Ana səhifə / Siyasət / “Çiko” əhalini lotereyalarda necə aldadır…

“Çiko” əhalini lotereyalarda necə aldadır…

“Stimullaşdırıcı lotereya keçirən müəssisələrin uduş fondunun yoxlanılması tələbi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə, İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edilib. Lakin əlaqədar dövlət qurumları hələ də əhalinin aldadılmasına göz yumurlar”.

Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, lotereya keçirilməsinə nəzarət edən ictimai komissiya da uduş fondunu yoxlamır: “İctimai komissiyanın fəaliyyəti hiss edilmir. Uduş fondu bəlli deyil. Məsələn, son bir neçə ayda bizim təşkilata tum istehsalçılarının təşkil etdiyi həvəsləndirici lotereyalardan şikayətlər daxil olur. Əhali eləcə də ani lotereyalar vasitəsilə aldadılır”.

E.Hüseynov “Çiko” tumlarında “5 rəqəmi topla və maşın ud” reklamlarının aldadıcı olduğunu iddia edir: “Tumların içində 4 rəqəmi yoxdur. Bəziləri 1-dən 5-ə qədər digər rəqəmləri toplasa da 4 çıxmır. Araşdırmalarımız da sübut edir ki, tumların qablaşdırılmasında 4 rəqəmi qoyulmur. Hətta bir müddət əvvəl sosial mediada, qəzetlərdə 4 rəqəmi ilə bağlı elanlar yerləşdirilmişdi. Amma “itkin düşən” 4 tapılmadı”.

Təşkilat rəhbəri məsələ ilə bağlı “Çiko” tumlarını istehsal edən şirkətlə də danışıb: “Uduş fondu haqqında məlumat tələb etsək də vermədilər. Komitə də istehsalçıların aldadılmasına göz vurur. Ümumiyyətlə, tək “Çiko” deyil, digər müəssisələrin həvəsləndirici lotereyalarında da aldadıcı reklamlara rast gəlinir. Ani lotereyalarda uduşun hansı kuponlarda olduğunu təşkilatçılar bilirlər. Bu isə yolverilməzdir”.

Qeyd edək ki, stimullaşdırıcı lotereyaların tənzimlənməsi “Lotereyalar haqqında” 26 may, 2004-cü il tarixli, 64 saylı qanununa və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 17 fevral, 2012-ci il tarixli, 02 saylı qərarla təsdiq edilmiş “Stimullaşdırıcı lotereyaların təskili və keçirilməsi” qaydalarına əsasən həyata keçirilir.

Stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə etmədən qanunsuz lotereya keçirildikdə İnzibati Xətalar Məcəlləsinin 199-3-1 və 221-1 maddələrinin tələblərinə uyğun olaraq cərimə tətbiq edilir.

Onu da xatırladaq ki, “Çiko” tumları “Ramze” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal edilir. Şirkət həvəsləndirici lotereyanın keçirilməsi üçün icazə alıb.

Hüquq müdafiəçisi isə onu da bildirir ki, həvəsləndirici lotereya keçirmək adı ilə istehlakçıları aldadan müəssisələrlə bağlı araşdırmalara başlayacaqlar.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın