Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Deputatları mandatdan məhrum edən qanun layihəsi kəskin etirazlar doğurdu

Deputatları mandatdan məhrum edən qanun layihəsi kəskin etirazlar doğurdu

“Milli Məclis deputatının etik davranış qaydaları haqqında”, “Milli Məclis deputatının statusu haqqında” qanunların müzakirəsi gərgin keçdi

Oktyabrın 30-da Milli Məclisin növbəti plenar iclası birinci vitse-spiker Ziyafət Əsgərovun sədrliyi ilə keçirildi.

Deputat Fazil Mustafa repressiya qurbanları ilə bağlı təklif səsləndirdi: “Azərbaycanda Stalin repressiyasının qurbanlarına ucaldılmış heç bir abidə yoxdur. Təklif edirəm ki, Sahil bağı ərazisində Stalin repressiyası qurbanlarının xatirəsinə abidə ucaldılsın.  Puta qəsəbəsində olan məzarlıqda hansı tanınmış şəxsiyyətimiz varsa, onların tanınması məsələsi dəqiqləşdirilsin və ictimaiyyətə məlumat verilsin”.

“Bu il Ermənistan Respublikası adlanan qədim Azərbaycan torpaqlarında yaşayan azərbaycanlıların sonuncu deportasiyasının 30 ili tamam olur. 250 minə yaxın soydaşımız Ermənistan hökumətinin dəstəyi ilə daşnaklar tərəfindən soyqırıma məruz qalıblar. 30 ildir ki, o torpaqlarda azan səsi, ”Allahu-Əkbər” nidası eşidilmir”. Bu fikirləri isə deputat Musa Quliyev söylədi.

Deputat Zahid Oruc dedi ki, Qarabağ məsələsi Rusiya, Fransa və ABŞ-ın mənafelərindən asılı duruma düşüb: “Təklif edirəm ki, danışıqlar Ermənistan-Azərbaycan rəhbərliyi arasında birbaşa keçirilsin. Bu kommunikasiyalar var. Bunun üçün danışıqlar komissiyası formalaşdırmaq olar ki, işin praktiki, texniki tərəflərini hazırlasın. Gələcəkdə bu görüşlərə Dağlıq Qarabağ icmalarının nümayəndələri də cəlb edilə bilər. Beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq və danışıqlar aparmaq mümkün olsun. Bunun nəticəsinə daha çox inamlı yanaşıram, nəinki ATƏT-in Minsk Qrupuna. Bu, bir qədər səs-küylü bəyanat ola bilər. Amma buna cəmiyyət, dövlət qərar verməlidir”.

Deputat Fərəc Quliyev də Ermənistandakı tarixi Azərbaycan ərazilərindən qaçqın düşən insanlarla bağlı təklif verdi:“Azərbaycan Qərbi Azərbaycandan qaçqın düşən insanların  sənədi toplamalı və siyasi məqsədlər üçün istifadə etməlidir. Yeri gələndə onların geri – Ermənistan ərazisinə qayıtması kimi istifadə edilməldiir. O baxımdan da qanunvericiliyə yeni maddə salınmalıdır. Belə bir hallar digər ölkə təcrübələrində də mövcud olub. Məsələn, Almaniya ikiyə bölünəndə qanunvericilikdə Şərqi Almaniyanın müvəqqəti ayrılması müddəası əksini tapmışdı. Buna uyğun müddəaının Ermənistan ərzisindən qovulan soydaşlarımız barəsində olması vacibdir. Belə bir müddəanın qanunvericiliyə salınmasını indi olmasa da, gələcəkdə düşünmək lazımdır”.

Deputat Fazil Mustafa “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanuna dəyişikliklər barədə çıxışı zamanı sənədsiz evlərlə bağlı problemi qaldırdı. Dedi ki, bələdiyyələr mənzil sahiblərindən əmlak vergisi tələb edirlər:“Mənzilin pulunu ödəmişəmsə, mənə mülkiyyət hüququ olan sənəd verilsin, mən də əmlak vergisi ödəyim. 500 mindən artıq özəlləşdirilməyən evlərlə bağlı da nəhayət, addım atmaq lazımdır. Artıq insanlar yaşayır, onları küçəyə tökə bilməyəcəksiniz ki. Neft kəmərinin üstündə, dəmir yoluna yaxın ərazidə deyilsə, o evlər də özəlləşdirilməlidir. Bunun əvəzində dövlət də əlavə vəsait əldə edə bilər”.

Deputat Zahid Oruc səfir Tamerlan Qarayevlə bağlı danışdı: “Bu yaxınlarda diqqətimi bir xəbər çəkdi. Sabiq deputatlardan biri debatda olduğu bir insana bəyan edir ki, 2003-cü ildə hadisələri necə baş verib və bunun üzərindən bildirir ki, Tamerlan Qarayev və bir neçə tanınmış şəxs onu yanına dəvət edib, İsa Qəmbərin prezident seçkilərində müdafiəsi ilə əlaqədar müəyyən xahişləri olub. Tamerlan Qarayev gələcəkdə onların xəyali hakimiyyətdə Konstitusiya Məhkəməsinin sədri olacaqmış. Bu informasiyanı izləyəndə, düşündüm ki, bu, sıradan bir bəyanatdırsa, həmin şəxs reaksiya verməlidir. Kiminsə özəl niyyəti varsa, siyasi partiya yaratmaq və başqa bir şəxsi müdafiə etmək, hazırkı hakimiyyətin mövqeyi ilə razılaşmamaqla, məsələn, sabiq səfir Arif Məmmədovun və ya başqasının yanında yer ala bilər. Bununla hakimiyyətin gücündə dəyişiklik ola bilməz. Məqsədim odur ki, Tamerlan Qarayev bu xəbərə reaksiyasını bildirsin”.

İclasda Azərbaycanın Ukraynadakı keçmiş və hazırkı səfirləri arasında media səviyyəsində davam edən polemikadan da danışıldı. Deputat Zahid Oruc indiki səfirlə sabiq səfir arasında mediada bir aydan artıq müddətdə gedən söz-söhbətdən narahat olduğunu söylədi. Dedi ki, iki diplomat Kiyevdəki səfirliyin binasının tikintisi zamanı yeyintiyə yol verilməsi ilə bağlı mübahisə edirlər: “Belə bir məsələ niyə medianın gündəminə çıxarılmalıdır? Bu, yolverilməz haldır və ölkənin imicinə zərbə vurur. Bu məsələni Ukraynada müzakirə etməkdənsə, burada müzakirə etsələr daha yaxşı olar”.

Deputat Qüdrət Həsənquliyev “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik barədə qanun layihəsindən danışarkən diqqəti mühüm bir məsələyə çəkdi. Qeyd edək ki, “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliyə görə, Qida Təhlükəsizliyi Agentliyinin topladığı rüsumların 50 faizi dövlət büdcəsinə keçiriləcək, 50 faizi isə agentliyin büdcəsində saxlanılacaq. Q.Həsənquliyev isə bunu düzgün saymadı. Bildirdi ki, biz vaxtilə yol polisi, Gömrük Komitəsi və Vergilər Nazirliyinin əməkdaşları ilə bağlı da analoji qaydaların tətbiqinə səs verdik: “Biz bununla sosial ədaləti pozmuşuq”.

Deputat Çingiz Qənizadə isə Qida Təhlükəsizliyi Agentliyinə hər cür dəstək verməyə çağırdı: “Dünənə qədər hamımız narahat idik ki, nəyə görə bazarlara nəzarət yoxdur. Bu, hamımızı narahat edirdi. Sağ olsun cənab prezident, belə bir qurum yaradaraq onlara geniş səlahiyyətlər verib ki, ölkədə qida təhlükəsizliyini təmin etsin. Amma hər birimiz bilirik ki, onların əməkhaqları azdır. Əgər biz onların maraqlarını təmin etməsək, qida təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan məqsədə nail ola bilməyəcəyik. Biz onlara yaşıl işıq yandırmalıyıq”. Deputat qeyd etdi ki, bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyinə, onun əməkdaşlarına qarşı iyrənc yolla pul qazanan mafiya başçıları qarayaxma kampaniyası aparır, onları gözdən salmağa çalışırlar. Qoyun agentliyin əməkdaşları istənilən mağazalara daxil olub orada vaxtı keçmiş məhsullar, zərərli qidalar və digərləri haqqında protokol tərtib etsinlər. Gəlin hamımız bu quruma dəstək olaq ki, bazarlarda yad məhsulların çıxarılmasına mane ola bilək”.

