əsgər və zabitlərimizin üzərində yar olsun. Biz inanırıq ki, qüdrətli ordumuz dostlarımızın, qardaşlarımızın dəstəyi, köməyi ilə illərlə üzləşdiyimiz bu böyük bəladan bizi xilas edəcək, inşallah!”

Qeyd edək ki, U.Rəhimoğlu 4 il öncə, 2016-cı ilin dekabrında dünyasını dəyişən mərhum atasının vəsiyyətinə uyğun olaraq, onu məhz Aşağı Əbdürrəhmanlı kəndinin ordumuzun nəzarətində olan qəbiristanlığında dəfn etmişdi. Məlumat üçün bildirək ki, kənd Füzuli şəhərinin 16-17 kilometrliyində yerləşir.

U.Rəhimoğlu bildirdi ki, atasının və özünün torpaqların azad olunacağına daim inamı olub: “2016-cı ilin dekabrında, axşam saat 8-də biz telefon işıqlarının altında, əsgərlərimizin dəstəyi ilə atamı erməni snayperlərinin 150 metrliyində dəfn etmişdik. Atam torpaqların azadlığını gözləyə-gözləyə dünyasını dəyişdi və son nəfəsində də dedi ki, məni orada dəfn edin. Həmişə də bilirdi ki, o torpaqlar azad olunacaq, bu məsələ ilə bağlı həmişə nikbinliyi var idi. O nikbinliyi övladlarına da keçirmişdi. Biz bilirdik ki, bir gün torpaqlarımıza qayıdacağıq”.

Bəs tanınmışlardan kimlər işğaldan azad olunacaq doğma torpaqlarına köçməyi düşünür?

Ələsgər Süleymanov ile ilgili görsel sonucu

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanlı qeyd edib ki, Bakıda anadan olsa da, əslən Ağdamın Xıdırlı kəndindəndir: “Hazırda həmin bölgədə qızğın döyüşlər gedir. Böyük inam və ümidlə bütün işğal olunan torpaqların, o cümlədən Xıdırlı kəndinin  azad olunacağını gözləyirəm.

Əgər doğma kəndimiz azad olunarsa, mən də böyük sevinclə o torpaqlara köçüb, orada qalıb yaşayar, quruculuq işlərində çalışardım”.

Məmur, deputat yanlış danışır, təqsir mediada görülür - PROBLEM - modern.az

Musavat.com saytının baş redaktoru Xalid Kazımlı isə qeyd edib ki, 27 ildir ki, doğma yurd həsrəti ilə bağrı təşnə  olan şəxslər ata yurdları azad olunduqdan sonra o torpaqlara geri dönəcək, doğulduqları evlərin xarabalıqlarına baxacaq, kövrələcəklər:

“O məkanlarda yaşayış bərpa olunandan sonra qayıdıb öz kənd-kəsəyində yaşayanlar da çox olacaq. Amma fakt bundan ibarətdir ki, hələ kəndimiz özümüzdə olanda belə, orta məktəbi bitirən, Bakıda, başqa şəhərlərdə ali məktəblərə daxil olan, yaxud hərbi xidmətə gedən gənclərin yarıdan çoxu sonradan kəndə qayıtmırdılar, başqa şəhərlərdə ev-eşik qurur, iş-güc sahibi olurdular. Yenə də elə olacaq, qayıdıb doğma kəndində yaşayanlarla yanaşı, qayıtmayanlar da olacaq. Hətta kənddə yaşayan yeniyetmələrin də bir qismi sonradan yaşayış yerlərini dəyişəcəklər. Bu, urbanizasiya qanunudur. Ona qalsa, cəbhə rayonu olmayan rayonlarımızın da əksəriyyətinin əhalisinin tən yarısı Bakıdadır və hamısı özünə pis-yaxşı güzəran qurub, geri qayıtmaq niyyətləri də yoxdur”.

Oxucularının yarıdan çoxu məmurlar olan 20 yaşlı qəzet - modern.az

Əslən kəlbəcərli olan “Yeni Müsavat” qəzetinin siyasi yazarı Etibar Seyidağa sualımızı bu cür cavablandırdı:

“Uzun illərdir ki, doğulub boya-başa çatdığım, 16 il yaşadığım Kəlbəcər işğal altındadır. Sentyabrın 27-dən Azərbaycan Ordusunun Ermənistanın hücumunun qarşısını alması, əks hücuma keçməsi, nəticədə Kəlbəcər rayonunun ən yüksək zirvəsi sayılan Murov zirvəsini fəth etməsi, düşmən qarşısında göstərdiyi döyüş əzmi şəxsən məndə və ailəmdə böyük sevinc, ümid yaradıb ki, nəhayət ki, Kəlbəcərimizə qovuşacağıq. Həmin bölgəyə yaxından bələd olmayanlar bəlkə də Murov zirvəsinin necə  güclü strateji əhəmiyyət daşıdığının fərqində deyil.

Murdov yüksəkliyini azad etmək bəlkə də bir neçə rayonu bütövlükdə azad etmək qədər əhəmiyyətlidir. Çünki Murov yüksəkliyini azad etməklə Kəlbəcərin bütün ərazisinə nəzarət etmək imkanımız yaranır. Yəni istənilən vaxt düşmənə oradan sarsıdıcı  zərbələr endirə bilərik.

Bununla həm də Gəncə və Gəncə ətrafı rayonlar da təhlükədən azad olunmuş sayılır. Bildiyiniz kimi, ermənilər daim Gəncəni Murov yüksəkliyindən vurmaqla hədələyirdilər. Azərbaycan Ordusu ötən gün Gəncəni də təhlükədən xilas etmiş oldu. Deyə bilərik ki, Azərbaycan Ordusu Kəlbəcərin qapısını açdı, inşallah, o qapıdan torpaqlarımıza daxil olacağıq. Eyni zamanda Gəncəyə də  ermənilərin qapısını bağladı.

Bu məsələdə Ali Baş Komandanımızı dəstəkləyirik. Onun bütün əmrlərini qeyri-şərtsiz yerinə yetirməyə hazırıq. Mənim 3 övladım olmasına baxmayaraq, Kəlbəcər və digər rayonlarımız uğrunda döyüşməyə hazıram.

Ən böyük arzum budur ki, kəndimizə birinci daxil olanlardan biri də mən olum. İnşallah, Kəlbəcəri və digər işğalda olan rayonlarımızı azad edəcəyik.

Hər zaman övladlarımız bu barədə söz düşəndə bildirirəm ki, biz Kəlbəcərsiz yarımcanıq. Ən böyük arzumuz Kəlbəcərdə yaşamaqdır.

Kəlbəcərdə evimizin qarşısından keçən çayın kənarı pikənək idik. Dünən 1-ci sinifdə təhsil alan oğluma bildirdim ki, ən böyük arzum budur ki, uşaq vaxtı oynadığım pikənəkdə indi də sənin oynamağını görüm. İnşallah ki, hər birimiz o torpaqları görəcəyik, övladlarımızı orada böyütmək bizə qismət olacaq”.

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …