Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Daha bir qurum Nəqliyyat Nazirliyindən alınır

Daha bir qurum Nəqliyyat Nazirliyindən alınır

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin DİN-ə verilməsi təklif edilir, ekspertlərsə bunun müsbət nəticəsi olacağını düşünmür…

Daha bir qurum Nəqliyyat Nazirliyindən alınır. Artıq Milli Məclisdə bununla bağlı təklif verilib. Milli Məclisin sonuncu iclasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınıb Daxili İşlər Nazirliyinə verilməsi təklif olunub. Bu təşəbbüslə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib.

O bildirib ki, onsuz da bu mərkəzdə toplanan məlumatlar DİN-ə ötürülür və bu qurumun DİN-ə verilməsi nəqliyyat sektorunda son vaxtlar aparılan islahatlara öz töhfəsini verəcək: “Hesab edirik ki, hökumət bunu yaxın zamanlarda müzakirə edib qərar verəcək”. Ə.Hüseynlinin təklifinə deputat Adil Əliyev də dəstək verib.

Ekspertlər isə təklifin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin işinə müsbət təsir göstərəcəyinə o qədər də ümid etmirlər. Nəqliyyat Nazirliyində isə məsələ ilə bağlı ancaq mətbuatdan eşidiblər. Qurumun mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, xəbəri Milli Məclisdə səsləndikdən sonra eşidiblər: “Bütün hallarda o qurumun səlahiyyətinin necə bölüşdürülməsi məsələsində mən səlahiyyətli deyiləm. Hər halda, bu elə bir məsələdir ki, aidiyyəti instansiyalar, müxtəlif qurumlar rəy bildirə bilər. Bu, hökumət, qanunvericilik səviyyəsində müzakirə olunan məsələdir. Təklif açıqlanıb. Bu sistem hələ də bizim nəzdimizdə fəaliyyət göstərir. Hər halda, müzakirəsiz bu barədə danışmaq düzgün deyil. Əgər yekun qərar olarsa, fikrimizi açıqlayarıq. Bu, daha yüksək instansiyaların müzakirə mövzusudur. Bununla bağlı indiyə qədər nazirlikdə heç bir müzakirə olmayıb, narahatlıq da yoxdur. Bu sistem indiyə qədər çox yüksək səviyyədə öz işini davam etdirib. Sistem hər gün yeni texnologiyalarla, yeni dikirlərlə zənginləşdirilir. Daha çevik idarəetmə mərkəzi yaranıb orada. O mərkəz indi daha yaxşı fəaliyyət göstərir. Yəqin birbaşa yol hərəkətinin tənzimlənməsinə görə deputatlar həmin fikirləri səsləndiriblər”.

Ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, burada söhbət idarəetmənin özünün yanaşmasından gedir: “İntellektual idarəetmə sisteminin hansı nazirlikdə olmasının heç bir əhəmiyyəti yoxdur. Bu sistemin quraşdırılmasına 110 milyona yaxın pul xərcləndi. Yəni bütün xətlər yeniləndi, ekranlar quraşdırıldı, yeni xətlər quraşdırıldı. Şəhərdə iki minə yaxın yeni xətlər çəkildi. Şəhərin küçələrini məhz buna görə qazırdılar. Yəni burada söhbət mərkəzin hansı idarədə, nazirlikdə olmağından, kimin tabeçiliyində olmağından getmir. Söhbət ümumiyyəltə bu sistemin normal çalışması üçün yaxşı komandanın formalaşmasından gedir. Məsələn, qonşu Gürcüstanda Tbilisi şəhərində cəmi 10 milyon dollara başa gəldi bu sistem. Çox etibarlı və çox normal da işləyir.

Çünki ona birbaşa bələdiyyə nəzarət edir. Bələdiyyə isə seçkili orqandır. Şəhər meriyası seçkili orqandır. Mer seçkiləri keçirilir. Mer də anlayır ki, bu sahədə problemlər yaşansa, nəqliyyat çox ciddi məsələdir və problem olacaq. Bu, insanların gündəlik təmasda olduğu sahədir. Əgər bu sahədə problem yaşansa, gələn seçkilərdə onun səs itirmə və seçilməmə riski var. Onun üçün seçilən şəxs çalışır ki, o sistem daha yaxşı işləsin. Azərbaycanda problem məsuliyyət problemidir. Bu sistemi hansısa başqa bir quruma versələr də, məsuliyyət, hesabatlılıq yoxdur. Nə parlament qarşısında, nə ictimaiyyət qarşısında hesabatlılıq yoxdur. Bütün nəqliyyat sistemi normal olan ölkələrdə olduğu kimi, meriya, böyük şəhər bələdiyyəsi yaradılmalıdır və onun tərkibində fəaliyyət göstərməlidir. İnsanların ictimai nəzarəti həyata keçirilməsi üçün şərait yaradılmalıdır. Amma görünən odur ki, Azərbaycan Avropa Şurasına daxil olub, ancaq öhdəlikləri yerinə yetirmir. Böyük şəhər bələdiyyəsinin yaradılması ilə bağlı öhdəliyi yerinə yetirmir. Sonuncu olaraq Ermənistan 2009-cu ildə bu öhdəliyi yerinə yetirdi və böyük şəhər bələdiyyəsi yaradıldı, mer seçkiləri keçirildi. Yeganə ölkə Azərbaycandır ki, bu addımı atmaq istəmir”.

Ekspertin sözlərinə görə, problemin kökündə məhz siyasi idarəetmə sisteminin özü dayanır: “Hansı strukturun idarəolunmasında bir az yaxşı, bir az pis olan addımlar ola bilər. Amma köklü şəkildə dəyişikliklərə nail olımaq istəyiriksə, fundamental idarəetmənin özünün də yanaşması dəyişdirilməlidir. Buna görə də Azərbaycanda nəhayət ki, seçkili orqanlar, bələdiyyələr yaradılmalıdır”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın