Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Dekabr gəldi, Bakıda yeni il hazırlıqları başladı, bahalığa baxmayaraq…

Dekabr gəldi, Bakıda yeni il hazırlıqları başladı, bahalığa baxmayaraq…

Dekabr ayı girəndən  Bakının ənənəvi yeni il hazırlıqları da başlayıb. Hər il olduğu kimi paytaxt ərazisində, xüsusən də, mərkəzi küçə və meydanlarda yeni il yolkalarının qurulmasına başlanılıb.

Virtualaz.org xəbər verir ki, artıq iri alış-veriş mərkəzləri də vitrinlərini Yeni il atributları ilə bəzəyirlər. Dükan-bazarlarda Yeni il oyuncaqlarının və bütün qadağalara baxmayaraq pirotixnik vasitələrin satışının başlaması da öz yerində…

Gözlənilir ki, Yeni il ərəfəsində Bakıya gələn xarici turistlərin də sayı artacaq. Məsələn, xəbərlərə görə Yeni ili Bakıda qarşılamağa hazırlaşan Rusiya vətəndaşlarının sayı əvvəlki illərə nisbətən kəskin artıb. Habelə ərəb turistlərinin yeni axını gözlənilir.

Ənənəvi olaraq hər il əsas yeni il şənliklərinin Dənizkənarı Milli Parkda keçirildiyini nəzərə alaraq orada hansı tədbirlərin görüləcəyi ilə maraqlandıq. Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfail Niftəliyevin virtualaz.org-a verdiyi məlumata görə, artıq bulvarda yolka ağaclarının quraşdırılmasına başlanılıb.

“Bulvar ərazisində 3-4 gündür ki, ən hündür yolkanın quraşdırılmasına başlanılıb. Bu yolkanın hündürlüyü 35 metr olacaq. Bundan əlavə, Dənizkənarı Milli Park ərazisində müxtəlif yerlərdə kiçik yolka ağaclarının da quraşdırılması nəzərdə tutulub. Hazırda Neftçilər prospektiboyu yolun kənarında olan ağaclar işıqlar və digər bəzəklərlə bəzədilir”, – deyə R. Niftəliyev bildirib.

İdarə rəsmisinin sözlərinə görə, artıq Şaxta Baba və Qar Qız olmaq istəyənlər də idarəyə müraciət etməyə başlayıblar. Amma hələ ki, onlara lisenziyalar verilməyib.

Yeni il hazırlıqlarının dekabrın 24-25-ə qədər yekunlaşması nəzərdə tutulub.

Bayram günü bulvar ərazisində təşkil olunacaq yeni il şənliyinə gəlincə isə, şöbə müdiri bildirdi ki, bu tədbirlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunur. Hələlik isə Dənizkənarı Bulvar İdarəsinə yeni il şənliyi və atəşfəşanlığın keçirilməsilə bağlı hər hansı rəsmi müraciət olunmayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov isə virtualaz.org-a bildirdi ki, hələ yeni il şənliyinin necə keçiriləcəyi bəlli deyil: “İndidən heç nə demək mümkün deyil. Bu il əhalinin vəziyyəti ötən illərdən yaxşıdır, ölüm-itim yoxdur. Amma Milli Məclis qənaətlə bağlı qərar veribsə, yəqin ki, bu ilki yeni il şənliyi və atəşfəşanlıqla bağlı xərclər də azaldılacaq. Amma hələ bu barədə bizə heç bir məlumat verilməyib. Yalnız dekabrın 10-15-dən sonra görüləcək tədbirlərlə bağlı məlumat verilə bilərik”, – deyə BŞİH rəsmisi qeyd edib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın