Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Siyasət / Danışıqlar dalana dirənib: “Moskva və Brüssel formatları fiaskoya uğrayıb”

Danışıqlar dalana dirənib: “Moskva və Brüssel formatları fiaskoya uğrayıb”

“Hazırda Ermənistan-Azərbaycan sülh danışıqları ABŞ-ın vasitəçiliyi ilə gedir”.

Ermənistan Milli Məclisinin xarici əlaqələr komissiyasının üzvü, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sarkis Handanyan belə deyib. 

Deputatın sözlərinə görə, sülh müqaviləsinin mətninin variantı ABŞ-da təqdim olunub.

Sülh müqaviləsinin mətninin məzmunu dərc olunmayıb, amma bir şey məlumdur: 

Ermənistan və Azərbaycan bu barədə öz təkliflərini bir-birinə ötürürlər. Sonuncu dəfə xarici işlər naziri Ararat Mirzoyanın dediyi kimi Ermənistan təkliflər göndərib, onlar artıq bir aydır ki, Azərbaycandan cavab gözləyirlər. 

“Sülh müqaviləsi ətrafında danışıqlar prosesinin çıxılmaz vəziyyətə düşdüyü barədə nəticə çıxarmağa tələsməzdim. Bunu dünən Xarici İşlər Naziri də təsdiqləyərək bildirib ki, sülh müqaviləsinin mətni ətrafında müzakirələr davam edir”, – deputat belə deyib.

Sülh müqaviləsi üzrə danışıqlar üç platformada təşkil olunub: Avropa İttifaqı, ABŞ və Rusiyanın vasitəçiliyi ilə. Lakin ötən ilin noyabrından bəri nə liderlər səviyyəsində, nə də xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılmayıb.

Qeyd edək ki, ABŞ və Rusiyanın təkliflərinin məzmunu rəsmi olaraq dərc edilməyib. Rusiya Prezidenti Vladimir Putin hələ oktyabr ayında, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündən əvvəl sülh planının bəzi detallarını açıqlayıb.

Onun sözlərinə görə, sülh müqaviləsinin Vaşinqton variantı “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkibində olmasını nəzərdə tutur. Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsinə Qarabağ məsələsini də daxil edilməsi mümkündür. Bu təklifin Rusiya tərəfindən irəli sürüldüyü ehtimal edilir.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə sülh variantları ilə bağlı ziddiyyətli mövqe nümayiş etdirir. Paşinyan bu yaxınlarda Rusiyanın təklifləri əsasında sənəd imzalamağa hazır olduğunu desə də, sonradan fərqli açıqlama verib. 

O, yanvarın 18-də Praqa razılaşmaları əsasında Azərbaycanla sülh müqaviləsi imzalamaq istədiyini bəyan edib. Ona görədə Ermənistan hakimiyyətinin Rusiyanın, yoxsa Qəərbin təklif etdiyi sülh variantına üstünlük verdiyi aydın olmur. 

“Bu, üstünlük məsələsi deyil. Ən vacibi odur ki, vasitəçi sülh müqaviləsinin kağız üzərində qalmamasına nə dərəcədə zəmanət verə bilər. İndi isə əslində, proses ABŞ-ın vasitəçiliyi ilə başlanan prosesin məntiqinə uyğun gedir”, – Handanyan belə deyib.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken yanvarın 18-də Ermənistanın Baş naziri arasında  telefon danışığı olub. 

Blinken özünün “Twitter” hesabında Paşinyanla söhbəti zamanı Azərbaycanla ikitərəfli sülh danışıqlarının bərpası istiqamətində addımları müzakirə etdiyini yazıb. 

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yaxın günlərdə Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbəti olacağını deyib.

“Son vaxtlar biz Dağlıq Qarabağ ətrafında reqressiya müşahidə edirik. Biz konstruktiv dialoqun bərpa olunmasını istəyirik. Biz ikitərəfli əməkdaşlığa hazırıq. Biz keçmişdə etdiyimiz kimi, ATƏT vasitəsilə və ya lazım gəldikdə üçtərəfli formatda tərəfdaşlarla əlaqə saxlamağa hazırıq”, – deyə Prays bildirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Ermənistanın sülh sazişi ilə bağlı Bakıya təkliflər göndərməsi barədə məlumatı təkzib edib.

Nazir bildirib ki, Ermənistan sülhdən boyun qaçırır və Azərbaycana sülh təklifləri göndərdiyi barədə deyilənlər çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh vasitəçiliyi bu ilin ilk günlərindən başlayıb:

“Dövlət katibi Blinken yanvarın 7-8-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıb. İndi isə bu danışıqlar hər iki ölkənin iştirakı ilə aparılır. Hesab edirəm ki, Vaşinqton gündəliyi əsasında danışıqlar prosesi baş tutacaq. Moskva və Brüssel formatları fiaskoya uğrayıb və indi bütün təşəbbüslər ABŞ-ın əlindədir. Əgər Vaşinqton Azərbaycanın sülh sazişinə dair beş təməl prinsipini rəhbər tutaraq danışıqlar prosesində ədalətli mövqe nümayiş etdirərsə, sülhə nail olmaq mümkündür. 

Ancaq Ermənistanın tutduğu mövqe nəticəsində danışıqlar prosesi dalana dirənib. Ermənistan Azərbaycanın təkliflərinə üç dəfə cavab verməklə sülh sazişindən yayınıb. Görünür, Nikol Paşinyan hazırda Ermənistan daxilində müəyyən məsələləri həll etməyə çalışır. Ermənistanda Konstitusiya referendumu da bu məqsəd daşıyır. Əgər Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaradan maddələr konstitusiyadan çıxarılsa, Ermənistanın süllh danışıqlarında maraqlı olduğunu söyləmək olar. 

Amma düşünürəm ki, may ayına qədər hər hansı sülh sazişindən söhbət gedə bilməz. Əlbəttə, ABŞ-ın vasitəçiliyinə Azərbaycan da razıdır. Hətta Vaşinqton Prezident İlham Əliyevlə Nikol Paşinyanın da görüşünü təşkil edə bilər.

Lakin Paşinyan sülh müqaviləsini imzalamağa hələ hazır deyil. Eyni zamanda, Rusiya Ermənistan hakimiyyətinə ciddi şəkildə qəzəblidir. Müəyyən bir böhranlı format yaranıb. Avropa İttifaqı Ermənistana iki illik müşahidə missiyası göndərib. 

Ermənistanda əsgər yataqxanasında yanğının baş verməsi və 15 əsgərin ölümündə Rusiya izi axtarılır. Hadisələr göstərir ki, Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Ermənistanda Konstitusiya referendumu keçirildikdən sonra rəsmi İrəvan sülh müqaviləsinə imza ata bilər. Ümumiyyətlə, ABŞ sülh prosesini aparır. Əgər bu proses Azərbaycanın təklifi əsasında aparılmasa, rəsmi Bakı Vaşinqtonun gündəliyini geri çevirə bilər”.

Həmçinin oxuyun

Viktor Orban: “Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm”

“Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm”. Bu barədə Macarıstanın Baş …