Şənbə , Avqust 24 2019
Ana səhifə / Siyasət / Cocuq Mərcanlıya gedən yolun yenidən qurulmasına başlandı

Cocuq Mərcanlıya gedən yolun yenidən qurulmasına başlandı

Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisinə start verilib. Hazırda həmin yolda qazma-dolma işləri, yol yatağının və yol əsasının inşası işləri həyata keçirilir.

Virtualaz.org “Azəravtoyol” ASC-nin mətbuat xidmətinə istinadən bildirir ki, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun layihə üzrə eni 12 metr təşkil edəcək. Bu yolun 4 kilometri əsaslı şəkildə yenidən qurulur, 5 kilometrində isə bərpa işləri aparılır.

Beş kilometrlik hissədə aparılan bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılacaq, əvəzində torpaq-çınqıl qarışığından ibarət material tökülərək kipləşdirmə işləri aparılacaq.

Qalan 4 kilometrlik hissədə aparılan yenidənqurma işləri zamanı isə yeni yol yatağı və yol əsasının inşası işləri aparılacaq. Daha sonra yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Ümumilikdə yolun təqribən 68 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa yol boyu 9 ədəd su keçidinin tikintisi, həmçinin 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri aparılacaq.

Layihə çərçivəsində yol 2 hərəkət zolağından ibarət olacaq. Hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə isə çiyinlərin eni 1,5 metr təşkil edəcək.

Yolun tikinti işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yol cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Tikinti işlərini “Azəravtoyol” ASC texnoloji ardıcıllığa riayət etməklə və yüksək keyfiyyətlə həyata keçirir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Qeyd edək ki, yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla, 7 yaşayış məntəqəsinin – Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişini xeyli rahatlaşdıracaq.

Həmçinin oxuyun

Ərdoğanın partiyasının 18 yaşı tamam oldu – Bakıdan iki fərqli baxış

Həftə sonu Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının 18 ilini təntənəli qeyd …

Bir cavab yazın