Ana səhifə / Siyasət / Dərmanın da “qara bazar”ı yaranır

Dərmanın da “qara bazar”ı yaranır

Ən çox işlənən dərmanlar apteklərdə tapılmır; ekspert ölkədə bütün məhsulların bahalaşmasına təsir edən faktorları açıqladı

 
Ölkədə ciddi bahalaşma gözlənilir. Daha çox ərzaq mallarının qiymətinin bahalaşacağı bildirilir. Həmçinin dərman preparatlarının qiymətının də kəskin şəkildə artacağı ehtimal edilir. Artıq bazar-dükanlarda, marketlərdə  bahalaşma müşahidə olunur. Ekspertlər isə qarşıda da növbəti bahalaşma dalğasının ola biləcəyini narahatlıqla vurğulayırlar. 
Ekspert Qubad İbadoğlu musavat.com-a bildirib ki, hazırda bahalaşmaya təsir edən bir neçə faktorlar var: “Onların sırasında öndə mövsümi amillər gəlir. Mövsümi amillərin təsiri ilə hər il ənənəvi olaraq kənd təsərrüfatı məhsulları, meyvə, tərəvəz, eyni zamanda digər məhsulların qiymətində olur, bu da davam edəcək. Yəqin ki, yalnız qış aylarında deyil, yazın əvvəlində də bahalıq müşahidə olunacaq. İkinci faktor manatın devalvasiyasından qaynaqlanan bahalaşmadır. Çünki manat dəyər itirdikcə, idxal mallarının qiymətinin daxili bazarda bahalaşmasını müşahidə edəcəyik. Çünki ölkə bazarında tələbat mallarının bir hissəsi idxal hesabına təmin olunur və bu idxal mallarının siyahısında özümüzün də gündəlik istifadə etdiyimiz ərzaq məhsulları var. Ət və ət məhsulları, süd məhsulları, digər bu tip məhsullar var, o cümlədən un və un məmulatları var, bu tip idxal mallarının bahalaşması gözləniləndir və bu, davamlı şəkildə müşahidə olunacaq”.
 
Q.İbadoğlunun sözlərinə görə, üçüncü faktor qiymətlərin bahalaşmasına Tarif Şurasının təsiridir: “Tarif Şurasının qərarından qaynaqlanan bahalaşma da var. Çünki ötən aydan qazın və işığın qiymətinin bahalaşması artıq öz təsirini göstərir. Əhali qrupu üzrə istehlakçılar ötən aydan elektrik enerjisinin, bu aydan da qazın qiymətinin bahalaşmasını ciddi şəkildə müşahidə edəcəklər. Həm qazın, həm elektrik enerjisinin yanacaq kimi istehsal olunan məhsulların maya dəyərində də xərci kifayət qədər yüksəkdir. Bu yanacaq həmçinin ayrı-ayrı xidmətlərdə və yaxud da istehsalda, hətta tədavüldə də qiymətə təsir edəcək. Tutaq ki, supermarketlər özləri istifadə etdikləri soyuduculardan tutmuş, kassada avtomatlaşdırılmış əməliyyatlara kimi hamısı elektrik enerjisi sərfinin artımına gətirib çıxaracaq. Təbii ki, bu, son nəticədə ticarət əlavəsinin bahalaşmasına və təklif olunan məhsulların qiymətinin artımına gətirib çıxaracaq. Və yaxud digər sektorlarda, çörəkbişirmə və digər sahələrdə də elektrik enerjisinin sərfinin artması, istehlakın çoxalması məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək”.
Həmsöhbətimiz qeyd edib ki, qiymət artımına məruz qalacaq sahələrdən biri də dərman və dərman preparatlarıdır: “Son zamanlar bir sıra dərmanların qiyməti artıb, hətta bir çox dərman preparatlarının əldə olunması çətinləşib. Çox işlənən dərmanların qıtlığı yaranıb. Digərləri də orta hesabla iki dəfə bahalaşıb. Artıq Azərbaycanda dərmanların da ”qara bazarı” formalaşır. Qeyd edim ki, 2015-ci ilin ortalarından başlayaraq dərman vasitələrinin qiymətlərinin inzibati tənzimlənməsi prosesi həyata keçirilir.
Elə o vaxtdan da dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə məsul orqan Tarif Şurasıdır. Tarif Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problemlər daha da artmaqdadır. Hazırda bir qrup dərmanlar satış dövriyyəsindən çıxarılıb, bir qrup dərmanlar isə kəskin bahalaşdığından onun da ikinci əldən satışı, yəni “qara bazar”ı formalaşıb.
Belə ki, ən çox işlənən dərmanlardan ksantional, nikotinat, levomisetin, pirogenal, bromgeksin apteklərdə tapılmır, onların satış qiymətlərinin düzgün tənzimlənməməsi nəticəsində ölkəyə idxalı demək olar ki, dayanıb. Son 1 ildə Azərbaycanda əksər dərmanlar orta hesabla 20 faiz bahalaşıb. Bir qrup dərmanların qiyməti isə 2 dəfəyədək artıb. Vaxtı ilə 50 manata olan Albumin hazırda 110 manata, 40 manata olan TAD 600 80 manata, 12 manata olan Paskorbin 22 manata təklif olunur. Bu bazarda qiymətdən sonra müşahidə olunan əsas problemlərdən biri də dərmanların keyfiyyətidir.
Image result for Qubad İbadoğlu
Odur ki, dərman vasitələrinin qiymətinin liberallaşdırılması ilə yanaşı, keyfiyyətinə nəzarət sahəsində də islahatlar aparılmalıdır. Əks təqdirdə, bu sektorda vəziyyətin daha da ağırlaşması, saxta dərmanların satış dövriyyəsinə daxil olması müşahidə olunacaq. Bu vəziyyəti şərtləndirən səbəblərdən biri də dərman preparatlarının idxalındakı oliqopoliyanın dəstəklənməsidir. Odur ki, dərman bazarında yalnız qiymətlərin liberallaşması, idxalın demonoplizasiyası və yerli əczaçılıq sənayesinin inkişaf etdirilməsi mövcud problemin həllinə dəstək ola bilər”.
Ekspertin fikrincə, gözlənilən qiymət artımları da var: “Bu da Tarif Şurasının növbəti qərarları ilə bağlıdır. Bu, kommunal sektorda və digər sahələrdə qiymət artımının davam edəcəyini ehtimal etməyə əsas verir. Bahalaşma gözləniləndir. Düşünürəm ki, yaxın zamanlarda belə qərarlarla da üzləşəcəyik. Mənim gözləntilərim daha çox ərzaq məhsullarının bahalaşacağından ibarətdir. Qeyri-ərzaq məhsullarının isə qiymətinin ucuzlaşmasını görə bilərik. Söhbət geyimdən, müəyyən dəbdəbəli mallardan, mebel satışından gedir. Bu kimi sahələrdə qiymətlərin ucuzlaşması mümkündür”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın