Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / Deputat-icra başçısı qalmaqalı: “Onlarla belə icra başçısı var ki…”

Deputat-icra başçısı qalmaqalı: “Onlarla belə icra başçısı var ki…”

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bir neçə gün əvvəl Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla bağlı böyük rezonans doğuran bir açıqlama vermişdi. Deputat partiyasının Tərtər rayon təşkilatı sədrinin həbsində və ailəsində baş verən faciəyə görə icra başçısını günahlandırmışdı.
Fazil Mustafa hazırda həbsdə olan Zülfüqar İbrahimovun Tərtər rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şərlənərək həbs olunduğunu, onun şikəst qızının isə aylarla ata həsrəti çəkdikdən sonra dünyasını dəyişdiyini bildirmişdi.
Əvvəlcə onu xatırladaq ki, Z.İbrahimov və bir neçə şəxs ötən ilin mart ayında həbs olunublar. DİN və Baş Prokurorluğun yaydığı rəsmi məlumatda həmin şəxslər Tərtər ərazisində ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatını aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham olunurlar.
Deputatın öz silahdaşının həbsini bir daha ictimailəşdirməsinin səbəbi onun ailəsində baş verən faciə olmuşdu. Z.İbrahimovun şikəst qızı bir neçə gün əvvəl dünyasını dəyişib. Fazil Mustafa öz silahdaşının icra başçısının hikkəsi ilə haqsız tutulduğunu sübut etmək üçün əlindən gələni etməyə çalışdığını, ancaq qanunsuzluqların qarşısında sözünün keçərli olmadığını bildirmişdi.
Bu məsələni ölkə reallığında sensasiya kimi də qiymətləndirmək olar. Mövzunun aktuallığını nəzərə alaraq, bu məsələyə yenidən qayıtdıq. Deputatdan silahdaşının həbsi ilə bağlı yenidən DİN və Baş Prokurorluğa müraciət edib-etməyəcəyini soruşduq.
F.Mustafa musavat.com-a açıqlamasında bildirdi ki, bundan sonra müvafiq qurumlara yenidən müraciət etməsinin heç bir mənası yoxdur: “Artıq cəza verilib və cəzanı həmin adam çəkir. Haqlı və ya haqsız, onsuz da bu çiləni vətəndaş öz üzərinə götürüb. İndiki şəraitdə nəyisə dəyişmək imkanımız yoxdur. DİN və Baş Prokurorluqdan da bu məsələ ilə bağlı mənə heç bir reaksiya gəlmədi. Bizdə adətən, hansı neqativ məsələni qaldırırsansa, bir çox hallarda qaldırdığın bu işin səbəbkarı olan şəxslərin daha çox yüksəlişinin, vəzifədə irəliləməsinin şahidi olursan. Sanki kim daha çox qanunsuzluq edirsə, o daha çox mükafatlandırılır”.
F.Mustafa partiyadaşının qarşılaşdığı haqsızlıqla bağlı Milli Məclisdə fərdi qaydada məsələ qaldırmasa da, məhkəmə sistemindəki qanunsuzluqları vaxtaşırı gündəmə gətirdiyini bildirdi: “Bu məsələni Milli Məclisdə ümumi konteksdə qaldırırıq. Çünki məhkəmə qərarları, insanlara qarşı ədalətsiz münasibətlə bağlı bir sıra məqamlar var ki, bunlar vaxtaşırı dilə gətirilir. Haqsız və qanunsuz şəkildə insanların həbsxanalarda saxlanılmasına yol vermək olmaz. Qanunsuz həbslərin baş verməsi yolverilməzdir. Eldar Mahmudov məsələsi də bunu göstərdi ki, bu insanlar sonradan etdiklərinin acı bədəlini ödəyirlər. Çox təəssüf ki, Azərbaycanda bu cür hallar var və bunların aradan qaldırılmasının yollarını düşünmək lazımdır. Fərdiləşmiş qaydada bir mövzunu gündəmə gətirdikdə hamıda belə bir fikir yaranır ki, konkret olaraq, icra başçısını və ya kimisə hədəfə alırsan. Bəlkə də onlarla belə icra başçısı var ki, öz fəaliyyətini doğrultmur. Onların fəaliyyəti nəticəsində vətəndaşlar əziyyət çəkirlər. Biz çalışmalıyıq ki, ən azından vətəndaşın subyektiv qərarlardan qorunmaq imkanları olsun. Adam həbs olunursa, bitir. 3 ay uzadılır, 6 ay uzadılır və istintaqın yekununda da bəzən məlum olur ki, hansısa bir məmurun özbaşınalığı baş verib. Bu cür özbaşınalıq “MTN işi”ndə də baş vermişdi. Bu iş aşkara çıxarıldıqdan sonra məlum oldu ki, nə qədər insan, sahibkar əziyyət çəkib. Kimlərisə, əsassız şəkildə həbsə atmağın, onları incitməyin nə mənası var? Bütün bunların arxasında insan, ailə faciələri durur. Mən bunun birini nümunə gətirərək, göstərmək istədim ki, bir yanlış addımın nəticəsi körpə uşağın ölümüdür. Onlarla belə ailələr var. Belə halları müxtəlif yollarla da olsa, ictimailəşdirmək bir borc olaraq, bizim üzərimizə düşür”.

Həmçinin oxuyun

İqbal Ağazadə: “Siyavuş Novruzov tələbələrlə bağlı bu fikri bilərəkdən səsləndirib”

“İqtidarda hamı ağıllı danışsaydı, pisi kimin ayağına yazardılar? Bəzi adamlar ona görə belə danışırlar ki, …

Bir cavab yazın