Bazar , Fevral 25 2024
Ana səhifə / Siyasət / Deputatdan SSRİ-nin bərpasını tələb edənlərə sərt cavab

Deputatdan SSRİ-nin bərpasını tələb edənlərə sərt cavab

Azərbaycanın müstəqil olmasından 26 il ötməsinə baxmayaraq, ölkəmizdə hələ də sovet rejiminin təbliğatını aparan adamlar var.

Bu günlərdə xain adlandırılmağa haqq edən o adamlar sosial şəbəkələrdə yenə də peyda oldular. Belə ki, 1917-ci il 17 oktyabrda Rusiyada baş verən və SSRİ-nin yaradılması ilə nəticələnən inqilabın yüz illiyində sosial şəbəkələrdə bəzi bədbəxtlərin profillərini və örtük şəkillərini sovet rejiminin bayraqları, Lenin, Stalinin fotoları ilə əvəz etdiklərini gördük. Hətta onların statuslarında SSRİ-nin bərpası tələbləri ilə yanaşı, bunun vacibliyi barədə qəzəb doğuran yazılara da rast gəldik. Vətənpərvərlikdən uzaq olan, hansı ölkədə yaşadıqlarını və bu ölkənin müstəqilliyi üçün canlarını fəda edən minlərlə vətəndaşımızı unudan bu insanlar işıqlı gələcəklərini torpaqlarımızı işğal edib ermənilərə verənlərdə görürlər…

Bir ay öncə “26 Bakı Komissarı”nın məzarını ziyarət etdiklərinə görə günlərlə söyülən, qınanan, tənqid olunan həmin insanlar bu günlərdə yenə də fəallıqlarından geri qalmırlar. Diqqət etdiyimiz zaman hələ də sosial şəbəkələrdə “17 oktyabr inqilabı” barədə paylaşım edir, profil və örtük şəkillərini SSRİ bayrağı və Lenin, Stalin fotoları ilə bəzədiklərini görürük. Bir ay öncə bunlara mətbuat və sosial şəbəkələrdə verilən “dərsi” deyəsən unudublar.

Həmin şəxslərdən Ədalət Abdinov daha çox öz fəallığı ilə seçilir, insanlara özünü ən təəssübkeş kommunist kimi təqdim edir. Hətta o, özünü Azərbaycandakı kommunistlərin lideri hesab edir. Bir faktı deyək ki, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov olsa da, Ə.Abdinov bir qrup kommunisti ətrafına yığaraq, özünü lider elan edib. Məhz sosial şəbəkələrdə onun rəhbərliyi ilə Azərbaycanda kommunist rejiminin bərpası, Azərbaycanın Rusiyanın tərkibinə yenidən daxil edilməsi çirkincəsinə təbliğ edilir. Hətta bu bədbəxtlərin tez-tez Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə iftira atdıqlarının, onları hədəf aldıqlarının şahidi oluruq.

Zaman-zaman belə şəxslər barədə ölçü götürülməsi, onların cücərmələrinə imkan verilməməsi ilə bağlı fikirlər, tələblər səslənir. Onların son 10 gündəki fəaliyyətləri bu məsələni yenidən aktual edib.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hər bir ölkədə bu tipli insanların olduğunu bildirdi: “Bu xəstə təxəyyüllü insanlar üçün sanki tarix özünü yenidən geri qaytarır, yenidən başlamalıdır. Bunlar milyonlarla insanın qanı bahasına olmuş rejimin bərpasını düşünürlər. Bu insanlar həm də savadsızdırlar. Onlar əgər oxusaydılar, 1917-ci il inqilabı haqqında təsəvvürləri olsaydı, anlayardılar ki, bu inqilabın tərəfdarlarının böyük əksəriyyəti 1937-ci ildə sağ qalmamışdı, hamısını məhv etmişdilər. Bu rejim elə bir hala çatdı ki, özü-özünün tərəfdarlarını məhv etdi. Liberal cəmiyyətdə kiminsə kimisə dəyişməsi var, amma məhv etmə kimi bir qayda, proqram nəzərdə tutulmayıb. İnqilabın tarixinə baxsalar, görərlər ki, inqilabın qurucuları olan Nəriman Nərimanovdan başlayaraq, Ruhulla Axundov, Əliheydər Qarayevə qədər hamısı məhv edilib, özü də saxta ittihamlarla. Bunun səbəbləri haqqında düşünsələr, anlayarlar ki, bu gün arzuladıqları cəmiyyət öncəlliklə onların özlərini məhv edəcək. Ona görə də bu birbaşa savadsızlıqdan, tarixin gedişini anlamamaqdan doğan bir cahil, nadan hərəkatıdır. Bunun başqa adı yoxdur. Təəssüflər olsun ki, dini sferada da eyni nadanlıq, cahillik hökm sürür. Dindar çevrədə də hamı VII əsrə qayıdıb. Deyirlər ki, ən ədalətli vaxt o dövrdə olub, biz də o dövrə qayıtsaq, dünyada ədaləti bərpa edəcəyik. Eyni təfəkkürdə olan kommunistlər də XX əsrin əvvəllərinə qayıtmaq istəyirlər.

Картинки по запросу fazil mustafa

Dünya durduğu yerdə durub. Dünyanı durduğu yerdən təkminləşdirməyə, yaxşıya doğru irəlilətməyə ehtiyac var. Bunlar tarixin mahiyyətini anlamayan sürü zehniyyəti ilə hərəkət edənlərdir. Onlar Azərbaycan üçün cəlbedici şüarlar irəli sürə bilməzlər. Ancaq sosial şərtlərlə deyə bilərlər ki, sovet dönəmində maaş alırdıq, amma indi yox. Lakin insanların çoxu anlayır ki, sovet dönəmində aldığım maaş qapalı bir ölkədən digərinə getməmək demək idi. Orada alınan maaş 50 il qabaq donmuş ətin alternativini almamaq, mağazalarda növbə ilə nəyisə almaq demək idi. Buna görə də belələrinə imkan vermək lazımdır ki, gedib Şaumyanın qəbrini eşələyib, sümüklərini çıxarıb ondan zövq alsın. Yaxud kimsə gedib Leninin heykəlinə başını sürtsün”.

Deputat onu da bildirdi ki, hansısa bir təhlükə məqamında dövləti, milləti sata biləcək bu cür simasızlar həmişə tapılacaq: “Amma əsas olan milləti, dövləti qoruyan potensialın böyük olmasıdır. Bu baxımdan belə insanlara böyük təhlükə kimi baxmaq lazım deyil. Onların sırasına baxın, bir parlaq, ağıllı adam tapa bilərsiniz? Öz əsəri, fikirləri, ideya görüşləri ilə cəmiyyətdə təlatüm yaradan, arqumentləri ilə cəmiyyəti inandıran adam tipi görürsünüzmü? Onların hansı lideri var? Onlar ya etnik zəmində özlərini bu cinaha yönəldirlər, ya da bir siyasi boşluq var, fikirləşirlər ki, kommunist ideyasında olsam bəlkə siyasi palitrada mənə də bir cığır açarlar, bir yerdə yerləşərəm. 2000-ci ilin əvvəllərində Ramiz Əhmədova o cinahı yaratmışdılar. Parlamentdə onun ağıllı bir çıxışını dinlədinizmi? Bu yoxdursa, onları irəli aparan zehniyyət mövcud deyilsə, bundan çox qorxmaq lazım deyil. Azərbaycan üçün ən böyük təhlükə təhsilsizlik, nadanlıq, cahillikdir. Çünki belə insanların ölkə əleyhinə olan hər hansı bir cinaha sürüklənmələri daha rahatdır. Amma savadlı, vətənini sevən insan dövlət əleyhinə yönləndirilə bilməz, dövlət üçün hər cür fədakarlığa hazır olar”. (Musavat.com)

Həmçinin oxuyun

Siyasi Şuranın iclası keçirildi AMİP seçkilərə start verdi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə …