Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Dəniz sərin, qiymətlər isti – çimərliklərdə ayaqbasdı haqqını kimlər tətbiq edir? – FOTOREPORTAJ

Dəniz sərin, qiymətlər isti – çimərliklərdə ayaqbasdı haqqını kimlər tətbiq edir? – FOTOREPORTAJ

– Salam, oğlum. Çimərliyə giriş burdandır?

– Bəli. Amma əvvəlcə 5 manat ödəməlisiniz.

– Ödəniş nə üçündür?

– İçəri girmək üçün.

– Axı mən ancaq dəniz kənarında gəzmək istəyirəm, o da pulludur?

– Nə olsun, bura bizim ərazidir. İçəri girmək pulludur.

 

Necə deyərlər, 5 manat sadəcə çimərliyə ayaq basmaq üçündür. Xəbəriniz olsun ki, sonradan istifadə etmək istədiyiniz digər xidmətlər üçün əlavə pul ödəyəcəksiniz.

 

Evdəki hesabla “bazardakı qiymət” üst-üstə düşmədiyinə görə, bəziləri bu təklifdən sonra geri dönmək məcburiyyətində qalır.

 

Ümumiyyətlə, bizdə kasıblar və imkanlılar üçün çimərliklər fəaliyyət göstərir.  Adları özləri haqqında yetərincə informasiya versə də, yerindəcə obyektlərə baş çəkib vəziyyəti araşdırmağa çalışdıq. Axı bu ayaqbasdı qiymətini kim müəyyən edir?

 

Pullu ilə pulsuzun fərqi

 

Əvvəldən qeyd edək ki, bütün çimərlik əraziləri müvafiq icra hakimiyyətlərinin tabeliyindədir. Çimərliklər rayon icra hakimiyyətləri tabeliyində olsa da, nədənsə onların bu sahədə fəaliyyəti hiss olunmur. İcra hakimiyyəti tərəfindən tədbir görülmədiyindən çimərlik əraziləri müxtəlif işbazlar tərəfindən heç bir əsas olmadan hasarlanır, içərisinə iki-üç stol, çətir qoymaqla da ərazi özəlləşdirilir. İçəri pulsuz girmək istəyənə də “bura bizimdir” sözləri ilə dərs keçirlər.

 

İkinci tip çimərliklər isə müəyyən səbəbdən işbazların diqqətindən kənarda qalan ərazilərdir ki, bura ancaq kasıblar gəlir. Türkan çimərliyində hər iki variant üzərində araşdırma aparıb, fərqləri müəyyən etməyə çalışdıq.

 

Bu ərazidə dəniz kənarı bütünlüklə hasara alınıb deyə bilərik. “Türkan Sahil”, “Günəşli sahil”, “Bizim sahil” (bu adlar həm də ingiliscə qeyd olunmuşdu) kimi adları oxuyuruq. Adlarından başqa, aralarında heç bir xidmət fərqi olmayan bu çimərliklərdə sıxlıq müşahidə edilir. Yol boyunca düzülən maşınlardan yarıçılpaq çıxanların hərəsinin əlində yemək-içməklə dolu zənbillər var. Əvvəlcədən işlərini ehtiyatlı tutublar, evdən hazırlıqlı çıxıblar. Səbəbi də bəllidir – çimərlikdəki xidmətlərin od qiymətinə olması.

Əvvəlcə, ərazidəki yeganə pulsuz çimərliyə daxil oluruq. Pulsuz deyəndə, səhv başa düşməyin. Söhbət ayaqbasma pulunun olmamasından gedir. Giriş pulsuz olduğundan qumun üzərini qarpız qabığı, sərinləşdirici içki qabları, günəbaxan tumunun qabıqları, siqaret kötükləri, qarğıdalı hissələri olmadan təsəvvür etmirdik. Sağ olsun sakinlərimiz, bizi yanıltmadı. Yəni çimərlik bir növü yeməkxana, zibilxananı xatırladır. Bundan başqa, ən önəmli məqam dənizin çirkliliyidir. Belə ki, ərazidəki kanalizasiya suları dənizin içərisinə axıdılır. Çimərliyin həmin hissəsinə isə pis qoxudan yaxınlaşmaq mümkün deyil. Əlbəttə, hər il mövsüm başlamamışdan əvvəl Gigiyena və Epidemiologiya Mərkəzi işçiləri müvafiq monitorinq aparıb, çirklilik dərəcəsini müəyyən edirlər. Lakin bu çimərliyə necə rəy verilməsi çox qəribə görünür.

 

Çimərliyə gələnləri də ən çox narahat edən məsələ məhz gigiyena idi. Onlar kanalizasiya sularının çimdikləri suyun içərisinə axıdılmasından xəbərdar olsalar da, başqa seçimlərinin olmadıqlarını deyirlər.

 

Pulsuz olduğuna görə gəlmişik

 

Dəniz çirkli olsa da, qumun istiliyindən faydalanmağa çalışan Mahirə Səmədova ödənişli çimərliklə buranın əsas fərqinin təmizlikdə olduğunu deyir:

“Pullu çimərliklərdə ən azından təmizlik olur. Burda heç nə yoxdur. Üstəlik, adi bir stol, kabinə üçün 8 manat alırlar. Rəva bilirlər ki, insanlar günəşin altında qalsın. Lakin həmin kabinələrdə pulsuz oturmağa icazə vermirlər. Ancaq boş stollarını satıb pul qazanmaq istəyirlər. Təmizliyə də fikir verən yoxdur, kim hara gəldi zibil atır. Ümumiyyətlə, bu çimərliyə məcburiyyətdən gəlirik. Yeməyi də özümüzlə gətiririk, burda qiymətlər od tutub yanır. Əvvəl bir çaynik çaya bir manat deyirlər, alandan sonra 3 manat qiymət oxuyurlar. Yeməklər də keyfiyyətsizdir. Kababın da bir şişi 3-4 manat, üstündə üç tikə olur. Bunu kim alar?”

 

Çimərlikdəki restorandan heç kimin çay və kabab almadığını biz də müşahidə etdik.

 

Azər adlı şəxs bura yalnız pulsuz olduğuna görə gələnlərdəndir:

 

“Giriş pulsuzdur, amma kabinələrə elə qiymət qoyublar ki, pullu hesab edilə bilər. Başa düşmürəm, sadəcə geyinib-soyunmaq üçün bu yerə nə üçün 8 manat verməliyik. Heç ehtiyacımız da yoxdur. Növbəli şəkildə maşında geyinirik. Qadınlar elə geyimdədirlər ki, maşında belə də otura bilərlər”.

 

Həkim məsləhətinə görə uşağını dənizə gətirən Kəmalə xanım yaxın olduğuna görə buranı seçib:

 

“Dənizə girmirik, su çox çirklidir. Kabinələri də yer kimi götürürük. Düzü, buranın yeməklərinin keyfiyyətinə etibar etmədiyim üçün yeməyi evdən gətiririk. Bu çimərlik ümumiyyətlə pis gündədir, yaxşı ki, xilasedicilər var, batan olanda xilas edir. Yoxsa burdakı vəziyyət heç kimi maraqlandırmır”.

 

Uşaqları ilə çimərliyə gələn Naciyə xanım suyun natəmizliyindən narazıdır:

 

“Su çox çirklidir, əslində uşaqları bura gətirmək düzgün deyil. Başqa yolumuz olmadığına görə, bura gəlmişik. Amma bir şey yaxşıdır ki, burada xilasedicilər var. Bəzən başımız qarışır, uşaq irəli gedə bilər, xilasedicilər tez xəbərdarlıq edirlər. Ona görə də burada batma halı olmayıb”.

 

Çimərlik ərazisində yemək, geyinmək kimi, çimmək də pulludur. Amma çimərlik ərazisində buranın duş xidmətindən istifadə edən bir nəfər də tapa bilmədik. Səbəb oranın istifadəyə yararsız olması idi.

