Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Siyasət / Cocuq Mərcanlının ilk şəhidinin anasından MÜRACİƏT…

Cocuq Mərcanlının ilk şəhidinin anasından MÜRACİƏT…

Hörmətli baş redaktor! Bir şəhid anası kimi Sizdən xahiş edirəm ki, Cocuq Mərcanlının ilk şəhidi olmuş oğlumun və digər 5 şəhid kəşfiyyatçının həmin kənddə adları yazılmış xatirə lövhəsinin qoyulması barədə əlaqədar təşkilatlar qarşısında məsələ qaldırasınız. Bu, Sizin biz şəhid analarına ən böyük hörmt və ehtiramıınız olar. 
Doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımız  artıq geri qayıtmağa hazırlaşırlar. Azərbaycan Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı Ermənistan üzərində qazandığımız qələbəni daha da yaxınlaşdırdı.
Azərbaycan Prezidentinin  bu sərəncamına, deyərdim ki, Cocuq Mərcanlı kəndinin sakinləri qədər mən  də sevindim. Çünki oğlum Faiq Rzayev 1994-cü ildə Cocuq Mərcanlı kəndinin erməni silahlı qüvvələrindən azad edilməsində qəhrəmanlıq göstərmiş, son damla qanına qədər vuruşmuş, düşməni ərazilərimizdən qovulmuşdur.  Cocuq Mərcanlının ilk şəhidi mənim oğlumdur. Oğlum II Şəhidlər xiyabanında dəfn olunub. 2014-cü il martın 8-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə şəhid oğlum Faiq Rzayev “İgidliyə görə” medalı ilə təltif olunub. Dövlət başçısının bu sərəncamı  8 Mart Beynəlxalq Qadınlar Bayramında mənə ən böyük hədiyyə oldu. Həyatım boyu belə qiymətli hədiyyə almamışdım. Sevincimin həddi-hüdudu yox idi. Həmin medal Daxili Qoşunların rəhbərliyi tərəfindən şəhid anası kimi mənə təqdim olundu.
İndi sevincimin üstünə daha biri əlavə olunub. Oğlumun qanı tökülən Cocuq Mərcanlı kəndi bərpa olunur, artıq bu kənddə abadlıq işlərinə başlanılıb. Sevinirəm ki, bütün bunlarda mənim də oğlumun zəhməti var.
Faiq Rzayev 1993-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətə başlayıb. Həmin vaxt erməni silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edir, cəbhədə qanlı döyüşlər gedirdi. Ölkədə yaranmış özbaşınalıq, ordudakı intizamsızlıq, anarxiya  bizi hər addımbaşı məğlubiyyətlə üzləşdirirdi. Hər gün cəbhədən xoşagəlməz xəbərlər eşidirdik.Əsgər analarının qulağı səsdə, gözləri yolda idi. Ulu öndər Heydər Əliyevin Azərbaycana yenidən rəhbərlik etməsi ümidlərimizi artırdı. Bizi bir qədər rahatlaşdırdı.
1994-cü ildə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda genişmiqyaslı tədbirlər başlananda oğlum Faiq də Daxili Qoşunların tərkibində ən qaynar nöqtəyə-Füzulu rayonuna getdi. Rayonun Əhmədalılar, Arayıtlı, Qazaxlar kəndlərinin, Horadiz şəhərinin düşməndən azad edilməsində mərdliklə vuruşdu. Oğlum boylu-buxunlu və təcrübəli olduğundan onu kəşfiyat qrupuna daxil etmişdilər. 1994-cü ildə kəşfiyyat qrupunun 6 üzvü düşmənin mövqeyini öyrənmək üçün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə göndərilir. Həmin vaxt  ermənilər bu kəndi işğal altında saxlayırdılar. Kəşfiyyat qrupu düşmənin mövqeyini öyrənib geri qayıdanda mühasirəyə düşüb və əsgərlərimiz səhərə qədər ermənilərlə vuruşublar. Sonra ordumuz Cocuq Mərcanlıya daxil olub. Kəşfiyyatçılarımızdan 4-ü yerindəcə həlak olmuşdu, ikisi isə ağır yaralanmışdı. Onları təcili hospitala çatdırsalar da, həyatlarını xilas etmək mümkün olmamışdı. 1994-cü il martın 21-də Faiq Rzayev gözlərini əbədi yumdu. Ancaq onun qanı yerdə qalmadı. Çünki artıq Cocuq Mərcanlı düşməndən azad olunmuşdu.
Oğlum Bakı şəhəri Yasamal rayonundakı 150 nömrəli tam orta məktəbin məzunu olub. Bu gün 150 nömrəli tam orta məktəb şəhid Faiq Rzayevin adını daşıyır.
Sonradan Cocuq Mərcanlıda şəhid olmuş kəşfiyyatçıların valideynləri ilə birlikdə həmin kəndə yollandıq. Uşaqlarımızın qanı tökülmüş yeri bizə göstərdilər. Dedilər ki, 6 nəfər kəşfiyyatçı Cocuq Mərcanlının azad olunmasında qəhrəmanlıq göstərib və ermənilər qorxularından kənddən qaçıblar. Mən həmin yeri dəfələrlə ziyarət etmişəm.
Cocuq Mərcanlıda aparılan abadlıq və yenidənqurma işləri məni hədsiz dərəcədə sevindirir. Neçə illərdən bəri gözlədiyim gün, nəhayət yetişdi. Ümid edirəm ki, abadlıq və yenidənqurma işlərində bu kəndin azadlığı uğrunda canını qurban vermiş 6 kəşfiyyatçının qanının töküldüyü yerdə onların şərəfinə abidə qoyulacaq və hər birinin adı bu abidənin üzərinə həkk olunacaq.
Rüxsarə MƏMMƏDOVA,
şəhid anası, dəmiryolçu 
 
Redaksiyadan: Şəhid anası kimə müraciət edilməsi ilə bağlı konkret ünvan göstərməmişdi. Amma biz Ali Baş Komandanın fotosunu verməyi məqbul hesab etdik ki, müvafiq qurumlar hərəkətə keçsinlər və həmin qəsəbədə bərpa olunan 50 evin açılışı zamanı bizlər həmin torpaq uğrunda şəhid olan igirlərimizin də adının əbədiləşdirildiyinin şahidi olaq…

Həmçinin oxuyun

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və …

Bir cavab yazın