Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Cocuq Mərcanlı abadlaşdırılanda oğullarımızın xatirəsinə abidə ucaldılsın” – Şəhid anası – REPORTAJ

“Cocuq Mərcanlı abadlaşdırılanda oğullarımızın xatirəsinə abidə ucaldılsın” – Şəhid anası – REPORTAJ

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1993-cü il ermənilər tərəfindən işğal olunsa da kənd Azərbycan ordusunun 1994-cü ildə həyata keçirdiyi Horadiz əməliyyatı zamanı erməni işğalından azad edildi. Prezident İlham Əliyev tərəfindən Cocuq Mərcanlı kəndinin abadlaşdırılması üçün 4.3 milyon manat pul ayrıldı.
Moderator.az-olaraq Cocuq Mərcanlı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə Şəhid olmuş Rzayev Faiq Hüseynağa oğlunun anası Rüxsarə Məmmədova ilə görüşdük. Cocuq Mərcanlının işğaldan azad edilməsinə sevinən Şəhid anasının evində qonaq olduq. Oğlu ilə bağlı xatirələrini dinlədik:
 
“Doğum gününün səhəri hərbi xidmətə yollandı…”
“Üç oğul və bir qız övladım var. Faiq mənim ilk övladımdı. Faiq 1975-ci il mayın 13-də anadan olub. Orta təhsilini indi adını daşıdığı Yasamal rayon 150 saylı orta məktəbdə alıb. Faiq uşaqlıqdan idmanın Cüdo növü ilə məşğul olurdu. Orta məktəbi bitirdikdən sonra 1993-cü il mayın 14-də, yəni doğum gününün səhərisi gün Faiq hərbi xidmətə yollandı.
 
“Gecə yarısı xəbər gəldi ki…”
Hərbi xidmətə Bakıda yerləşən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili qoşunlarında başladı. Hər şey yaxşı idi, hər dəfə yanına gedib-gəlirdim. 1994-cü ilin fevral ayında Faiq Cəbrayıl rayonu uğrunda gedən döyüşlərə yollandı. Mart ayının 13-də Faiqin yanına getdim, bir xeyli söhbət etdik. Mart ayının 21-də gecə saatlarında xəbər gəldi ki, Faiqgil yaralanıb və Sabunçu xəstəxanasına gətirilir. Biz də Sabunçu xəstəxanasına getdik. Orda Faiqlə və digər döyüşçü yoldaşı Akif Hacıyevlə görüşdük. Yaralı olsalar da hər ikisi özlərində idilər. Xeyli söhbətləşdik. Faiq qarın nahiyyəsindən ağır güllə yaraları almışdı. Gecə saatlarında Faiqin halı pisləşdi və Faiq gözlərini əbədi olaraq yumdu. Səhəri gün Faiqi İkinci Şəhidlər Xiyabanında dəfn etdik.
 
“Bir Şəhid anası üçün ən böyük təsəlli…”
Mən Faiqdən sonra bir ana kimi yarımçıq oldum. Həmişə gözüm yaşlıdı. Hər dəfə ondan danışanda məni ağlamaq tutur. (Ağlayır) 1994-cü ilin iyun ayında mərhum prezidentimiz Heydər Əliyev tərəfindən Faiqin oxuduğu məktəbə öz adı verildi. Buna çox sevindim. Bir Şəhid anası üçün ən böyük təsəlli oğlunun adının əbədiləşdirilməsi ola bilər. Nəvəmin adını da Faiq qoydum. İndi o, da əmisinin adını daşıdığı 150 saylı orta məktəbdə təhsil alır. Cocuq Mərcanlı kəndi işğaldan azad ediləndə də çox sevindim. Faiqin döyüşçü yoldaşlarıyla ora getdik. Faiqin Şəhid olduğu torpağı öpdüm.
“Onlar hamısı mənim övladlarımdı…”
Faiqgil altı nəfər olublar həmin vaxt. Oğlum Rzayev Faiq Hüseynağa oğlu, Nəcəfov Səttar Sədiyar oğlu, Səmədov Gülümxan Hüseyn oğlu, Hacıyev Akif və Kərimov İlqar bir nəfərin isə adını araşdırıram bu yaxında deyəcəklər o, əsgər kim olub. Onlar hamısı mənim övladlarımdı. Faiqlə xəstəxaya yaralı gələn döyüşçü yoldaşı Akif Hacıyev də altı ay xəstəxanada yatandan sonra vəfat etdi.
İndi ölkə başçımızdan bircə xahişim odur ki, Cocuq Mərcanlı kəndində abadlıq işləri aparılan zaman həm mənim oğlum və həm də yuxarıda adını sadaladığım Şəhidlərimizin şərəfinə abidə ucaldılsın. Mən düşünürəm ki, bu elə də böyük problem deyil. Bu abidə həm biz Şəhid ailələrinin, həm də digər vətənpərvər insanların ziyarətgahına çevrilər”.
Ümidvarıq ki, müvafiq qurumlar məsələnin həllinə çalışaraq bir daha Şəhid anasının sevincinə səbəb olacaqlar.
Vasif Əlihüseyn
 

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın