Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Cavid Qurbanov baş nazir ola bilərmi?

Cavid Qurbanov baş nazir ola bilərmi?

Baş dəmiryolçunun rəqibi qalmayıb

 “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov hökumət üzvü olmasa da, Nazirlər Kabinetinin əksər məmurları ilə məhz  onların rəhbəri kimi davranır. Məlumatlı şəxsin sözlərinə görə,hətta Baş nazirin müavini Abid Şərifov Cavid Qurbanovun yüksək çinli məmur kimi davranması ilə bağlı hallar müşahidə edilib. İddiaya görə, bütün bunlar məmurlar arasında Cavid Qurbanovun baş nazir ola biləcəyi ilə bağlı fikirlərin yaranmasına və yayılmasına səbəb olub. İqtidar daxilində baş verən proseslərdən,məlumatlı şəxsin sözlərinə görə, belə məlum olur ki,bu fikirlər heç də əsassız deyil.

Baş nazir postuna  namizəd ola biləcək daha bir  yüksək çinli məmur da vardır. Baş nazir  Artur Rəsulzadənin birinci müavini Yaqub Eyyubov idi. Mənbənin verdiyi məlumata görə  artıq o da Baş nazir  olmaq şansını itirib. Onun özünün və oğlunun adının ciddi qalmaqallarda, Azərbaycanın “pulyuyan maşın”ının mərkəzində çəkilməsi artıq Yaqub Eyyubovun baş nazir olmaq ehtimalın üstündən iri bir xətt çəkib. Avropada yayılan məlumatda qeyd edilir ki, Yaqub Eyyubovun oğluna məxsus Budapeşt bankındakı hesaba Rusiyanın dövlət müəsissəsi və əsas silah ixracatçısı olan “Rosoboronexport” şirkəti tərəfindən gizli əməliyyat şəklində böyük pullar köçürülüb. Yaqub Eyyubovun Avropa Şurasında səfir olan oğlu Emin Eyyubov da daxil olmaqla Eyyubovlar ailəsi ümumilikdə Azərbaycanın “pulyuyan maşın”ından Almaniyada və ABŞ-da tibbi xidmət ödənişləri üçün istifadə etməsi haqqında məlumatlar yayılıb. Rusiyanın dövlət müəssisəsi və əsas silah ixracatçısı olan “Rosoboronexport” şirkəti ABŞ-ın və başqa Qərb dövlətlərinin yeni sanksiya siyahısında olduğu üçün bu qurumla müəmmalı maliyyə əməliyyatları aparmış şəxsin  Azərbaycanın baş naziri olması qeyri-mümkündür.

Bütün bu və digər hallar  isə Cavid Qurbanovun şanslarını artırır. Baş dəmiryolçunun baş nazir postuna  iddialı olmasının əsas səbəbi də onun Türkiyənin baş naziri Binəli Yıldırımla yaxın münasibətlərdə olmasıdır. Türkiyə iqtidarında ikinci şəxs olan Binəli Yıldırımın Rusiya prezidenti Vladimir Putinlə isti münasibətlərini də  nəzərə alanda regionun iki böyük dövlətinin Cavid Qurbanovun baş nazirliyə namizəd olmasını gerçəkləşdirə bilər. Belə üstünlüklərə Azərbaycan hökumətində heç kim malik deyil. Bütün bunlar Cavid Qurbanovun baş nazirliyə əsas namizəd olması ilə bağlı fikirlərin əsassız olmadığını göstərir

Cavid Qurbanovun özünün də ən çətin vəziyyətlərdən çıxmaq bacarığını nəzərə alanda, baş dəmiryolçunun baş nazir ola biləcəyini tam aydınlığı ilə görünür. Qeyd edək ki, Cavid Qurbanov 1994-cü ildə eks prezident, Ulu Öndər Heydər Əliyevin fərmanı ilə işdən qovulanda çoxları onun həbs olunacağını gözləyirdi. Çünki, prezident Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli 237 saylı fərmanında deyilirdi ki, “Cavid Qəmbər oğlu Qurbanov işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin.” Prezident sərəncamında qeyd olunan vəzifəsindən sui-istifadə etmə Cinayət Məcələsində o zaman ən ağır cinayətlərdən  hesab olunurdu. Ancaq Cavid Qurbanov nəyinki həbs olunmadı, əksinə, az müddət sonra “Azərərzaqnəqliyyat” Birliyinin direktoru, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsinin  rəisi, 1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyinin rəisi vəzifələrini tuta bildi. Daha sonra  2003-cü ildə “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri oldu. Bütün bu vəzifələrə Cavid Qurbanovun Ziya Məmmədovun himayəsində sahibləndiyi bu günə kimi dövriyyədədir. Ancaq Ziya Məmmədovun günəşi qüruba enəndə Cavid Qurbanovun ulduzu daha çox parladı və o,  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olundu.

Məlumatlı şəxs iddia edir ki, həmişə qaliblər sırasında yer almağı bacaran və prezidentin tam etimadını qazanan   azsaylı şəxslərdən olan Cavid Qurbanovun baş nazir ola biləcəyi kimi söhbətlərə indi heç kim şübhə etmir və belə düşünürlər ki, baş dəmiryolçunun Respublikanın  baş naziri olacağı gün uzaqda deyil. Onun nə qədər uğurlu baş nazir ola biləcəyini  isə zaman göstərər.

 “Yeni Sözçü” qəzeti

Həmçinin oxuyun

“Prezidentin “F-16″-larla bağlı dedikləri Rusiya və İrana mesaj idi” – Ekspert

“Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin “F-16″-sı nə gəzir sizdə? …