Cümə , Avqust 12 2022
Ana səhifə / Siyasət / Deputatın yayda qızdırması…

Deputatın yayda qızdırması…

Qızdırma qədər adamın canını ağrıdan, girinc edən xəstəlik bəlkə də yoxdur. Qızdırmalı olanda adam özündə olmur, heç sözündə də olmur, sadəcə ruh kimi gəzir. 

Uzun illər bu illətdən əziyyət çəkən adam kimi qızdırmanın zəhlətökən xüsusiyyətləri ilə yaxından tanışam. Uşaqlığım Birinci Qarabağ savaşı, yeniyetməliyim isə müharibə sonrası atəşkəs dövrünə düşdü. O zaman bizim bölgədə malyariya xəstəliyi yayılmışdı. Həmin zonada demək olar ki, malyariyanın “dadını” bilməyən adam qalmamışdı. Hamı kütləvi yoluxurdu. Özü də tam sağalmaq söhbəti yox idi. Adam 5 gün sağalır, 15 gün yenə də yer-göylə əlləşirdi. Özü də xəstəliyin kulminasiya nöqtəsi yayda olurdu. Virus havada uçuşurdu. Salam verdiyin, gözlə gördüyün adamlar çaxır içirdilmiş toyuq kimi gəzirdilər…

Adam gah qızdırır, gah da titrədirdi. Təsəvvür edin, 42 dərəcə istinin altında adam necə titrəyirsə, dişləri şaqqıldayır. Amma 20-cə dəqiqə sonra qızdırma o qədər yüksəlir ki, titrətməyə şükür edirsən…

Yəni yay aylarında qızdırmaya tutulmağı Allah heç kimə göstərməsin. Xüsusilə də deputatlarımıza. Çünki adam dilə-dişə düşür.

Razi Nurullayev qızdırmalı olan zaman canının ağrımasına baxmayaraq, böyük qətiyyət nümayiş etdirib prezidenti təbrik etmək istədi. Amma Qurban Bayramı əvəzinə Ramazan bayramı yazdı. Görünür qızdırması 37-38 arasında olub. Çünki ən azından hər ikisi dini bayramdır və islamiyyət üçün hər ikisi müqəddəsdir. Allah göstərməsin, qızdırma 39 və daha yüksək olsaydı, hörmətli deputatımız hansı bayram münasibəti ilə təbrik yazacağına heç özü də cavabdeh ola bilməzdi. 

Bizim kimi boş-bekar adamlar da məsələnin mahiyyətini bilmədən 2-3 gündür deputatla məzələnirlər. Nə olsun ki?! Xırda bir səhvə görə qızdırması təzəcə aşağı düşən adamın üstünə bu qədər getməzlər axı. O qədər əsəbiləşdirdiniz qızdırması yenə də qalxdı və bu gün səhərin gözü açılmamış qızdırmalı-qızdırmalı bir status da guppuldatdı. Onu tənqid edənlərə dedi ki, siz ata ananızı tanımırsınız. Yəni qızdırmanın təsirindən gözləri necə yumulmuşdusa, ağzı da elə açılmışdı. Buna el dilində deyirlər gözünü yumub ağzını açmaq. Bal tökülmüşdü dodaqlarından. 

Amma günəş çıxdı, Razi Nurullayev günəşə baxıb bir-iki dəfə asqırıb ayılandan sonra anladı ki, söyüş söyməkdə düz etməyib. Lakin nə etmək olar, qızdırmanın belə bir qüdrəti var. Adam özünə cavabdeh ola bilmir. 

Deyir, qızdırmalı adam gərək ayağını isti, başını soyuq saxlasın. Deputatımız Nurofen də yoxlaya bilər. İndi müasir dərmanlar, üsullar çoxdur. 

O zaman isə bizim bircə dərmanımız vardı. Ümumdünya Səhiyyə Təşkilatı “delogin” adlı tabletka göndərmişdi. Gündə 20-ni atırdıq, xeyri yox idi…

P.S. Razi Nurullayev məlum statusunda yazıb ki, bu cür adamlar gəlsin, DNK analizlərini ödəyim, gedib ata-anasını tapsınlar. Deputatların maaşı ötən ay qalxmışdı. Müəllimin siftəni DNK analizinə xərcləmək istəməsi yaxşı başlanğıc olmadı…

Yeni sabah

Həmçinin oxuyun

Şuşada Türkiyə konsulluğunun açılması təklif edildi

“Qafanda konsulluq açırlar (İranı nəzərdə tutur-red), xeyirli olsun! Bəlkə darıxmasınlar deyə biz də təcili Şuşada …