Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / “Diplomatiya sahəsində həmin kadrların iş başına gətirilməsinə ciddi ehtiyac var”

“Diplomatiya sahəsində həmin kadrların iş başına gətirilməsinə ciddi ehtiyac var”

“Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur”.

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Ölkə başçısının sözlərinə görə, bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi:“Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur”.

Belə görünür ki, Azərbaycanın diplomatik korpusunda geniş kadr dəyişiklikləri gözlənilir və buna ciddi ehtiyac var. Ən azı ona görə ki, hətta Prezidentin göstərdiyi siyasəti də icra etməyiblər.

O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?

Məsələyə münasibət bildirən AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin sözlərinə görə, diplomatik korpusun yenilənməsinə ehtiyac var: “Sözügedən tədbirdə ölkə Prezidenti iyulun 12-də Ermənistan hərbi birləşmələrinin Tovuz rayonu istiqamətində yerləşən mövqelərimizi ələ keçirmək məqsədilə növbəti təxribat xarakterli hücumu ilə əlaqədar mövcud durumu da geniş təhlil etdi. Preident belə mühüm zamanda önəmli rol oynamalı olan diplomatiyamızın, təəssüf ki, üzərinə düşən vəzifələri və verilən tapşırıqları layiqincə yerinə yetirməməsini xüsusi olaraq vurğuladı. Təsəvvür edin ki, bütün ölkə ictimaiyyətinin ayaqda olduğu belə həssas bir məqamda, ölkə Prezidenti  başda olmaqla, bütün dövlət qurumlarının rəhbərləri işinin başında olduğu halda, xarici işlər naziri hətta öz iş yerinə gəlməyi belə özünə rəva bilmir. Guya prosesi evdən idarə etdiyini bildirir. Halbuki, ölkəyə faktiki olaraq hərbi təcavüz edildiyi bir zamanda xarici siyasət idarəsi həmişəkindən dəfələrlə artıq güclə saat mexanizmi kimi işləməli, düşmən qüvvələr tərəfindən Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməli, ölkəmizin haqlı mövqeyini bütün beynəlxalq təşkilatlara, diplomatık qurumlara çatdırmalıdır”.

A.Əlizadənin fikrincə, belə bir məqamda bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır: “Passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Ancaq əfsuslar olsun ki, dövlət başçısının da vurğuladığı kimi, son vaxtlar bizim diplomatiyamız ölkə reallığı ilə uzlaşmır. AMİP olaraq biz də dəfələrlə bu məsələyə diqqəti cəlb eləməyə çalışmışıq. Mən son illər ərzində dəfələrlə XİN başçısı E. Məmmədyarovun tutduğu vəzifəyə adekvat olmadığını, millilikdən tamamilə uzaq, üzərinə düşən vəzifələri olduqca yarıtmaz formada icra edən, daha çox kənardakı ağalarının verdiyi tapşırıqları canla-başla yerinə yetirən, özü kimi yarıtmaz və bu ölkəyə başucalığı gətirməyən şəxsləri görəvləndirən biri olduğunu mətbuat vasitəsilə ictimailəşdirmişəm. Bir müddət əvvəl DTX tərəfindən XİN-də aparılan əməliyyat, həbslər və ilkin olaraq açıqlanan faktlar da dediklərimizi bir daha sübut etdi. Mən o zaman da mətbuat vasitəsilə müraciət edərək demişdim ki, bu adam bütün olanlardan sonra yenə də vəzifəsindən əl çəkmək istəmir, xaricdəki ağalarının növbəti dəfə ona dəstək verəcəklərini gözləyir. Ona görə də bu adamın dərhal vəzifəsindən kənarlaşdırılmasını, xüsusi nəzarət altında saxlanmasının və ölkədən çıxışına qadağa qoyulmasının vacibliyini diqqətə çatdırdım. Mən bu gün də həmin fikirdəyəm. Ümid edirəm ki, bu adamın ölkə xaricindəki uzantıları da diqqətlə araşdırılacaq. Hətta onu da deyim ki, erməni təcavüzkarlarının Tovuz istiqamətindəki son təxribatı ilə E.Məmmədyarovun vəzifədə saxlanması arasında hər hansı bir əlaqənin ola biləcəyini də istisna etmirəm. Əminəm ki, bütün bu baş verənlərdən sonra Prezident Xarici İşlər Nazirliyində ciddi struktur və kadr dəyişiklikləri edəcək. Azərbaycanda bu illər ərzində, digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də öz işini bilən, bütün varlığı ilə ölkəsinə bağlı olan milli kadrlar yetişib və bu gün həmin kadrların müəyyənləşdirilərək iş başına gətirilməsinə ciddi ehtiyac var”.

Bu sahə strateji əhəmiyyət kəsb etdiyi üçün peşəkar və işini bilən diplomatlara xüsusi önəm verilməlidir. (“Bakı-Xəbər”)

Həmçinin oxuyun

“Paşinyan sərxoş halda əmr verirdi ki, Lələtəpəni alın, sizə general adları verəcəm…”

“Ermənistanda qaçan ordunun komandirlərinə qəhrəman, general adları verilirdi…” Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə,  …