Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Deputat: “Dövlətin Hüseyn Abdullayevlə düşmənçiliyi yoxdur, amma…”

Deputat: “Dövlətin Hüseyn Abdullayevlə düşmənçiliyi yoxdur, amma…”

“Hər bir kəs törətdiyi hadisəyə, əmələ görə öz cəzasını almalıdır. Hüseyn Abdullayev də o vaxt parlamentdə milyonların gözü qarşısında bütün əxlaq normalarını pozdu, ciddi səhvlərə yol verdi. Buna görə də cəzalandırıldı. Cəza alandan sonra da öz hərəkətlərinə düzəliş vermədi. Dövlətin əleyhinə yanlış, şantaj xarakterli məlumatlar yaydı. Azərbaycanın əleyhinə işləyən qüvvələrlə həmrəylik nümayiş etdirdi və cəzalandırıldı. Bu gün isə onun hansı hərəkəti etdiyini dəqiq bilmirəm. Ancaq sözsüz ki, hər birimiz qanun qarşısında cavabdehik. Bu dövlətin Hüseyn Abdullayevlə düşmənçiliyi yoxdur. O vaxt Abdullayevin anasının müraciətlərinə də dövlət orqanları tərəfindən lazımi münasibət bildirildi, diqqət göstərildi. Ancaq gərək, bundan bir nəticə çıxarılardı ki, doğrudan da, Azərbaycanda qanunların pozulması müqabilində hər kəs öz cəzasını alır”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 

“Bu, istintaq məsələsidir. Doğrudan da, istintaq Abdullayevin hərəkətlərində yenə də dövlətə, milli maraqlarımıza qarşı hansısa ciddi problemlər olduğunu və buna görə cəzalanmalı olduğunu müəyyən edibsə, sözssüz ki, cəzasını almalıdır. Bu gün çoxları insanı təhqir edir, sonra da səs-küy salmağa başlayır. Məsələn, Əvəz Zeynallı öz internet kanalında hərəsi 1 saat olmaqla üç dəfə verilişində məni “düşmən”, “cani” adlandırdı, guya adam öldürmüşəm. Mənim şəxsi həyatıma müdaxilə etdi. Axı belə olmaz, sən məni tanıyırsan-tanımırsan, niyə efirdə bu hərəkəti edirsən? Mən millət vəkiliyəm, Azərbaycan vətəndaşıyam, mənim də hüquqlarım var. Sən hansısa dələduzun sözü ilə heç bir fakta əsaslanmadan mən və digər deputatlar, dövlət məmurları haqqında danışırsan, onların şəxsi ailəsi haqqında olmaz fikirlər söyləyirsən, hətta qəbirdə yatanlarını da çıxarıb rüsvay edirsən. İndi həbs edilib, hamı durub Əvəz Zeynallının müdafiəsinə qalxır. Demokratiya bu deyil axı. Demokratiya faktlara əsaslanmaq, düzgünülüyü danışmaqdır. Həbsdədir, humanistlikdən danışmağa başlayıb ki, mən qayğıkeş, humansit idim. Belə olmaz! Bu cəmiyyətdə hər bir jurnalistin fikri faktlara əsaslanmalı, araşdırılmalıdır. Cəzaları veriləndə başlayırlar ki, haqsız cəza verildi. Niyə haqsız cəza verilir? Az qalır yüzlərlə adamı infarkt edələr. Bu baxımdan, kim Hüseyn Abdullayevin müdafiəsinə qalxırsa, qalxsın, amma dövlətin öz qayda-qanunu var”.

Qeyd: T.Rzayev Hüseyn Abdullayevin də təmsil olunduğu III çağırış Milli Məclisin deputatı olub. 

Xatırlatma: Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb. O, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir. O, bundan əvvəl altı il azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yeni cinayət işinə görə onun haqda dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …