Şənbə , May 25 2019
Ana səhifə / Siyasət / “Dağlıq Qarabağ – dondurulmuş münaqişə deyil…”

“Dağlıq Qarabağ – dondurulmuş münaqişə deyil…”

Rusiyalı politoloq savaş xəbərdarlığı etdi və maraqlı təklif verdi: “Minsk üçlüyü ilə yanaşı, Rusiya-İran-Türkiyə regional üçlüyü yaradılsın”; Kremlin mərkəzində olduğu “üçlüklər” isə uğurlu ola bilmir, çünki…

2015-ci il Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sərkisyan arasında heç bir görüş olmadan başa çata bilər. Hər halda, onların arasında çoxdan planlaşdırılan Nyu-York təması olmayacaq. Çünki bugünlərdə bəlli olub ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri, o xüsusda Amerika tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Məclisinin sessiyası çərçivəsində görüşünü təşkil edə bilməyiblər.
O da məlum olub ki, cəbhə xəttində situasiyanın kəskinləşməsi fonunda həmsədrlər yalnız Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü hazırlamağa başlayıblar.
Bəzi mənbələrin məlumatına görə, görüşün alınmaması Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a getməkdən imtina etməsi ilə bağlıdır. Qeyd edək ki, gələn ayın sonunda işinə başlayacaq BMT Baş Məclisinin sessiyasında İlham Əliyevin də çıxışı gözlənilirdi. Ölkə başçısının Amerikaya getməyəcəyi ilə bağlı xəbərlərə hələ ki rəsmi münasibət bildirilməyib.
***
Vasitəçilər prezidentlərin görüşünü aylar idi ki, hazırlayırdılar. Ancaq fakt budur ki, bu hazırlıqlar boşuna gedib. Əslində rəsmi Bakı status-kvonun saxlanmasına xidmət edən görüş xətrinə görüşlərin əleyhinədir və bunu bir neçə dəfə açıq şəkildə bəyan edib. Odur ki, növbəti səmərəsiz görüşdənsə, onun  elə olmaması daha məqbul görünür. Çünki böyük ehtimalla, Nyu-York təması da əvvəlkilərdən fərqlənməyəcəkdi.
Belə qənaət üçün əsaslar yetərincədir. Ən birincisi odur ki, prezidentlərin 27 oktyabr 2014-cü il Paris görüşündən sonra Dağlıq Qarabağ məsələsi ətrafında faktiki, heç nə dəyişməyib, işğalçı Ermənistana vasitəçi dövlətlərin loyal münasibəti də yerində qalır. Belə olan təqdirdə və ötən illərin də təcrübəsi göstərir ki, prezidentlərin görüşü heç bir konstruktiv nəticəyə gətirə bilməz.
Problemin həllinə əngəl olan əsas faktorlardan biri isə məhz Rusiya və onun Qarabağ siyasətidir. Hərçənd Rusiya rəsmiləri daim başqa hava çalırlar, guya Moskva münaqişənin yoluna qoyulmasına çalışır, sadəcə, tərəflər razılığa gələ bilmirlər. Halbuki az qala uşağa da bəllididr ki, Rusiyanın birbaşa asılılığında olan Ermənistan məsələdə heç bir ciddi söz sahibi deyil, heç vaxt da olmayıb.
***
“Rusiya Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz öhdəliklərinə məsuliyyətlə yanaşır”. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova konfliktlə bağlı ölkəsinin roluna toxunarkən bildirib.
“Ümid edirik ki, Rusiyanın hansısa başqa ölkələrlə bizim günahımız üzündən baş verməyən fikir ayrılıqları Minsk Qrupunun isinə təsir göstərməyəcək. Biz tərəfdən heç bir əngəl, sual və ya problem ola bilməz. Biz bu formatın iştirakçısıyıq və öz öhdəliklərimizə çox məsuliyyətlə yanaşırıq, çünki başa düşürük ki, nə dərəcədə ciddi bir mövzu Minsk Qrupunun gündəliyindədir” – qeyd edib XİN rəsmisi.
 
Yəni yenə konstruktivlik imitasityası. Məsələ də ondadır ki, Moskva həqiqətən vasitəçilik öhdəliklərinə ciddi və məsuliyyətlə yanaşsaydı, o sırada vasitəçilik missiyasının məsuliyyətini dərk eləsəydi, o zaman konfliktin həllinə səmimi şəkildə yardımçı olardı, nəinki onu İrəvanın əli ilə tormozlayardı. 
Müşahidələr göstərir ki, Kreml bu siyasətini tezliklə dəyişmək fikrində deyil. Xarici işlər naziri Sergey Lavrovun Bakıya bu gün başlayacaq səfərindən də eyni səbəbə görə nəticə gözləməyə dəymir – baxmayaraq ki, səfər çərçivəsində Qarabağ məsələsinin müzakirə ediləcəyi bildirilib.
***
Münaqişənin həllində hələ də işıq ucunun görünməməsi isə onun istənilən an alovlanması riskini aybaay artırır. Bunu Kremlə yaxın rusiyalı ekspertlər də gizlətmirlər.
“Təmas xəttindəki son olaylar göstərir ki, Dağlıq Qarabağ münaqişəsi heç də dondurulmayıb və bu, yavaş-yavaş tüstülənən bir nöqtədir. Bu, onu göstərir ki, Minsk Qrupu öz işini kifayət qədər keyfiyyətli görə bilmir”. Rusiyalı politoloq, prezident Vladimir Putinin etibarlı adamı olmuş Sergey Markov belə deyir.
 
Onun sözlərinə görə, ara verməyən hərbi toqquşmalar hamsısa aralıq qərarın qəbulunu zəruri edir: “Belə bir qərar əvvəla, nəhəng problemlər kompleksini qismən həll edərdi. Onların arasında əlbəttə ki, ən mühümü – azərbaycanlı qaçqınların Dağlıq Qarabağ ətrafındakı boş qalan 6 rayona qayıtmasıdır, hansını ki, Ermənistan gələcəkdə mübadilə eləmək məqsədilə öz nəzarətində saxlayır. Nəhayət, normal, diplomatik danışıqlar bərpa olunmalıdır ki, situasiyanın həllinə çıxış mümkün olsun”.
“Mən düşünürəm ki, Ermənistan özünün daha yaxşı iqtisadi inkişafı, öz vətəndaşlarının və Dağlıq Qarabağ sakinlərinin rifahını təmin eləmək üçün Azərbaycan və Türkiyənin yaratdığı blokadanın götürülməsində maraqlıdır. Eyni zamanda Azərbaycan köçkünlərin Dağlıq Qarabağ ətrafındakı boş alan rayonlara geri dönməsində maraqlıdır” – qeyd edib ekspert.
Onun fikrincə, Minsk Qrupu xətti ilə danışıqlar alınmırsa, o zaman nizamlama prosesinə başqa yolla stimul vermək lazımdır: “Moskva belə danışıqların təşkili üçün ən təbii vasitəçi rolunda ola bilərdi. Perspektivdə Minsk üçlüyündən (Rusiya, ABŞ, Avropa Birliyi) savayı, situasiyanın sağlamlaşmasına xidmət edən Rusiya-İran-Türkiyədən ibarət regional üçlük də mümkün ola bilər”, – deyə Markov fikrini tamamlayıb.
***
Doğrudan da bəlkə İran və Türkiyənin prosesə aktiv qoşulması konfliktin həllini ölü nöqtədən çıxardı? 
“İranın sanksiyalardan sonra fəallaşması Qarabağ məsələsinə müsbət təsir edəcək”. Bu barədə “Region” təhqiqat mərkəzinin “Dialoq – beynəlxalq mətbuat mərkəzi” çərçivəsində təşkil elədiyi internet mətbuat konfransında başqa bir rusiyalı politoloq, Avrasiya inteqrasiyası və Mərkəzi Asiya məsələləri üzrə ekspert Arkadi Dubnov Qarabağ zonasında müharibə ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib.
“Güman edirəm ki, nüvə məsələsi ilə bağlı sanksiyaların götürülməsindən sonra regionda İranın rolu artdıqca Qarabağ məsələsində də situasiya yaxşı istiqamətə dəyişəcək” – qeyd edib analitik. Ekspertin ehtimalına görə, “Dağlıq Qarabağda müharibə yəqin ki, olmayacaq, ancaq müxtəlif dərəcəli intensivlikdə xoşagəlməz hadisələr, o cümlədən hərbi xarakterli olaylar mümkün və qaçılmazdır”. 
***
Bütün hallarda bir şey dəqiqdir ki, istər Minsk üçlüyü olsun, istərsə də “regional üçlük”, nə qədər ki, üçlüklərin mərkəzində Rusiya durur Qarabağ problemi də acı bağırsaq kimi uzanacaq, çünki Moskva konfliktin həllinə çalışmır, münaqişənin çözümündə maraqlı olması barədə bəyanatları da səmimi deyil. Səbəb bu dərəcə sadə.
Görünən həm də odur ki, Rusiya nəinki Dağlıq Qarabağ probleminin həllini arzulamır, həm də obrazlı ifadə eləsək, “Cəhənnəmə getməyə” özünə yoldaş aparır. Onun biri və birincisi şübhəsiz ki, Ermənistandır. Bunu Ermənistanın siyasi və ekspert dairələrində də artıq aydın şəkildə dərk edirlər.
***
Misal üçün, erməni politoloq İqor Muradyan Rusiyanı sərt tənqid atəşinə tutaraq erməni xalqının bütün bədbəxtliklərində şimal qonşumuzu günahlandırıb. O qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına inteqrasiyası prosesinin iflasa uğramasından sonra Rusiya açıqdan-açığa şantaj siyasətinə keçib. Sitat: “Rusiyanın bu planı boşa çıxdıqdan sonra Moskva şantaja keçdi. Bütün vasitələrdən istifadə olundu, qazın qiymətləri qalxdı, elektrik enerjisinin qiymətlərinin qalxacağı haqda xəbərlər yayıldı, Qarabağ cəbhəsində gərginlik artdı, rusiyapərəst müxalifət fəallaşdı. Bu müstəmləkəçilik siyasətidir. Bütün bunlar onu göstərir ki, Rusiya Ermənistanı müstəmləkəsi kimi saxlamaq, nəyin bahasına olursa-olsun bu regionda qalmaqda maraqlıdır”.
Daha sonra erməni cəmiyyətinin siyasi seçimini şərh edən erməni politoloq ölkə əhalisinin böyük əksəriyyətinin Qərbə inteqrasiya tərəfdarı olduğunu vurğulayıb: “Ermənistanda kütlələrin səsini, onların tələbini işıqlandırmaq üçün normal, müstəqil KİV-lər belə yoxdur. Ölkənin bütün aparıcı media orqanları biznesi Rusiya ilə əlaqədar olan şəxslərin nəzarətindədir. Onlar ölkədə baş verənləri olduğu kimi işıqlandırmırlar. Hakimiyyətin və Rusiyanın əleyhinə olan fikirləri geniş tamaşaçı auditoriyasına çatdırmırlar, buna görə də kənardan belə təsəvvür yaranır ki, Ermənistanda hamı Rusiyanın tərəfdarıdır. Müxalifətin əlində beş-altı sayt və qəzet var və bununla da ölkədə baş verənləri tam işıqlandırmaq mümkün deyil”.
“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir, amma Qarabağ münaqişəsinin həlli üçün heç bir iş görməyib və özünü də Ermənistanın təhlükəsizliyinin qarantı elan edib. İndiyədək Rusiya Ermənistanın təhlükəsizliyinin təmini üçün heç bir iş görməyib. Moskvanın bütün məqsədi konfliktdən istifadə edərək regiondakı hərbi varlığını davam etdirməkdir” – deyə Muradyan fikrini tamamlayıb.

 

Həmçinin oxuyun

Amerikalı konqresmendən Azərbaycanla bağlı bəyanat

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Stiv Şabot (Steve Chabot) (Respublikaçı – Ohayo) Konqresin Azərbaycan üzrə …

Bir cavab yazın