Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Çox iyrənc keçdi 2015-ci il, danışmaq istəmirəm”

“Çox iyrənc keçdi 2015-ci il, danışmaq istəmirəm”

Artıq bu ili yola salırıq.Moderator.az  bu tanınmış yazıçı və şairlərə “Bu il hansı uğurlarla yaddaşınızda həkk olundu? Həyatınızda, işlərinizdə nə yeniliklər baş verdi? Ümumiyyətlə bu il sizə düşərli oldumu?” sualları ilə müraciət edib. Cavabları təqdim edirik.
Əkbər Qoşalı (yazıçı-publisist): “Daha bir təqvim ilinin başa çatmasına sayılı günlər qalıb… “Təqvim ili” deyirəm, çünki hər nə qədər rəsmi şəkildə qəbul etmiş olsaq belə, nə təbiətən, nə də, ulus olaraq, bu bizim ildəyişimimiz deyil. Bizim yeni il 22 (21) martda başlayır. Mənə qalsa, heç ay adlarımız da özündə doğmalıq daşımır: ta yanvardan – dekabradək… Ancaq… qəbul etmişik bir kərə, üstəlik, ilin-günün bu vaxtında, o qədər təxirəsalınmaz iş-gücümüz var, o qədər önəm daşıyan olaylar var, ay adı, ildəyişimi… “1 saylı” məsələ xarakteri daşımır… Uzun sözün qısası, 2015-ci təqvim ilində mən dövlət başımızın sərəncamı ilə medalla təltif olunmuşam. – Əlbəttə, bu, şəxsi həyatımda, bu ili il qılan, yaddaşıma, öz keçmişimə yazan çox önəmli olaydır. Dövlət başçımıza bir daha şükranlarımı yetirirəm. 2015-ci təqvim ili ərzində bir sıra səfərlərdə olmuşam, Tatarıstanda, Qazaxıstanda, Qırğızıstanda, habelə Moskvada maraqlı ədəbi tədbirlərə qatılmışam, çıxış etmişəm; yaddaqalan görüşlər olub. Eyni zamanda Bakıda qarşıladığımız qonaqlarımız olub, görüşmüşük, dərdləşmişik, uğurlaşmışıq… Başa çatmasına sayılı günlər qalan 2015-ci ildə xeyli kitab tanıtımına çağrılmışam, söz söyləmişəm; neçə-neçə imzalı kitab almış, şəxsi kitabxanamı zənginləşdirmişəm… Yola salmağa hazırlaşdığımız təqvim ilində, neçə dost-tanışın, yazın-uzaq tanıdıqların sevincini bölüşüb çoxaltmağa, kədərini bölüşüb, azaltmağa çalışmışam. 2015-ci il tarixli neçə yazım, müsahibəm yayımblanıb, onlarla bağlı maraqlı rəylər almışam. Əlbəttə, övladlarımın hər birinin öz yaşına uyğun qatıldığı yarışlarda, sınaqlarda əldə etdiyi uğurlar köksümü qabardıb. Bunları sualın gərəkdirdiyi cavab olaraq söylədim… Ancaq… mən bu sözləri söylərkən… əgər Xəzər, “Günəşli” sözləri yanğın sözünü hələ də özü ilə yanaşı çəkməyi tələb edirsə… dalğalarla çarpışan bir “Arzu, mən getdim… Uşaqlara böyükçəlik elə” deyə son ismarınclarını yazarkən… “Hara?!” deyə cavabsız sualı havada qalarkən… belə nidalar günümüzə hopubsa, düşmən işğalı altında inləyən torpaqlarımız varkən… şəxsi uğurlardan danışmaq nə qədər yüksək sözlə layiq olacaq? – bilmirəm… Yenə, yaxşı düşünəlim, ümidli olalım, işi xeyrə tərəf çəkəlim..! Qoy, hər təqvim dəyişməsi, hər təzə il bu taylı-o taylı Azərbaycanımıza, Qafqaza, Türk Dünyasına, Qoca Şərqə, Asiyaya, Avropaya, bütün dünyaya əmin-amanlıq gətirsin! Saat dönsün, gün dolansın, ay bitsin, başlayan yeni ildə Qarabağımızda, Ağdamımızda, Şuşamızda, Xankəndimizdə, işğaldan qurtaracağımız digər şəhər, kəndlərimizdə bayramlaşaq (inşallah)!”
Qan Turalı (yazıçı): “Yaradıcılığımla bağlı məhsuldar olub. “Doqquz hekayə” kitabım çap edilib. İki hekayə və bir povest yazmışam. Çoxlu məqalə yazmışam. Esseistika kitabım üçün də çalışmışam. Təəssüf ki, ictimai həyatımızda ağrılı şeylər olub. Maydakı yanğın, neftçilərin faciəvi ölümü… Bu ağrıları biz hələ uzun müddət yaşayacağıq”.
Sayman Əruz (şair-yazıçı) : “2015-ci il mənim üçün həqiqətən də yaxşı il oldu. Xüsusi ilə də Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi üçün çox səmərəli il oldu. Biz bir neçə kitablar, antologiyalar çap elədik, Urmiya gölü ilə bağlı, ümumi, cənub -şimal və dünyada yaşayan azərbaycanlıların əsərləri ilə bağlı. Daha sonra Azərbaycan Nəsr Antologiyasının çapını Amerikada təmin etdik. “Liddiaspora” dünyada yaşayan Azərbaycanlıların saytını fəaliyyətdə saxladıq. Bir neçə böyük tədbirimiz oldu. Həmin tədbirləri Tokatda, Qazaxıstanda keçirdik. Azərbaycan Yazıçılar Birliyinin özündə tədbirlərimiz oldu. Türk dünyası ilə bağlı bir neçə tədbirimiz oldu. Şəhriyarın 110-illiyini keçirtmək istədik, amma bu ilə çatdırmadıq, qaldı 2016-cı ilin əvvələrinə, yəqin yanvarın axırında onu da qeyd edəcəyik. Bir sözlə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin fəaliyyəti olduqca çox və faydalı, səmərəli idi”.
Aytən Cavanşir (yazıçı) : “Ümumiyyətlə, hər bir şeydə yaxşı tərəfləri görməyə çalışan insanam. 2015-ci ilə qaldıqda, bu il mənim üçün uğurlu oldu. Sevdiyim, yaradıcılığına pərəstiş etdiyim insanların həyat hekayətini qələmə aldığım “Pərdələri çəkin” kitabım işıq üzü gördü. Bu kitab dilimizdə bu səpkidə ilk və hələ ki, yeganə kitabdır. 2015-ci ildə öz təşəbbüsümlə ən çox sevdiyim irihəcmli romanı dilimizə tərcümə etdim. Bundan əlavə, bu il dünyanın hər yerindən hər il minlərlə insanın iştirak etdiyi təhsil müsabiqəsindən keçdim.
İlin sonlarına yaxın çox sevdiyim rejissor Eldar Ryazanovun, o cümlədən, əməkdar artistimiz Ələsgər Məmmədoğlunun vəfatı məni kədərləndirdi. Ancaq bizi yaşadan ümiddir, üzümüzə gələn ildə müharibələrin səngiməsinə, insanların nəfsi ucbatından bir-birilərini məhv etməyə son qoyacaqlarına ümid edirəm”.
İkinci Mahmud (yazıçı) : “2015-ci il şəxsən mənim üçün çox uğurlu oldu. İlin birinci kvartalında ictimaiyyət məni dövrün mütəfəkkiri kimi qəbul etdi. Sentyabrda hekayələr kitabım çapdan çıxdı. Xarici nəşriyyatlar tərəfindən ciddi təkliflər aldım. Oxucularla görüşlər keçirdim. 2015-ci ili həyatımda ən uğurlu il hesab edirəm. Yeni ildə yeni-yeni uğurlara imza atacam. Hər kəsə uğurlar!”
Sevinc Elsevər (şairə-yazıçı) : “İl əvvəlki illərdən fərqli olmadı. Bu il şəxsi mənada ən çox iki şeylə yadda qalacaq. Azad müəllimlə ərsəyə gətirdiyimiz “Yemlik” uşaq ədəbiyyat jurnalının birinci nömrəsinin təqdimatıyla və “Anamın kitabı” müsabiqəsində ötən il qalib olmuş pyesimin əsasında hazırlanan “Arzu və Murad” tamaşasının premyerası ilə. “Yemlik” jurnalında “Donu qırmızı” adlı uşaq romanım da çap edilmişdi. Bu il bir romanımın işıq üzü gördüyünü də qeyd edə bilərəm. Yaradıcılıqda bunlar baş verdi. Bu baxımdan təhvil verdiyimiz ildən narazı deyiləm. Ən əsası cansağlığıdı. Şükür, sağlıq-salamatçılıqdı. Hazırda ikinci uşaq romanını işləyirəm. Üzümüzə gələn ilə bitirəcəm. Şeir kitabım hazırdı. Bir hazır povestim var. Mono pyesim var. Hətta hekayə kitabı var ağlımda. Bilmirəm indi üzümüzə gələn ildə bu əsərləri kitab edib oxuculara təqdim edə biləcəyəmmi? Nəşriyyatların halı məlumdu. Elə oxucuların da. Bu il üçün ümid etmirəm hətta. Növbəti illərdə hər şeyin yaxşı olacağına ümid edirəm. Belə. Bütün oxucuların bayramını təbrik edirəm. Gülümsəmək yaxşı təsir edir ovqata. Nə olur – olsun gülümsəməkdən vaz keçməsinlər. Bir-birinə gülümsəsinlər”.
 
Əsəd Qaraqaplan (yazıçı) : “Bu il mənim 30 yaşım tamam oldu. Həyatımın ən önəmli çağlarından birinə qədəm qoyub, birini də arxada qoydum. Və doğum günümdə – 7 iyunda illərdir yazdığım yazıların – hekayələrin, esselərin, iç mətnlərin toplandığı bir kitabım – “Sonralar daha çox yanlız” kitabı təqdim olundu. Və mən bu il daha da yanlız olduğumu, bundan sonra getdikcə daha da yanlızlaşacağımı anladım. Həyat çox ağırdı, ağrılarımız da çox ağır. Başqa xüsusi ağırlıq olmadı deyə bilərəm, sadəcə yanlızlığım daha da dərinləşdi. Həyat iştə, “hamımız əvvəl-axır yalnızıq”.
Kənan Hacı (şair-yazıçı) : “Bu il səhhətim bir az qaydasında olmasa da, yeni hekayələr, xeyli sayda yazılar yazdım. Üç kitabım çap olundu. “Fironun dəftəri” romanını yazıb bitirdim. Həyat davam edir. Hesab edirəm ki, yaradıcılıq baxımından uğurlu il hesab etmək olar”.
Fərid Hüseyn (şair) : “2015-ci il mənim üçün ziddiyyətli il oldu. Uğurlar da oldu, bəxtin gətirmədiyi günlər də. Allahın verdiyi hər günə şükür”.
 
Saida Haqverdiyeva (yazıçı): “Deməli belə, 2014-cü il ilə  müqayisədə 2015-ci il mənim üçün çox maraqsız il oldu. Hətta belə deyim ki, bu  ildə  qayğılarım daha da çox oldu. İl yorucu və üzücü kimi gəldi mənə. Tək bir söz deyə bilərəm ki, ikinci ali təhsil almaq üçün Rusiyada, Sankt-Peterburq şəhərində Mədəniyyət və İncəsənət Universitetinə  daxil oldum.. Bu mənim çoxdanki  arzum idi. Bundan başqa  məni sevindirəcək elə bir hadisə olmayıb. Daxil olduğum  2016-ci il daha uğurlu və düşərli olar deyə düşünürəm”.
 
Qulu Ağsəs (şair) : “Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Poeziya almanaxı” kitabını tərtib elədik, Azərbaycan yazarlarının əsərlərinin müxtəlif ölkələrdə təbliğinə nail olduq, “Ulduz” un oxucularına kitab və disklərlə hədiyyə verdik, Moskvada görüşlər keçirdik, istedadlı tələbə gəncləri pulsuz abunə elədik, tərcümə müsabiqələri keçirdik, şeir yazdıq, kitab oxuduq, yazı düzəltdik, yanan binada yandıq, itən neftçilərlə itkin düşdük, ağladıq, güldük, hərdən də Ona şükr eləməyi unutmadıq…”
Rauf Qərib Alagöz (şair): “Bu il uğurlu başlamadı. İş həyatımda köklü dəyişikliklər oldu. Ailədə şükür hər şey normaldı. Yaradıcılıqda isə… İkinci kitabım işıq üzü gördüş Bununla yanaşı qəzet və jurnallarda çap olundum. Bütün bunları nəzərə alaraq yola saldığımız ili  uğurlu hesab eləmək olar”.
Aqşin Yenisey (şair) : “Mən 2015-ci ili demək olar ki, ancaq 2016-ci ilə hazırlaşmaqla məşğul oldum”.
Dilqəm Əhməd (yazıçı): “Bu ili özüm üçün tədqiqat ili hesab edirəm. Çünki bu il Azərbaycan tarixinə olduqca qiymətli materiallar-fotolar, məktublar qazandırdım. Məhəmməd Əmin Rəsulzadəyə aid 3 məktub, 3 foto, eləcə də, digər mühacirlərə aid onlarla foto, sənəd, kitab, jurnal, nadir əlyazmalar əldə etdim. İnşallah, gələn il bu materiallar əsasında iki kitabım çıxacaq. Bu il isə “Tək dahi” və “Fərqlilər” adlı iki kitabım çap olundu. Hər ikisi məqalələr toplusudur. Xüsusən, “Fərqlilər” kitabında Rəsulzadə, Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlərə dair nadir fotolar, məktublar ilk dəfə olaraq yayımlanıb. İlin özünü isə ümumi yorğunluq içində keçirdim, çox gərgin işlədim”.
Cəlil Cavanşir (şair-yazıçı): “Uğur və uğursuzluq nisbi anlayışdır mənim üçün. Amma xatırladıqlarımdan, “P.S: Darıxıram” kitabının çapı və tədimatını deyə bilərəm. Həyatımda ən ağır illərdən biri oldu. Çox ağır il oldu mənim üçün və təəssüf ki, problemlər heç bitmir. Çox iyrənc keçdi 2015-ci il. Tez bitsin. Hər şey yoluna düşəcək ümid edirəm. Nə isə, 2015-ci ildən danışmaq istəmirəm”.
Azad Qaradərəli (yazıçı): “Yazıçı yaşadığı ölkənin, xalqın övladıdır və xalqının çətinlikləri ondan da yan ötmür. Günəşli yatağında baş verən faciə, MTN-də çıxarılan hoqqalar, torpaqlarımızın hələ də işğalda qalması hamı kimi məni də sıxıb. Lap son anda dolların qəfil bahalaşması millətimizin süfrəsini boş qoydu. Bax bu kimi hallar mənə və mənim yaradıcılığıma mənfi təsir edib. Daha doğrusu, yaradıcılığıma yansıyıb, acı da olsa mövzuya çevrilib. “Yazı” dıərgisində hissə-hissə çap olunan “Şüşə ev” adlı (bunu ŞUŞA kimi də oxuya bilərsiniz) romanımda bu kimi mətləblərə toxunmağa çalışmışam. O ki qaldı yola saldığımız ilin mənim yaradıcılığımdakı rolu, bu barədə deyə bilərəm ki, bu il də məhsuldar işləmişəm. 3 il əvvəl yazdığım “Kuma-Manıç çökəkliyi” romanım axır ki, çapa getdi. Yuxarıda dediyim kimi yeni yazmağa başladığım “Şüşə ev” adlı roman “Yazı”da çap olunur. Bu il çoxlu hekayələr yazmışam və 2016-cı ildə sağlıq olsun ayrıca bir hekayələr kitabı çap etdirəcəyəm. “Renessans həsrəti” adlı esselər və müsahibələrdən ibarət kitabımın 2-ci cildi də hazırdır və o mətnlər də 2015-ci ilin məhsuludur. Onu da çapa hazırlayıram. “Yazı”nın özünün yola saldığığımız il sayları uğurla çıxıb və əlavəsi olan “Yemlik” də (uşaqlarçün) 2015-ci ildə işıq üzü görüb.
Maarif Soltan (şair): “Çətinliklə də olsa, şükür, gəlib çıxdıq ilin sonuna. Mən, şəxsən, həyatımda,  yaradıcılığımda elə bir uğurumu yada sala bilmirəm. Elə bir yenilik də olmadı, mən bilən. Köhnə hamam, köhnə tas… Amma tasların da salamatı qalmayıb, hamısı aşsüzən kimi deşik-deşik olub, heç biri su saxlamır. Əksinə, çətinliklərim çox oldu. Onları isə yada salmaq istəmirəm. Gələn il mənim ilimdir – meymun ili, qoç bürcü. Ya da əksinə, belə şeyləri o qədər də yaxşı bilmirəm. Hər halda ümid edirəm ki, yaxşı olacaq, hər şey qaydasına düşəcək. Baxmayaraq ki, çətinliklər indidən görünməkdədir…”
Kəmalə Abiyeva (şairə): “Bilirsiz, ilin yaddaşa həkk olması üçün mənə görə adamın ömrünə həkk olunacaq nələrsə baş verməlidi. Elə ciddi bir hadisə olmadı. Ümumilikdə ilin sonu hamımız üçün kədərli oldu. Dənizdə hələ də itkin düşənləri axtarırlar. Manatın ucuzlaşması, bahalaşma üzücü olaylardı. Özümlə bağlı onu deyim ki, iki kitab hazırlamışam-hekayələrdən və publisistik yazılardan ibarət bir nəsr və şeirlər kitabı. Uşaqlar üçün də bir kitab hazırdı demək olar. Yeni ildə oxuculara təqdim edəcəm. Yaradıcılıq gecəsinə hazırlaşıram. Bir neçə yeni mahnılar var. İlin yadda qalan olması yeni şeirlər, hekayələrin yazılmasıdı. Bir də 80-ci illərdə yaranan üzvü olduğum ədəbi birliyin rəhbəri olmuş o illərin yaradıcı gənclərinin həyatında xüsusi yeri olan Vaqif İbrahimin 70 illiyinə “Mən varam” kitabını hazırladım. Və onun 70 illiyini qeyd elədim o dövrün “uşaqları”yla. İllərlə ürəyimdə olan arzumu yerinə yetirdim. Qızım seçkilərə qatıldığından bu il deputat seçkilərinin bütün ağırlığını yaşadım.
Mövlud Mövlud (yazıçı): “Bu il mənim üçün ziq-zaqlı keçdi. Həm yaxşı, sevincli günlər oldu, həm sarsıdıcı, kədərli, əzablı. Şükür Allaha ki, Allah mənə bir övlad qismət elədi. Bu həyatımın ən böyük hadisəsidir. Ancaq kirayədə yaşadığım binada baş verən dəhşətli yanğın onsuz da qaydasında olmayan əsəblərimi lap pozdu, məni sarsıtdı. Məndə həyat yoldaşımı, övladımı itirmək qorxusu yarandı. Özümə təzə-təzə gəlmək istəyirdim ki, “Günəşli” faciəsi oldu və yanğında baş verənləri yenidən yaşadım, yenidən sarsıldım. Neyləmək olar, əlimizdən gəlir? İştə həyat! Yaşamaq, çarpşmaq lazımdır. Yaşasın müstəqil Azərbaycan!”

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın