Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / Deputatla ustalar arasında borc qalmaqalı davam edir

Deputatla ustalar arasında borc qalmaqalı davam edir

Zülfüqar Əliyev: “Şikayətim “Yeni Müsavat”da dərc ediləndən sonra Mirzəcan Xəlilovun köməkçisi zəng etdi görüşdük, amma…”

Milli Məclisin deputatı, “Azərsutəchizattikinti” ASC-nin sədri Mirəzəcan Xəlilovla onun villasında işləyən bir qrup şəxs arasında borc problemi bitmək bilmir. Təxminən bir ay öncə redaksiyamıza müraciət edən briqadir Zülfüqar Əliyev noyabrın 13-də yenidən “Yeni Müsavat”ın redaksiyasına gəlib və yenə aldadıldıqlarını bildirib.  
Z.Əliyevin dediyinə görə, şikayəti “Yeni Müsavat”da dərc ediləndən sonra Mirzəcan Xəlilovun İlham adlı köməkçisi ona zəng edib, onunla birlikdə işləmiş adamları toplamasını və görüşmək təklifini verib:“Mənə dedi ki, toplaşın gəlin gələk söhbət edək. Oktyabrın 19-na vaxt təyin elədilər ki, görüşək. Mirzəcan müəllimin borcu olan ustaların hamısını topladıq. Novxanıda dənizin sahilində kafedə Mirzəcan müəllimin nümayəndələri ilə görüşdük. Onlar bizimlə Mirzəcan müəllimin göstərişi əsasında görüşdüklərini dedilər və borclu olduqları adamların adlarını, telefon nömrələrini yazıb götürdülər. Bizə dedilər ki, məhkəmə ekspertləri yaxın günlərdə gəlib sizin işlədiyiniz yerin ölçüsünü götürəcək, hesablama aparılacaq və Mirzəcan müəllimin nə qədər borclu qaldığı bəlli olandan sonra pulunuz dərhal veriləcək. Noyabrın 5-də Ağdam Rayon Məhkəməsindən bir ekspert Mirzəcan Xəlilovun bizim işlədiyimiz villasına gəldi. Mən də ora çağrılmışdım. İçəri girən kimi telefonlarımızı əlimizdən aldılar.  Ekspert məndən qiymət barədə heç nə soruşmadı. Sadəcə, ölçü-biçi apardı. Villanın həyətinin hasarının da daş üzlüklə üzlənməsini mən işləmişəm. Mənə olan borca həmin yerdə işlənən işin də daxil olduğunu dedim. Mən hasarın da ölçülməsini təklif edəndə dedilər ki, məhkəmə yalnız evin ölçülməsini tapşırıb. Mirzəcan müəllim özü də orada idi, mənə dedi ki, həyətin hasarını şəxsən özü ölçdürəcək və məbləği müəyyənləşdirib ödəyəcək”.
Z.Əliyevin dediyinə görə, M.Xəlilovla razılaşıb. İki gün sonra M.Xəlilovun köməkçisinə zəng edib deyib ki, gedək hasarı ölçək. Lakin bu dəfə başqa cavab alıb: “Dedi ki, Mirzəcan müəllimlə danışım, bir az sonra əlaqə saxla. Bir saat sonra zəng etdim, dedi ki, Mirzəcan müəllim bildirir ki, mənim ona verəcək borcum yoxdur, getsin versin məhkəməyə, məhkəmə gəlsin ölçsün, məhkəməsiz mən ona bir manat da pul verən deyiləm. Halbuki məhkəmə ekspertinə əslində o imkan verməmişdi ki, hasarı da ölçsün. İndi iş hələ də Ağdam Rayon Məhkəməsində baxılmamış qalır. Mən buradan dövlətin müvafiq orqanlarına müraciət edirəm ki, deputat Mirzəcan Xəlilovun bizə olan borcunu verməsi üçün lazım olan addımlar atılsın”.
Qeyd edək ki, Z.Əliyev 2013-cü ildə briqadiri olduğu 20 nəfərlik usta-fəhlə heyəti ilə Mirzəcan Xəlilovun Novxanıdakı villasında fasadın təbii daş örtüyü ilə üzlənməsi üçün işə başladıqlarını,  2014-cü ilin may ayına qədər işlərin 90 faizə yaxınının görüldüyünü, Mirzəcan Xəlilovun ona 55 min manat borcunu hələ də vermədiyini bildirmişdi. Z.Əliyev 2014-cü ilin mayında M.Xəlilovun onu yox etməklə hədələdiyini, eyni zamanda 2016-cı ilin mayında tutdurmaq üçün məhkəməyə də verdiyini demişdi.
Deputat Mirzəcan Xəlilov isə bu iddialarla bağlı açıqlamasında bildirmişdi ki, Zülfüqar Əliyev onun  haqqında  dediyi ittihamları sübut etməlidir, yoxsa o, cinayət məsuliyyətinə cəlb olunacaq:
“Axı nəyə görə 2013-cü ildə görülmüş iş haqqında indi məsələ qaldırırlar? Adama deyərlər ki, sən bu 3 ili harada yatmışdın? İndi Mirzəcan Xəlilov deputat olub deyə, Zülfüqar Əliyev də şantaj, şər-böhtan yolu ilə pul almaq istəyir”.

Həmçinin oxuyun

İqbal Ağazadə: “Siyavuş Novruzov tələbələrlə bağlı bu fikri bilərəkdən səsləndirib”

“İqtidarda hamı ağıllı danışsaydı, pisi kimin ayağına yazardılar? Bəzi adamlar ona görə belə danışırlar ki, …

Bir cavab yazın