Şənbə , May 21 2022
Ana səhifə / Siyasət / Deputat: “Ermənistanın əlində olan əsas kartlardan biri vurulub”.

Deputat: “Ermənistanın əlində olan əsas kartlardan biri vurulub”.

“Azərbaycan Avropa Birliyinin təşkilatçılığı ilə keçirilən bu cür görüşlərdə maraqlıdır. Məhz vasitəçisiz ikitərəfli görüşlər Azərbaycanın maraqlarına xidmət edir, həm də bu, Azərbaycan tərəfinin diktəsi ilə keçirilir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib. Deputat vurğulayıb ki, bu qəbildən olan görüşlərin təşkilində əsas təşkilatçılardan hansının maraqlı olması yox, məhz Azərbaycanın maraqlı olmamasıdır:

“Bilirsiniz ki, Cənab Prezidentin də ikitərəfli görüşlərə başlamaq vaxtının çatması ilə bağlı açıqlaması var. Avropa Birliyinin təkilatçılığına gəldikdə isə bu, birinci dəfə deyil. Bundan öncə də, Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olmuşdur. Düzdür, o görüşdən sonra Ermənistan tərəfi öz üzərinə müəyyən öhdəliklər götürmüşdü. Təəssüf ki, hələ də onlara əməl etməyib. Qeyd edim ki, həmin öhdəliklərdən biri kommunikasiyaların açılması məsələsi idi. Avropa Birliyi də bu yöndə öz maliyyə dəstəyini göstərəcəyini vəd etmişdir. Bütün bunlara baxmayaraq, Ermənistan kommunikasiyaların açılması ilə bağlı konkret addımların atılmasını gecikdirdi. Bu səbəbdən də biz İranla memorandum imzaladıq. Təbii ki, müəyyən vaxtdan sonra hər iki ölkənin, eyni zamanda da regionun digər dövlətlərinin, ilk növbədə də qardaş Türkiyənin marağında olan bu layihələr reallaşdırılacaq. Çünki bu kommunikasiya bağlantısı regional bir layihədir.Yəni, artıq Azərbaycan bu kommunikasiya bağlantısını reallaşdırmaq üzrədir. Demək olar ki, Ermənistanın əlində olan əsas kartlardan biri vurulub”. Millət vəkili qeyd edib ki, indi Azərbaycan bu görüşə daha güclü mövqedə gedir:

“Ümid edirəm ki, bu dəfə cənab Prezidentin özünün də ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edərkən, bildirdiyi kimi, məhsuldar nəsə ola bilər. Hazırda geosiyasi reallıqda Azərbaycanın mövqelərinin həm Qarabağda, həm də kommunikasiyalar baxımdan daha da güclənməsi bunu diktə edir. Avropa Birliyi çərçivəsində belə bir görüşün keçirilməsi ilk növbədə Azərbaycanın maraqlarına cavab verir. Xatırlayırsınızsa, Şarl Mişel ötən il Azərbaycanda səfərdə olarkən cənab Prezident Avropa Birliyinə Azərbaycanda güvənildiyini özəlliklə vurğulamışdı. Bu, Minsk qrupuna güvənsizlik fonunda səsləndirilmişdir. Ona görə də, bu görüş Azərbaycanın həm format baxımından, həm də keçirildiyi yer baxımından maraqlarına cavab verir. İndiki ərəfədə belə bir görüş proqnozlaşdırılırdı. Bu, həm regiondakı, həm də Avrasiyada baş verən reallıqdan qaynaqlanır. Əsas budur ki, Azərbaycan irəli sürdüyü 5 təklif var və Ermənistan tərəfi bununla bağlı konstruktiv mövqe sərgiləməyə başlayır. Bilinmir ki, bu göstəridir yoxsa reallıqdır. Amma hər halda belə bir mövqe ortada var”.

Millət vəkili bu dəfəki görüşə nikbin baxdığını vurğuladı: “Azərbaycan savaş başa çatandan üzü bəri diplomatik müstəvidə aparılan bütün danışıqlarda öz gündəliyini, öz mövqeyini diktə etməyi və öz marağını qorumağı bacarır. Bilirsiniz ki, bu görüş öncəsi dünən Rusiya prezidenti Vladimir Putinin həm cənab İlham Əliyevə, həm də Ermənistan baş naziri Nikol Paşinyana telefon zəngləri oldu. Bu telefon danışıqları nəticəsində həm 9-10 noyabr üçtərəfli bəyanatı, həm 2021-ci il 11 yanvar bəyanatı və 2021-ci 26 noyabrında keçirilən üçtərəfli görüşdə gündəlikdə olan bütün məsələlərin ardıcıl həllini tapması məsələsi vurğulandı. Təbii ki, bu da Azərbaycanın maraqlarına tam cavab verir. Çünki sözü gedən həmin üçtərəfli bəyanatda reallaşdırılmayan məhz məsələlərdən biri Rusiya hərbi kontingentinin öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, Qarabağdakı qanunsuz silahlı birləşmələrin ləğv olunaraq oradan rədd edilməməsidir. Ümid edirik ki, bu görüşdə bu yöndə razılıqlara gələcəklər. Fərrux ətrafında baş verənlərdə göstərdi ki, ya elə, ya da belə həmin qanunsuz silahlı birləşmələr Rusiya hərbi kontingentinin müvəqqəti kontrolu olan torpaqlarımızdan rədd olub gedəcəklər”.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Yaxşı olardı ki, Elmira Axundova bu yanlışı düzəltsin və təkzib versin”

Keçmiş deputat, Ukraynadakı səfirimiz Elmira Axundova bütün fəaliyyəti boyunca ulu öndər Heydər Əliyevə sadiq olduğunu …