Deputat Musa Quliyev həmkarının fikirlərini dəstəklədi. Eyni zamanda deputat Qüdrət Həsənquliyevin çox dəyərli təklif irəli sürdüyünü də bildirdi. “Vaxtilə bu barədə Siyavuş Novruzov da təklif vermişdi. Hesab edirəm ki, Qüdrət müəllimin təklifi nəzərə alınmalıdır. Dövlət büdcəsindən maliyyələşən qurumlara pulu da dövlət verməlidir. Vətəndaş, dövlət qulluqçusu maaşını dövlətdən almalıdır. Deyirlər ki, əlavə imkanlar yaratmaqla onların əməyini stimullaşdırırıq. Nəyi stimullaşdırmalıyıq? Bu adamın vəzifə borcudur ki, getsin rüsum toplasın”.

Azərbaycandan kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi  – ekstradisiyası – ilə əlaqədar çəkilən xərcləri həmin şəxsin özünün ödəməsini nəzərdə tutan layihə də müzakirə olundu və qəbul edildi.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunların müzakirəsi etirazlarla müşayiət olundu.

Deputat Qüdrət Həsənquliyev deputatların qanunlara əlavələr etməklə bağlı səlahiyyətinin əlindən alınmasını düzgün saymadı: “Mən bunun normal izahını tapa bilmirəm və komitə iclasında da bununla bağlı sualıma cavab ala bilmədim. Necə ola bilər ki, deputatın mandatlı əlindən alınır, xalq buna mandat verib, amma onun iştirakına icazə verilmir? Biz gərək yazaq ki, deputat özü istəmədikdə mandatının ləğvi ilə bağlı müzakirələrdə iştirak etmir. Deputatın özünün iştirakı mütləq təmin olunmalıdır. Bəlkə iki nəfər həmin deputatı şərləyir. Ona xalq mandat verib və iştirakı mütləq təmin edilməlidir”.

Q.Həsənquliyev həmçinin dedi ki, İntizam komitəsinin üzvlərinin sayını 9-dan 13-dək artırmaq lazımdır: “Həm də İntizam komitəsinin rəyi ilə MSK-nın deputatı mandatdan məhrum etməsi düzgün deyil. Bunun üçün əvvəlcə İntizam komitəsinin rəyi parlamentdə müzakirə olunmalıdır”. Deputat digər məsələyə də toxundu: “Biz Cənubi Qafqazda tək dövlətik ki, parlamentdə fraksiya yoxdur. Fraksiya yaratmaq üçünsə 25 nəfər tələb olunur. Odur ki, biz gərək bu sayı 10 nəfərə endirək. Parlamentdə fraksiyanın olmaması bizim hamımızı narahat etməlidir”.

Deputat Musa Quliyev də qanundakı bəzi müddəalara qarşı çıxdı: “Mən elə bilirəm ki, bu dəyişiklikləri deputatlar yazmayıb, kimsə deputatlara qarşı yazıb. Bəzən deyirlər deputatlara hörmət edilmir. Elə hörmət edilməməsi buradan görünür. İntizam komitəsinin rəyi ilə 40 min seçicinin rəyi nəzərə alınmır. Belə çıxır ki, 9 nəfərə tapşırıq vermək daha asandır, nəinki 125 nəfərə. Yaxşı olar ki, bu layihə beynəlxalq ekspertizaya verilsin”.

YAP-çı deputat daha sonra bunları söylədi: “Layihədə yazılıb ki, deputat öz mandatından imtina edirsə və bu, stenoqrama düşübsə, onun sonradan mandatını geri qaytarması mümkün deyil. Adamdır, bəlkə əsəbiləşib, imtina edib. Dünyamı dağılır, olmazmı ona iki gün düşünmək üçün vaxt verək? Deputatlar var aylarla, illərlə Milli Məclisdə çıxış etmirlər, seçicini təmsil etmirlər. Ancaq biz ona heç nə demirik. Deputatın aylarla çıxış etməməsi, seçicini təmsil etməməsi pisdir, yoxsa bir ayda iki dəfə iclasda iştirak etməməsi? Biz deputatların statusunu artırmaq barədə düşünməliyik, nəinki onların fəaliyyətini məhdudlaşdırmaq barədə. Deputatı iki iclasa gəlmədiyinə görə mandatdan məhrum etmək doğru deyil”.

Deputat Fazil Mustafa parlament fraksiyası ilə bağlı təşəbbüsü dəstəklədi: “Burada fraksiya məsələsi həllini tapmalıdır. Onsuz da parlamentdə 10 nəfəri bir araya toplamaq mümkün deyil”. O dedi ki, formal da olsa, demokratik qaydalardan imtina etmək olduqca ziyanlıdır, gələcəkdə bunun fəsadı ilə üzləşəcəyik. F.Mustafa deputatın 55 manatdan yuxarı dəyəri olan hədiyyə qəbul etməyə qoyulan qadağa barədə də danışdı: “Deputat hansısa hədiyyəni aparata təhvil verirsə, deputat fəaliyyəti bitdikdən sonra o hədiyyəni orada saxlamağın nə mənası var? Qiymət məsələsinə, məncə, bir daha baxmaq lazımdır”.

F.Mustafa İntizam komitəsinin 9, yaxud 11 nəfərdən ibarət olmasını, tərkibin əsasən hüquqşünaslardan təşkil edilməsini və 5 illik seçilməsini təklif etdi. 

“Mən inanmıram ki, buradakı 119 deputatdan hansısa biri etik davranışı pozsun və məsələsi İntizam komitəsinə çıxarılsın. Bəlkə valideynlərini çağırıb danlayaq ki, iclasa niyə gəlməyib? Özümüzü lağ obyektinə çevirməyək”.

Bu fikirləri isə deputat Aqil Abbas söylədi. Qanunlara edilən dəyişikliklərdən bəhs edən deputat ardınca bildirdi: “30-40 min seçici bizi deputat seçib. İndi 9 nəfər deməlidir ki, Aqil Abbas, sənə yaxşı yol?! Qardaş, məni sən seçmişdin? Bu səlahiyyət seçicilərə verilməlidir. Deputatları bu dərəcədə aşağılamaq olmaz. Əli müəllimi (Əli Hüseynli-E.P) çox istəyirəm. Hələ bu günə qədər iclasa gecikməmişəm, söhbət məndən getmir. Amma Əli müəllim deyir ki, müzakirə etməyək. Bizi deputatlıqdan məhrum edirlər… 9 yox, lap 11 adam olsun. Yarıdan çoxu səs versə, deməli, mandatı ləğv olunacaq”. A.Abbas hədiyyə məsələsinə də toxundu: “Bütün dünyada 50 dollardan artıq hədiyyə alan həmin hədiyyəni parlamentə, muzeyə təqdim edir. Vallah, illərdir deputatam, heç kim hədiyyə verməyib. Tutaq ki, mən getmişəm Füzuliyə, dostum mənim üçün 150 manatlıq qoyun kəssə, onun 100 manatını gətirib İntizam komitəsinə verəcəyəm?”

Deputat Rasim Musabəyov da layihənin əleyhinə çıxdı: “Etik normaların pozulması hər halda cinayət törətmək demək deyil”. Deputatın mandatdan məhrum edilməsi qaydalarına münasibət bildirən R.Musabəyov bildirdi ki, son sözü parlament deməlidir: “İntizam komitəsinin işində qərəz görsək, bizim ixtiyarımız çatır ki, o komitəni buraxıb, yenidən tərkibi müəyyənləşdirək. İstənilən halda, deputatın mandatı ilə bağlı İntizam komitəsinin rəyi Milli Məclisdə müzakirə olunmalıdır”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə narahatlıqlarla bağlı fikirlərə reaksiyasında bunları bildirdi: “Tam əmin olun ki, bu dəyişikliklərin heç biri deputatların əleyhinə yönəlməyib. Səbəbini, Allah qoysa, ikinci oxunuşda deyəcəyik”.

Etirazlara baxmayaraq, qanun layihələri ilk oxunuşda qəbul edildi. Yekunda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Psixoloji yardım haqqında” qanun layihəsini müzakirəyə təqdim etdi və qəbul olundu.

Həmçinin oxuyun

Hikmət Hacıyevdən atəşkəslə bağlı daha bir açıqlama

Ermənistan baş naziri humanitar atəşkəs rejiminə riayət etmək barədə 08.00 radələrində Ermənistanın atəşkəsə riayət etməsi …