Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / Deputat oğlu Gömrük Komitəsindəki işindən uzaqlaşdırıldı

Deputat oğlu Gömrük Komitəsindəki işindən uzaqlaşdırıldı

Elmira Axundovaya və oğluna qarşı ittihamlar isə səngimir

Deputat Elmira Axundova və oğlu Həbib Axundovun adının 8 milyonluq dələduzluq qalmaqalına qarışdığı haqda məlumat vermişdik. Deputat və oğlu onlara yönəlik ittihamların doğru olmadığını söyləsələr də, qarşı tərəf iddialarında israrlıdır.

 
“Yeni Müsavat”a müraciət edən Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov deyirlər ki, Həbib Axundovun dostu Elnur İbrahimovla yaratmış olduqları maliyyə fırıldağı piramidasının qurbanlarıdırlar.
Onlar redaksiyamıza təqdim etdikləri müraciətdə qeyd edirlər ki, Həbib Axundov və Elnur İbrahimovun əməlləri nəticəsində Ziya Vəliyevin 205 min, Elvin Vəliyevin 202 min, Sabir Ağayevin 115 min, Şahin Məhərrəmovun 70 min,  Fərman Məmmədovun isə 575 min məbləğində pulları əllərindən çıxıb. Müraciət müəllifləri yazır ki, onlar əvvəlcədən planlaşdırılan dələduzluq cinayəti ilə üz- üzə qalıblar. Məhz Həbib Axundovun vasitəsi və zəmanəti ilə birbaşa onun özünə və hazırda CM-nin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elnur İbrahimova pul verdiklərini iddia edirlər.
“Elnur İbrahimov hazırda axtarışdadır və onun tapılaraq məsuliyyətə cəlb olunması hansısa şəxslərin maraqlarına uyğun olmadığından, 1 ildən artıqdır ki, bu istiqamətdə hər hansı iş görülmür. Həbib Axundov isə bütün günahları Elnur İbrahimovun üzərinə ataraq, ona qarşı olan ittihamları rədd edir və öz himayədarlarının köməkliyi ilə məsuliyyətdən kənarda saxlanılır. Mətbuat səhifələrində deputat oğlu Həbib Axundovun dəbdəbəli həyatı, bahalı istirahəti və əmlakları barədə məlumat verilmiş və biz zərərçəkmişlər Həbib Axundovun bu əmlakı işlədiyi Gömrük Komitəsindən aldığı 486 manat maaşla əldə edilməsinin mümkün olmadığını qeyd edirik. Bildiririk ki, həmin əmlaklar məhz onun Elnur İbrahimovla birgə fəaliyyəti nəticəsində biz zərərçəkmişlərdən ələ keçirdiyi əmlakları hesabına əldə olunub. Bizdə olan məlumatlara görə, Həbib Axundov Gömrük Komitəsindən işdən çıxarılıb. Buna baxmayaraq, Axundovlar ailəsi dəyəri yüz minlər və milyonlarla ölçülən yeni-yeni əmlaklar əldə etməkdə davam edirlər.
 
Həbib Axundov təxminən 2012-ci ilədək Rusiya istehsalı olan “OKA” və “VAZ” markalı avtomaşınların sahibi olub. Onun birdən-birə belə varlanaraq, dəyəri yüz minlərlə olan bahalı Avropa istehsalı olan avtomaşınlar alması və şəhərin mərkəzində 6 mərtəbəli qeyri-yaşayış binası tikdirməsi, Port Baku yaşayış kompleksində sahəsi 370 kv.m olan 2 mənzil alması, Türkiyə, İngiltərə, ərəb ölkələrindəki bahalı istirahətləri Elnur İbrahimovla qurduğu “biznes plan”ın dividendləridir” – deyə adıçəkilən şəxslər redaksiyamıza müraciətlərində qeyd edirlər.
Ziya Vəliyev bildirib ki, yaxın dost olan H.Axundov və E.İbrahimovla 2006-cı ildə tanış olub. 2013-cü ilin mart ayında E.İbrahimov söhbət əsnasında bildirdi ki, kartriclər və ofis ləvazimatlarının ölkəyə gətirilməsi, satışı ilə məşğul olur. Bu işdən yaxşı qazanc götürür: “Mənə də dedi ki, pulun varsa ver, üzərində əlavə qazancla birlikdə pulunu qısa müddətdə qaytarım. Elnurun belə maraqlı təklif etməsinə baxmayaraq, mən ona pul vermədim və soruşdum ki, bu işi o, kiminlə və necə görür? Elnur isə cavabında bildirdi ki, ”bu iş monopoliyadır. Mallar ölkəyə gömrüksüz keçirilir və buna görə də ucuz başa gəlir. Biz də yaxşı qazanc götürürük. Mən də bu işləri Həbib Axundovla şərikli görürəm”. Mən həqiqətən Elnurun ofisində olarkən, yük maşını ilə ofis ləvazimatları və kartricləri qəbul edib, yola salmasını görmüşdüm. Lakin Elnurun belə bir böyük biznesi təkbaşına qurması və idarə etməsinə əmin olmadığımdan, Həbibdən həqiqətən Elnurla belə bir iş görüb-görmədiklərini soruşdum və Həbib də mənə Elnurun dediklərini təsdiq edərək, onunla birlikdə bu işi gördüyünü bildirdi. Bundan sonra Elnurun təklifinin ciddiyyətinə bir qədər də inandım. Çünki Həbibi də şəxsən tanıyırdım, onun Dövlət Gömrük Komitəsində işləməsi,  deputat Elmira Axundovanın oğlu olması və Həbibin özünün Elnurun dediklərini təsdiq etməsi məndə ona inamı bir qədər də artırdı. Bu söhbətlərdən bir neçə gün sonra Elnur məndən iki-üç günlüyə, üstündə qazanc olaraq 1000  manat verməklə, 10 min  manat pul istədi. Elnurun kiminlə işlədiyini araşdırdığımdan təklifi ilə razılaşdım və ona 10 min manat verdim. Elnur dediyi kimi iki-üç gündən sonra məndən aldığı pulu və qazancı qaytardı. Sonra Elnur bildirdi ki, çox pul versəm, o, həmin pulu dövriyyəyə buraxar və mənə bir o qədər böyük məbləğdə qazanc verər. Elnurun kiminlə işlədiyini bildiyimdən bu təkliflə razılaşıb, evimizdə olan 50 min manatı gətirib “Nizami” metrosunun yanında ona verdim. Bu işə inandığımdan qohum və dostlarımın verdikləri 205 min manatı da alıb Elnura verdim. Lakin iyul ayından başlayaraq Elnur məndən qaçmağa və telefon zənglərinə cavab verməməyə başladı. Hiss etdim ki, Elnurla Həbib  məni aldadıblar”.
Şikayətçi deyir ki, belə olduqda H.Axundovla əlaqə saxlayıb hadisə barəsində danışıb: “Pulumun qaytarılmasını istədim. Həbib dedi ki, Elnurla danışıb bu məsələni həll edəcək. 2 gün sonra Həbib məni Şüvəlandakı öz bağlarına dəvət etdi. Bağda olan söhbətlərdən məlum oldu ki, pulu qaytarmaq mümkün deyil. Həbib bildirdi ki, pul yoxdur, guya Elnur ona da ”atıb”. Həbib dedi ki, Yasamal Rayon Polis İdarəsində həmişə iş gördüyü yaxın tanışı var. Elnuru aparaq polis idarəsinə. Sonra da Həbib Yasamal RPİ-də olan Seymur adlı müstəntiq tanışına zəng etdi. Həbib Seymura bildirdi ki, bəs belə bir hadisə olub və Elnuru həbs etmək lazımdır. Seymur isə cavabında Elnurun Yasamal RPİ-nə gətirilməsini istədi. Həbib maşında Elnura deyirdi ki, “sən polisdə pulu tək yediyini boynuna al, kişi deyil yalan deyən, hər ay sənin ailənə 500 AZN verəcəm. Mama (Elmira Axundova) Əfv Komissiyasının üzvüdür, səni yarım ”sroka” içəridən çıxartdıracam”. Beləliklə, biz Yasamal RPİ-nə gəldik və oraya çatanda artıq orda 20-30 nəfər də adamların toplaşıb Elnuru və Həbibi gözlədiklərini gördüm. Elnuru müstəntiq Seymurun otağına apardıq, lakin Seymur Elnuru həbs etməkdən imtina etdi. Mən və ora gəlmiş şəxslərdən bir neçəsi ərizə ilə rəsmi müraciət etmək istəsək də, müstəntiq və Həbibgil bizə ərizə yazmağa imkan vermədi.  Sonra Seymur Polis İdarəsinin həyətində Həbib və Elnurla nəsə danışdılar və bu vaxt Elnur yüksək səslə Həbibə dedi ki, “sən nə deyirsən alə, bilirsən ki pulları gətirib sənə vermişəm”. Bunu deyən kimi Həbib müstəntiqin və həmin vaxt həyətdə olan digər polislərin yanında yumruqla vurub Elnurun burnunu sındırdı və sonra kənara çəkib onunla nəsə danışdılar. Bundan sonra Həbiblə Elnur bizə yaxınlaşdı və Elnur bildirdi ki, “Həbiblə razılaşmışıq, narahat olmayın, burdan çıxaq, 3-5 günə pullarınızı geri verəcəyik”. 
Biz də onların sözlərinə inanıb oradan getdik. Həmin hadisədən təxminən 5 gün sonra Həbibin dəvəti ilə mən və əmimoğlu Elvin təkrar Həbibgilin Şüvəlandakı bağ evinə getdik. Biz saatlarla bağın önündə gözlədik. Təxminən gecə saat 03-00  radələrində Həbib özü qapıya çıxaraq dedi ki, “biz bir qərara gələ bilmədik və mama (Elmira Axundova) ilə danışdım, bəs mama da dedi ki, orda özbaşına iş görməyin. Elnuru gətirin Qəbələyə mənim yanıma, biz də Elnuru Qəbələyə mamanın yanına aparırıq”.
Bundan sonra biz yenə də əlacsız qalıb evimizə qayıtdıq. Həmin gecə Həbib Elnuru Qəbələyə mamasının yanına apardı. Səhəri gün geri qayıdanda Həbib bildirdi ki, “mama yüksək  səviyyəli şəxsə zəng edib, narahat olmayın, məsələ ilə  məşğul olacaqlar”. 3 gün sonra – 9 sentyabr 2013-cü ildə Elnur ölkədən qaçırıldı”.
Şikayətçilər deyir ki, həmin gündən 2 ilə yaxın müddət ötüb, amma üzləşdikləri dələduzluq əməli ilə bağlı başlanmış cinayət işinin nəticəsi yoxdur. Onlar iş üzrə obyektiv araşdırma aparılmasını və onlara olan təzyiqlərə son qoyulmasını istəyirlər.

Həmçinin oxuyun

Ceyhun BayramovunTürkmənistana səfəri başladı

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti …

Bir cavab yazın