 

“Dənizdən çıxanda harada çiməcəksiniz” sualına həmsöhbətlərim yerdəki su qablarını göstərib “Bunları başımıza töküb gedəcəyik” cavabını verdilər.

 

Yeganə müsbət məqam

 

Suyu olmayan bu obyektdə standartlara uyğun xidmət gözləməyin yersiz olduğunu anlayıb ərazini tərk etməyə qərar veririk. Amma bu çimərlikdəki yeganə müsbət məqamı qeyd etmədən buranı tərk etmək istəmədik. Bütün qurumların diqqətindən kənarda qalmış bu çimərlikdə FHN əməkdaşları iş başında idi.

 

İnsanlar təmizlik qaydalarına əməl etməsə də, onların təhlükəsizliyi Sularda Xilasetmənin əməkdaşları tərəfindən daim diqqət mərkəzində idi. Sahil zolağı boyunca maarifləndirici lövhələr quraşdırılıb. Bu lövhələrdə çimərlik ərazisində hərəkətlə bağlı məlumatlar həm şəkil, həm də sözlərlə göstərilib. Lövhələrdə əcnəbi dillərdə də məlumatlar var. Dövlət Sularda Xilasetmə Xidməti iyunun 1-dən çimərlik mövsümü ilə bağlı gücləndirilmiş iş rejiminə keçib. Səhər saat 09:00-dan axşam 21:00-a qədər xilasedicilər iş başındadırlar. Yalnız yayda deyil, qışda da xilasedicilər iş başında olur.

 

İş başında olsalar da, xilasedicilərlə söhbət etmək imkanımız olur. Onlar hər kəsə fərdi yanaşıb təhlükəsizlik qaydaları barədə məlumat verirlər.

 

Deyirlər ki, əvvəl insanlar xəbərdarlığa ciddi yanaşmasalar da, son dövrlər daha anlayışla qarşılayırlar. Əlbəttə, hələ də xəbərdarlığı özünə qarşı hörmətsizlik kimi qəbul edənlər də az deyil. Qaydalara əməl etməyənlər, spirtli içki qəbul edənlər isə həm xilasedicilərin, həm də öz həyatlarının “düşməni” hesab edilir.

 

65 faizi gənclərdir

 

Ərazidə olan Nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti Təbliğat və Təşkilat sektorunun müdiri Mansur Piriyev bildirir ki, yanvar ayından bu günə qədər batmaq təhlükəsi ilə üzləşən 166 nəfər xilas edilib. Onların 107-si çimərlik, qalanları qeyri-çimərlik ərazisində olub. Bu il çimərlik ərazisində bir nəfər də olsun batma halı qeydə alınmayıb. Xilas olunanların 65 faizi gənclər və yeniyetmələrdir. Xilasedicilər həm sahil zolağı, həm də suyun içərisində təyin olunmuş xətt üzrə patrul xidməti həyata keçirirlər.

 

“Xilasedicilər sahil zolağında “təhlükəli şəxslər”ə yaxınlaşıb məlumatlandırırlar. Suyun içərisində də məhdudlaşdırıcı xətləri keçənlərə patrul xidməti əməkdaşları yaxınlaşıb xəbərdarlıq edir. Çünki həmin xətdən sonra dərinlik 1.75 metrdən çox olur, bu da təhlükəli hesab edilir. Bəzən vətəndaş xəbərdarlığa əməl etmədikdə, onun təhlükəsizliyi üçün dənizdən çıxmağa məcbur edirik”.

 

Qanunsuz hasarlar

 

Elə biz ərazidə olarkən də insanların təhlükəsizlik qaydalarını pozmalarını müşahidə edirik. FHN əməkdaşları onlara yaxınlaşıb xəbərdarlıq edirlər.

M.Piriyev deyir ki, işlərini çətinləşdirən digər məqam çimərlik ərazilərində qanunsuz olaraq hasarlanmış obyektlərin sayının artmasıdırr:

 

“Bu obyektlər əsasən qadağan olunmuş su hövzələrinin ətrafında fəaliyyət göstərir, müxtəlif yollarla insanları cəlb edirlər. Çimərlik ərazisi olmasa da, insanların çimməyinə şərait yaradırlar. Onlar sadəcə ərazini hasarlayıb, müəyyən obyektlər açmaqla işlərini bitmiş hesab edirlər. Çimərlik kimi qeydiyyatdan keçmədiyinə görə həmin ərazidə suyun dibi yoxlanılmamış olur. Bu da dənizdə çimənlərin həyatı üçün təhlükə deməkdir. Çünki normalda hər il suyun dibi yoxlanılmalıdır.

 

Ən təəssüf doğuran məqam həmin obyektlərdə spirtli içkilər satılmasıdır. Spirtli içki qəbul edən şəxsin suya daxil olması daha təhlükəlidir. Bəzi sahibkarlar isə dəniz əyləncəsi üçün şərait yaratsa da, təhlükəsizlik tədbirləri görmür. Bu da işlərimizi çətinləşdirir. Düzdür, həmin ərazilərdə monitorinqlər keçirir, lövhələr quraşdırırıq. Həmçinin hadisə baş verdiyi halda, xilasedicilərimiz dərhal katerlərlə həmin əraziyə gedirlər. İstər təhlükəsizlik qaydalarını pozan vətəndaşlar, istərsə də obyekt sahibləri ilə bağlı cərimələrin tətbiqi üçün layihə hazırlayırıq. Gələcəkdə qaydaları pozanlara qarşı cərimələr tətbiq edilə bilər. Bu cərimələrin hüquq pozmaların qarşısını alacağına inanırıq”.

 

M.Piryev həmçinin əhalini qanuni fəaliyyət göstərən çimərliklərdən istifadəyə çağırdı. Qanuni və qanunsuz çimərlikləri bir-birindən ayırmağın yollarını da izah etdi:

 

“Çimərlik kimi qeydiyyatdan keçən ərazilərdə Fövqəladə Hallar Nazirliyinin məntəqələri fəaliyyət göstərir. Məntəqələr olmayan ərazilərdə çimmək təhlükəlidir. Bura çay, kanalları da aid edə bilərik. Xüsusən də kənd yerlərində insanlar bu yerlərdən daha çox istifadə edirlər ki, onlar xüsusi təhlükəli ərazilər hesab edilir. Təəssüf ki, insanlar su hövzəsinin çimərlik olub-olmaması ilə çox da maraqlanmırlar. İnsanların çimərlikdən doğru istifadə üçün maarifləndirməyə ehtiyac var. Bu işlər öz nəticəsini göstərir”.

 

Türkan çimərliyi yalnız pulsuz xidmətdən ibarət deyil. “Günəşli Beach”ə giriş bir nəfərə görə 5 manatdır. Bura geyinmək üçün yer, çətir, oturacaqlar, duş, yelləncəklər daxildir. Bu xidmətlərin heç birindən istifadə etmək istəməsəniz belə, içəri daxil olmaq üçün ödəniş şərtdir. Üstəlik, ödənişə görə heç bir çek də verilmir. Burada çayın qiyməti 3-4 manat arası dəyişir. Yanında qənd, limon verirlər.  Kababın da şişi 4-5 manatdır.

 

Digər pullu çimərliklərdə də vəziyyət fərqli deyil. Bəzilərində ödənilən pul sadəcə giriş üçündür. “Besetka” 2, üstü çətirli stollar 5, kabinələr 10, duş 1 manatdır. Kababın şişi 5-10, sadə çay 5, çay dəstgahı 10 manatdan başlanır. Bir nəfərin bütün xidmətlərdən istifadə edərək istirahəti 30-40 manatdan az olmur. Çimərliyə maşınla gələnlər isə əlavə bir manat ödəməlidirlər.

 

Bu qiymətlərdən sonra, deyəsən, ən ağıllı qərar dənizə bulvardan baxmaqdır.

 

Gülxar Şərif

Fotolar Rəşad

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın