Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / “Deputat sələmçiliklə məşğul olursa, ona heç alverçi də demək olmaz”

“Deputat sələmçiliklə məşğul olursa, ona heç alverçi də demək olmaz”

Xəbər verdiyimiz kimi, təsdiqlənməmiş məlumatlara görə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Rüfət Quliyev sələmçiliklə məşğul olmaqda, faizə pul verməkdə ittiham olunur.
Maraqlıdır, Milli Məclisin deputatının sələmçiliklə məşğul olması nə dərəcədə ağılabatandır? Ümumiyyətlə faizə pul verilməsi qanunla necə tənzimlənir?
Ölkənin iki tanınmış hüquqşünası mövzu ətrafında Moderator.az-ın sualına aydınlıq gətirib.
Sualımızı ilk cavablayan hüquqşünas Aslan İsmayılov deputatın faizə pul verməsinin qanuna zidd olduğunu bildirdi:
“Sələmçiliklə məşğul olmaq özü bir sahibkarlıq növüdür. Milli Məclisin deputatının istənilən növ sahibkarlıqla məşğul olması qanuni nöqteyi nəzərdən qəti qadağandır. Mənəvi nöqteyi nəzərdən isə bu, əxlaqsızlıqdır. Deputat sələmçiliklə məşğul olursa, ona heç alverçi də demək olmaz”.
Hüquqşünas Müzəffər Baxış isə vurğuladı ki, sələmçiliklə məşğul olan deputat cinayət məsuliyyətinə cəlb olunmalıdır:
“Bizim qanunumuza görə, fiziki şəxslər də sələmə pul verə bilərlər. Mərkəzi Bank uçot dərəcəsi müəyyən edir (təzəlikcə uçot dərəcəsi 9.5 faiz müəyyən edilib) və fiziki şəxs buna uyğun olaraq sələmə pul verə bilər. Sələmə pul vermək, yəni, kredit vermək sahibkarlıq fəaliyyətidir, çünki həmin şəxs oradan gəlir əldə edir. Həm Mülki Məcəllədə, həm də sahibkarlıq haqqında qanunun tələblərinə görə, gəlir əldə etmək məqsədilə xidmət göstərmə, iş görmək, gəlir məqsədilə digər fəaliyyətləri həyata keçirmək sahibkarlıq fəaliyyəti hesab olunur. Həm sahibkarlıq fəaliyyəti haqqında qanuna, həm də Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinə görə Milli Məclisin deputatı sahibkarlıqla məşğul ola bilməz. Ümumiyyətlə, Milli Məclisin deputatı üçün çox biabırçı bir haldır ki, sələmçiliklə məşğul olur, yəni qanunu pozur. Belə faktlar müəyyən edildikdə isə, Milli Məclisin deputatı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308 və 309-cu maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, cəzalandırılmalıdır”.

Həmçinin oxuyun

“Qəhrəman əsgərlərimizin son qələbəyə imza atacaqları tarixi gün uzaqda deyil” – Afsəddin Nəbiyev

“Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır”. Bunu Prezident İlham …

Bir cavab yazın