Çərşənbə , İyun 19 2019
Ana səhifə / Siyasət / Dərs ilinin müddəti ilə bağlı müzakirələr yenidən qızışdı

Dərs ilinin müddəti ilə bağlı müzakirələr yenidən qızışdı

Etibar Əliyev: “Cəmiyyət bu prosesə qoşulmalı və sentyabrın 1-də dərs ilinin başlanması ənənəsinə qayıtmalıyıq”; Kamran Əsədov: “Şagirdlər iyun ayından etibarən istirahətə getməlidir, isti sinif otaqlarına yox”

2016-cı ildən etibarən orta məktəblərdə dərs ili iyunun 14-dək uzadıldı. Hansı ki, uzun illərdir Azərbaycanda dərs ili sentyabrın 1-də başlayıb, mayın 25-də bitirdi. Yeni qayda tətbiqi isə bir çoxlarının narazılığına səbəb oldu. Amma valideyn və ekspertlərin narazılıqları nəzərə alınmadı, bu il dərs ili yeni qayda ilə bitəcək.
Növbəti 2017-2018-ci tədris ilində dərslərin ayın neçəsində başlayıb neçəsində yekunlaşacağı yenə də insanları düşündürür və artıq bununla bağlı müzakirələr başlayıb. Bu günlərdə deputat Fazil Mustafa Milli Məclisdə yeni tədris ilinin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşmasını təklif edib: “Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır. Bu istiqamətdə bütün ictimai təşəbbüsləri dəstəkləməyə hazıram”.
Onun sözlərinə görə, bu tarixlər müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin keyfiyyətinə də müsbət təsir göstərər.
Sosial şəbəkələrdə bununla bağlı petisiya da başlayıb. Petisiyanın nəticələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarova, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək…
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bunun müzakirə mövzusu olmadığını dedi: “Bu məsələ müzakirə olunmur və bu barədə artıq qərar verilib. Məsələnin hər hansı bir nəticəsi ilə bağlı müzakirə ola bilməz”.
“XXI Əsr” Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Etibar Əliyev bildirdi ki, cəmiyyət bu prosesə qoşulmalı və sentyabrın 1-də dərs ilinin başlanması ənənəsinə qayıtmalıyıq: “Mən Fazil Mustafanın təklifini dəstəkləyirəm. Dərslərin sentyabr ayının ortası başlaması normal deyil. Dərs ili bütün dünyada hansı ayda başlayırsa, o ayın əvvəli başlayır. Hətta spesifik ölkə olan Yaponiyada çox fundamental təhsil sistemi mövcuddur və burada dərslər aprelin 1-i başlayır. Yəni tədris ilinin ayın əvvəlində başlaması həm də tədris ilinin başa çatmasını nizamlaya bilər. Konkret olaraq fənn proqramlarının yerinə yetirilməməsinin əsas səbəbini dərslərin sentyabrın 15-də başlamasında axtarmaq lazımdır. Bundan sonra müəyyən vaxt axtarışında oluruq ki, proqram tam yerinə yetirilsin. Ümumiyyətlə, ötən tədris ilində dərs ilinin uzadılması böyük ajiotaja səbəb oldu. Amma biz gözləyirdik ki, valideynlər bunu dəstəkləyəcək. Çünki uşaqlar isti yay günlərində 15 gün əlavə dərs keçirlər. Yəni bu uşaqların səhhətinə və yaxud da vaxtlarının sui-istifadəsinə həsr olunmur. Sadəcə olaraq uşaqları 15 gün əlavə öyrətmək lazım idi. Tədris ilinin sonlarında dərs ilinin uzadılması məsələləri sentyabrın 15-də dərslərin başlamasından irəli gəlir. Biz uzun illər dərs ilinin sentyabrın 1-də başlanmasının şahidi olmuşuq. Bu həm də simvolik xarakter daşıyır, eyni zamanda dərs proqramlarının mənimsənilməsinə, həm də uşaqların və valideynlərin məktəbə daha yaxşı hazırlaşmasına şərait yaradır”.

Image result for Kamran təhsil
Digər təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, şagirdlər iyun ayından etibarən istirahətə getməlidir, isti sinif otaqlarına yox: “Bizim ümumi dünyəvi təhsilə kütləvi şəkildə cəlb olunmamız sovetlər dövründə baş verib. Buna qədər, yəni 1920-ci ilə qədər Azərbaycanda orta məktəblərə çox az sayda insan cəlb olunurdu. Daha çox dini mərkəzlərdə tədris həyata keçirilirdi ki, bunun da başlama və bitmə vaxtı qeyri-müəyyən idi. İnsanlar uzun müddət tədrisə sentyabrın 1-də başlayıblar və bu da psixoloji cəhətdən rahatlıq yaradır. Burada söhbət 15 gündən gedir. Sanki bu 15 gün ərzində şagirdlər 9 ay ərzində öyrəndiklərindən daha çox bilik qazanırlar. Təhsil sahəsinin zaman-məkan prinsiplərinə, daha çox milli mentalitet, milli psixologiyaya önəm verilsə, daha effektiv olar. Mən də hesab edirəm ki, dərslər və tədris ili 1 sentyabrdan başlamalıdır və may ayının sonunda bitməlidir. Bu həm də tamlıq deməkdir. İstər dərs saatlarının bölgüsündə, istər istirahət günü məsələsində bu vacibdir. Bu, həm də valideynləri yay geyimi almaq üçün əlavə xərclərdən azad edər. Yəni 15 sentyabrda dərs başlayanda şagird yay geyimini 15-20 gün istifadə edə bilər və valideynlər qısa müddətdən sonra yenidən xərcə düşəcək. Amma dərslər 1 sentyabrdan başlasa şagirdlər alınan məktəbli formasını bir az daha uzun müddət istifadə edəcək. 1 sentyabrdan dərslərin başlamasını vacib edən amillərdən biri də odur ki, şagirdlərin dərsi mənimsəməsi isti aylarda daha aşağı səviyyədə olur. Amma 1 sentyabr və mayın sonu Azərbaycanda sərin hava şəraiti olduğuna görə, iyunun isti vaxtlarında şagirdlərin dərsə davam etməsi effektiv olmur.
Yenə də deyirəm, bu dərs həftəsində hansısa azalma ilə müşahidə olunmayacaq. Çünki 14 iyunda bitən dərsi sentyabrda 15 gün əvvələ çəkməklə bərabərlik təmin olunur. Reallığı deyək ki, onsuz da mayın 20-dən sonra orta məktəblərdə ciddi şəkildə dərslər keçirilmir. Kitablar mayın sonunda şagirdlərdən alınır və onlar 15 gün ərzində məktəbə boşuna gedirlər”.
Qeyd edək ki, uzun illər dərs ili sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşıb. Daha sonra sentyabrın 15-i başlayıb mayın 31-i yekunlaşdırıldı. Artıq son iki ildir ki, bu tarix yenidən dəyişdirilərək sentyabrın 15-i və iyunun 14-dək uzadıldı.

Həmçinin oxuyun

“ELÇİBƏY BAŞ NAZİRLİYİ TƏKLİF ETDİ, RAZILAŞDIM…” – “Amma axşam Bakını tərk etdi…”

1993-cü ilin bugünlərində Azərbaycanda baş verən ziddiyyətli olaylarda üzdə olan fiqurlardan biri də AMİP lideri …

Bir cavab yazın