Şənbə , Yanvar 29 2022
Ana səhifə / Siyasət / Deputatlar Yeni ili harada, kimlərlə qarşılayacaqlar?

Deputatlar Yeni ili harada, kimlərlə qarşılayacaqlar?

Artıq Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə sayılı günlər qalıb. İnsanlar bayramla bağlı planlar qurmağa başlayıblar. Kimisi evdə, kimisi şəhərdə, kimisi isə rayon və ya xarici ölkələrdən birində keçirməyi düşünür.
Maraqlıdır, bəs deputatlarımız Yeni ili harada və kiminlə qarşılayacaq?
Bakupost.az bununla bağlı millət vəkilləri arasında sorğu aparıb:



Aqil Abbas Yeni ili Azərbaycanda, öz evində keçirəcəyini deyib:
“Fikrimcə, insan bayramlarda öz evində olmalıdır. Mən bütün bayramları evimdə, ailə üzvlərimlə birgə keçirirəm”.
Arzu Nağıyev bayramda ya Tovuzda, ya da Gədəbəydə olacaq:
“Əsas ənənəmiz bayramlarda Tovuzda valideynlərimizlə birlikdə olmaqdır. Yeni ili ya Tovuzda, ya da Gədəbəydə ailəvi bir tədbirlə keçirəcəyik. Hansısa xarici ölkəyə getmək fikrim yoxdur. Yeni ili Azərbaycanda ailə üzvlərim, yaxın qohumlarla bir yerdə qeyd edəcəyik. Tətil günlərində isə ola bilər ki, həm Gədəbəydə, həm də Tovuzda həssas təbəqədən olan seçicilərimlə görüşüm”.
Vüqar Bayramov Yeni illə bağlı xüsusi bir planının olmadığını deyib:
“Bayramqabağı deputat olduğum Füzuli rayonuna gedəcəyəm. Daha çox bayramları rayonda keçirməyə üstünlük verirəm. Xaricə getmək və ya xüsusi olaraq Yeni ili qeyd etmək hələ planlarıma daxil deyil. 2022-ci ili rayonda öz ailəmlə birlikdə qarşılayacağam. Yaxud görüşləri keçirib, Bakıya qayıtsam da yenə evdə olacağam”.

Ceyhun Məmmədov bildirib ki, işlərinin çox olduğuna görə ölkədə olacaq:
“Yeni ili ailəm və valideynlərimlə keçirəcəyəm. Tətil günlərindən istifadə edib, yarımçıq qalan işləri tamamlamağı planlaşdırıram. Hər kəsi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm”.
Cavid Osmanovun planı isə təmsil etdiyi Ağdaş rayonunda olmaqdır:
“Həmin müddətdə 15 günlük tətil var. Amma bütün bunlara baxmayaraq, tətil günlərində seçicilərimlə görüş keçirməyi düşünürəm. Ölkə daxilində olacağam. Kənar heç bir yerə getmək planımda yoxdur. 2022-ci ildə xalqımıza inkişaf, əmin-amanlıq, tərəqqi və sülh arzulayıram.
Əminəm ki, 2022-ci il ölkəmiz üçün daha böyük uğurlara imza atmaqla yadda qalacaq.”
Naqif Həmzəyev yeni ili Gəncədə qarşılayacaq:
“Həmişə olduğu kimi, bu dəfə də şəhid, qazi ailələrini ziyarət etmək, seçicilərimin problemini dinləmək, onların qaldırdığı məsələləri yerində müzakirə etməyi planlaşdırıram. Həmçinin, boş vaxtımda qohumları, böyükləri görmək, onlara da vaxt ayırmağı düşünürəm. Azərbaycan xalqını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Hər kəsi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə və 2022-ci ildə qayıdış proqramının uğurla icra olunması üçün səfərbər olmağa çağırıram”.

Vüqar İsgəndərov da öz rayonunda olacaq:
“Bayramlarımızı doğulduğum və seçildiyim Şəki şəhərində keçirəcəyəm. Ənənə halında ailəm və əzizlərimlə birgə olacağam”.

Azər Badamov isə 2022-ci ili Qusarda qarşılayacaq:
“Yeni ildə həm rayon camaatı ilə birlikdə olacağam, həm də istirahət edəcəyəm. Qeyd edim ki, Qusar rayonu xüsusilə qış istirahəti üçün ən gözəl yerdir. Şahdağda qış mövsümü başlayır. Kimin Yeni illə bağlı planı yoxdursa, Qusarda istirahət etmələrini tövsiyə edirəm”.
Məlahət İbrahimqızı da heç bir planının olmadığın qeyd edib:
“Pandemiya ilə bağlı harasa getmək narahatlıq yaradır. Artıq “Omikron” ştammı da bir çox ölkələrə yayılıb. Ona görə harasa getmək planımda yoxdur. İstənilən halda ailə üzvlərimlə birlikdə olacağam. Amma dəqiq bilmirəm, Bakıda, yoxsa rayondakı evimdə…”.
Digər bir xanım deputat Kamilə Əliyeva bayramları ailə üzvləri ilə birlikdə keçirəcəyini vurğulayıb:
“Yeni ili ailə üzvlərimlə qeyd edəcəyəm. Amma daha sonra seçicilərimlə görüşmək üçün Balakən və Zaqatalaya gedəcəyəm.
Heç vaxt Yeni ili Azərbaycandan kənarda, xarici ölkələrdə qeyd etməmişəm. İki ildir pandemiya olduğuna görə yalnız öz seçicilərimlə və ailə üzvlərimlə birlikdə olmuşam. Yoluxanların sayının azaldığını görüb arxayın olmamalıyıq. Karantin hələ də davam edir.
Tövsiyə edərdim ki, bayram ərəfəsində insanlar kütləvi toplaşmaqdan çəkinsinlər.
Başda cənab Prezident İlham Əliyev, Birinci-vitse prezidenti Mehriban Əliyeva olmaqla bütün Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Dünyamıza, ölkəmizə firavanlıq, sülh və əminamanlıq arzu edirəm”.

Həmçinin oxuyun

Azərbaycanda partiya rəhbəri YAP-ın rayon təşkilatının sədri oldu (FOTO)

Şamaxı rayon İcra Hakimiyyəti başçısının sabiq 1-ci müavini Qasım Qasımova vəzifə verilib.  Qaynarinfo-nun əldə etdiyi məlumata …