Şənbə , Fevral 4 2023
Ana səhifə / Siyasət / “Danışıqlara ümid bağlamamalıyıq, təcili Xankəndi məsələsini həll etməliyik”

“Danışıqlara ümid bağlamamalıyıq, təcili Xankəndi məsələsini həll etməliyik”

“Fransanın özünün belə prosesdə heç bir çəkisi yoxdur”.

Bunu Yenisabah.az-a açıqlamasında Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı deyib.

O, Azərbaycanlı ekoloqların Xankəndi və Xocalıya səfər etməsi və sonrakı hadisələri şərh edib. 

Qeyd edək ki, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın tanınmamış DQR-in “dövlət naziri” postuna gəlməzdən əvvəlki çıxışlarında çox ehtiyatlı ifadələr işlədirdi. Hətta Azərbaycan hakimiyyəti ilə danışıqlara gedəcəyini söyləyirdi.

Azərbaycan Prezidentinin Vardanyan barədə açıqlamasından sonra “dövlət naziri” sələfləri kimi hədyanlar yağdırmağa başladı və “Artsax”la Azərbaycanın birgə gələcəyini görmədiyini dilinə gətirdi.

44 günlük müharibədə “itkin düşən” separatçı xuntanın rəhbəri Araik Arutyunyan da axır vaxtlar fəallaşıb. Onun Fransa səfəri, “France-24”ün canlı efirinə çıxması, habelə fransalı parlamentarilərlə görüşü buna sübutdur.

Partiya sədri Akif Nağının fikrincə, separatçıların həlqəsi daralıb və onlar bunu hiss edirlər: 

“Azərbaycan məqsədyönlü şəkildə öz hədəflərinə doğru gedir və son hədəf Xankədidir. Həmin ərazilərdə Azərbaycan hakimiyyəti bərpa olunmalıdır deyə, o istiqamətdə də addımlar atılır.

Bir müddət öncə Azərbaycan yumşaq güc tətbiq etməklə öncə Fərrux, sonra isə Sarıbaba və digər yüksəklikləri nəzarətinə götürdü. Son hadisələr – Azərbaycan ekspert qrupunun həmin əraziləri getməsi və Xankəndi ilə Xocalıda sülhməramlıların rəhbərliyi ilə görüşlər keçirməsi Azərbaycanın bu ərazilərdən vaz keçmədiyini göstərir. Ermənilər də açıq şəkildə bunu görür, amma müqavimət göstərə bilmirlər”.

Müsahibimiz vurğulayıb ki, bu, ermənilərin son cəhdləridir:

“Onları idarə edən Fransadır. Doğrudur, Rusiyanın da bölgədə maraqları var və bəzi məqamlarda ermənilərlə üst-üstə düşür. Lakin Rusiya artıq Azərbaycanın apardığı xətti qəbul etmək məcburiyyətindədir. Eləcə də ABŞ-dan ermənilərə ciddi dəstək yoxdur, həmçinin, Avropa İttifaqının başladığı proses ermənilərin xeyrinə deyil. Onların son ümid yeri Fransadır. Çünki Fransa açıq şəkildə Azərbaycana qarşı qətnamə qəbul etdi”.

A. Nağı hesab edir ki, bunların hamısı sadəcə bir müqavimət görüntüsü yaratmaqla bağlıdır:

“Düşünürəm ki, bu, ciddi nəticə verməyəcək. Sadəcə olaraq, Azərbaycan davamlı şəkildə sona qədər getməlidir, hətta Fransanın üzərinə də. Düzdür, həmin qətnamələrin, habelə Fransanın özünün bu prosesdə heç bir çəkisi yoxdur.

Yenə deyirəm, hədəfimiz Xankəndidir. Dəfələrlə bildirmişik ki, sülh danışıqları gedirsə, qoy, getsin, lakin sülh danışıqlarının nəticə verəcəyinə ümid edib, siyasətimizi ona bağlaya bilmərik. Xankəndi məsələsini həll etməliyik, yəni Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Azərbaycanın suverenliyi bərpa edilməlidir”.

Həmçinin oxuyun

“Şeyx İranın Azərbaycan dövlətinə qarşı atılan xəyanətkar addımına…” – Deputat

“Şeyxin bir zamanlar münasibətlərin normallaşması üçün dediyi fikirləri konteksdən çıxarmağa gərək yoxdur. Çünki münasibətlər artıq …