Ana səhifə / Siyasət / “Cocuq Mərcanlıda işlə təminat problemi olmayacaq” – deputat

“Cocuq Mərcanlıda işlə təminat problemi olmayacaq” – deputat

Cəbrayılın Cocuq Mərcanlı kəndinə köçürülən ailələr heç bir çətinliklə üzləşməyəcəklər.

Bu barədə Modern.az-a Milli Məclisin Qarabağdan olan deputatı Elman Məmmədov bildirib.

Cocuq Mərcanlıya köçlə bağlı danışan deputat özünün vətən həsrətini də dilə gətirib:

“Kaş mənim Xocalım da işğaldan azad olaydı, heç bizim üçün Cocuq Mərcanlıda yaradılan şərait də yaradılmayaydı. Elə biz gedib sönmüş ocaqlarımızı yandıraydıq, ermənilər tərəfindən dağıdılmış evlərimizin uçuğunun bir qırağında yaşayaydıq. Yurd yeri, yurd həsrəti o qədər əziz, o qədər şirindir ki, ora qayıdan insanlar çətinlik nə olduğunu ağıllarına belə, gətirməzlər. Digər tərəfdən, cənab prezidentin tapşırığı ilə Cocuq Mərcanlıda elə bir şərait yaradılıb ki, yaşayış üçün hər şey ən yüksək səviyyədə təmin olunub. Hətta ora qayıdanların müxtəlif sahələrdə işlə təmin olunması, kənd təsərrüfatında işləməsi üçün hər şey var”.

E.Məmmədov bildirib ki, Cocuq Mərcanlı “Böyük qayıdış”ın başlanğıcıdır:
“Kəndə elektrik enerjisi, su, qaz və rabitə xətləri çəkilib, abad yollar salınıb. Ora köçən sakinlərin heç bir çətinliyi olmayacaq. Ən vacibi isə insanlar 25 ildən artıq həsrətində olduqları doğma yurdlarına qayıdırlar. Allah bütün məcburi köçkünlərə bunu nəsib eləsin. İnşallah Cocuq Mərcanlı “Böyük qayıdış”ın başlanğıcıdır”.

Qeyd edək ki, bu gün Cəbrayılın Cocuq Mərcanlı kəndinə köçürülən iki ailə bərabər ərazidə yaşayanların sayı 25-ə çatıb.

Həmçinin oxuyun

Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir – Sabir Rüstəmxanlı

Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi …

Bir cavab yazın