Ana səhifə / Siyasət / Dil biməyən deputatlar və ya yeni parlament haqqında səsli düşüncələr

Dil biməyən deputatlar və ya yeni parlament haqqında səsli düşüncələr

Lap çoxdanın söhbətidir. Bir dəfə hansısa səfirliyin tədbirində iştirak edirdim. Ziyafət idi. Deputatlardan biri ilə söhbət edirdik. Adam bir Avropa ölkəsinə səfərindən ağız dolusu danışırdı. Lap elə görməmiş kimi. Mənsə təmkinlə, bir də içimdə saxladığım təəccüblə ona qulaq asırdım. Və düşünürdüm.

Düşünürdüm ki, ilk xarici səfərini məhz deputat olduqdan sonra edən bu adam ölkəmə nə verə bilər? Həm də bilirdim ki, bu adam Allahın rus dilini bilmir. Azərbaycancasına söz ola bilməz, mükəmməldir. Amma heç bir xarici dil bilgisi yoxdur. Üstəlik, deputat olana qədər Azərbaycandan kənara bir dəfə də olsun çıxmamışdı bu adam.

Əslində, o dönəmdə də, indi də parlamentdə buna bənzər adamlar az deyil. Bundan itirənsə Azərbaycandır təbii. Çünki dil bilməyən, yeni texnologiyalarla işləməyi, beynəlxalq tribunalarda söz deməyi bacarmayan adamların parlamentdə kürsüləri məşğul etməsindən, təbii ki, ölkə heç nə qazanmayıb, qazana da bilməz.

Bu əhvalatı xatırlamağım təsadüf deyil. Artıq düz 2 aydan sonra daha bir seçkidir. Yenidən deputatlarımızı seçəcəyik. Heç olmasa bu dəfə yeni dövrə uyğun göstəriciləri olmayanlar parlamentə iddia etməsinlər gərək. Çünki Azərbaycanı qarşıda çox çətin bir dönəm gözləyir.

Qlobal iqtisadi böhran istənilən halda ölkəmizə də təsir edəcək, qaçılmazdır. Azərbaycanı məqsədli şəkildə hədəf seçən erməni lobbisi və onlara dəstək verən bəzi beynəlxalq təşkilatlar da kampaniyalarını davam etdirəcək. AŞPA, Avropa Parlamenti, ATƏT PA və bu kimi qurumların tribunalarından yenə də Azərbaycana hücum çağırışları səslənəcək, qətnamələr, bəyanatlar qəbul edilməsinə çalışılacaq. Bundan başqa beynəlxalq QHT-lər, eyni zamanda kampaniyaçı xarici media da əməllərindən qalan deyil. Ona görə də parlamentə iddia edənlər özlərində bütün bunların qarşısına çıxa biləcək gücü hiss etməlidirlər.

Artıq dükan-bazar işlədənlər, deputatı olduğu dairənin insanlarının belə tanımadığı, illərini susmaqla yola verənlər deputatlıq iddiasında olmamalıdır. Azərbaycana indiki dönəmdə dili-dilçəyi, təcrübəsi, cəsarəti, çevrəsi, çevikliyi olan yeni nəsil deputatlar lazımdır daha. Bu baxımdan seçici də seçim edərkən ciddi düşünməlidir. Seçiciyə namizəd təklif edən siyasi partiyalar da bu amilləri nəzərə almalıdır.

Bu günün deputatı bir neçə xarici dil bilməlidir. Sosial mediayla işləməyi, xarici ölkələrdə baş verən prosesləri də yaxından izləyib təhlil etməyi bacarmalıdır. Beynəlxalq platformalarda sadəcə quş qoymaq üçün iştirak edəcək adam olmamalıdır yeni deputat. Həm də öz təşəbbüsüylə Avropada, Amerikada yeni əlaqələr yaratmağı, onlardan Azərbaycanın faydası üçün istifadə etməyi bacarmalıdır.

Hazırda parlamentdə sadaladığım göstəricilərə uyğun bir neçə deputat var. İndi təsəvvür edək ki, 125 deputatın hamısı olmasa da, heç olmasa yarısı bu göstəricilərə uyğundur. Belə olarsa hər yerindən duran Azərbaycana bir daş atmağa cürət edərmi? Etməz əlbəttə. Ona görə də namizədləri irəli sürənlər də, namizədlik iddiasına düşənlər də bir daha düşünsünlər. Gec deyil zatən…

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın