Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Carabao” içkisi Azərbaycanda satıla bilməz

“Carabao” içkisi Azərbaycanda satıla bilməz

Sanitar-gigiyena müfəttişliyi: “Çünki bu məhsul gigiyenik qeydiyyatdan keçməyib”

7 iyun 2017-ci il tarixdə  Kavkaznews.az  saytında “Carabao” Azərbaycan qanunlarını tanımır..?” başlıqlı məqalə dərc olunmuşdu.

Məqalədən bəlli olur ki, bu günlərdə Qafqaz Xəbər Agentliyinin nümayəndəsi Araz Məmmədov “Neptun” supermarketində olarkən onun diqqətini “Carabao” energetik içkisinin üzərində Azərbaycan dilində yazılı məlumatın olmadığı cəlb edib. Yəni Azərbaycan alıcısı həmin məhsulun qabının üzərində istehsal tarixi, yararlıq müddəti və sairə məlumatları öz dilində tapa bilmir.

Bizim əməkdaşımız satıcıdan həmin məhsulun gigiyena sertifikatını tələb edib. Amma supermarketdə “Carabao” energetik içkisinin gigiyena sertifikatı olmayıb.

Məsələ ilə bağlı Səhiyyə nazirliyinin nəzdindəki Respublika sanitar-karantin müfəttyişliyinin əməkdaşı bizə bildirdi ki, ölkəyə daxil olan istənilən məhsula onların idarəsi gigiyena sertifikatı verir: “ Azərbaycan qanunvericiliyinə görə, məhsulun üzərində Azərbaycan dilində məlumat olmalıdır”.

Müxbirimizin “Bəs onda üzərində Azərbaycan dilində məlumat olmayan “Carabao” içkisi Azərbaycan bazarına necə daxil olub?” sualına Sanitar-karantin xidmətinin əməkdaşı belə cavab verdi: “ Biz 7 iyunda bu məsələni araşdırıb sizə məlumat verəcəyik”. Kavkaznews.az

7 iyunda başladığımız araşdırmanı davam etdirmək qərarına gəldik.

Sanitar-karantin müfəttişliyinin mətbuat üzrə sözçüsü Yadulla Balışov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, “Carabao” içkisini Azərbaycana “Nep future” şirkəti idxal edir: “ Bu şirkət gigiyena qeydiyyatından keçmək üçün öz məhsulunu bizə təqdim edib. “Nep future” şirkəti məhsulun üzərinə öz ünvanlarını və yararlıq müddətini qeyd edib. Şirkətin bizə təqdim etdiyi içkinin üzərindəki yazılar Azərbaycan dilindədir. 2 iyun 2017-ci ildə “Nep future” şirkəti öz məhsulunun gigiyenik qeydiyyatdan keçməsi üçün bizə rəsmi müracaiət edib. Biz “Carabao” içkisinin gigiyenik normalara cavab verib-vermədiyini araşdıracağıq. Əgər cavab müsbət olarsa, məhsul gigiyenik qeydiyyatdan keçəcək”.

Müxbirimizin “ Siz demək istəyirsiniz ki, “Carabao” içkisi gigiyenik qeydiyyatdan keçməyib. Bəs onda bu içki necə satışa çıxarılıb?” sualına Yadulla Balışov belə cavab verdi: “Gigiyenik qeydiyyatdan keçməyən məhsul satışa çıxarıla bilməz”.

Məsələ ilə bağlı Azad İstehlakçılar Cəmiyyətinin sədri Eyyub Hüseynov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, Nazirlər Kabinetinin ( NK) 343 saylı qərarında məcburi qaydada sertifikat almalı olan məhsulların siyahısı göstərilib: “İçkilər də həmin siyahıya daxildir”.

Hüseynov onu da bildirdi ki, NK-nın qərarına görə, gigiyenik qeydiyyatdan keçməyən məhsulların satışı qadağandır: “Ancaq bizim ölkəmizdə 800-dən artıq məhsul gigiyena qeydiyyatı olmadan satılır. Buna görə də istehlakçıların hüquqları pozulur və insan həyatı üçün təhlükəli olan məhsullar satışa çıxır”.

Bəs gigiyena qeydiyyatından keçməyən məhsullar satışa necə çıxarılır?

Bu suala cavab olaraq “İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, Azərbaycanda çoxlu məhsullar satılır ki, hansı ki həmin məhsulun mənşəyini və keyfiyyətini təsdiq edən sənəd yoxdur.

Müxbirimizin “ Bəs həmin məhsullar gömrük nəzarətindən necə keçir?” sualını QHT sədri belə cavablandırdı: “ Yəqin ki, bəzi gömrük məmurları bu məsələdə maraqlıdırlar. Və həmin məmurların hərəkəti dövlətimizin istehlakçıların hüquqları ilə bağlı siyasətinə ziddir”.

Biz məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundovla əlaqə saxlamağa çalışsaq da bu mümkün olmadı.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın