Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Camaat seriala yox, xəbərlərə baxıb marşrutdakı yeniliyi bilsin”

“Camaat seriala yox, xəbərlərə baxıb marşrutdakı yeniliyi bilsin”

Bu gündən etibarən şəhərin əksər yerlərində, o cümlədən “28 may” metro stansiyası yaxınlığındakı dayanacaqdan hərəkət edən 30 və 49 saylı marşrut avtobuslarının hərəkət xətti dəyişdirilib. Həmin avtobuslar artıq “Xətai” metrosu yaxınlığından hərəkət edəcək.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi bu haqda dünən məlumat yayıb. Sərnişinlərin çoxu isə bu dəyişiklikdən xəbərsizdir.

Bunu virtualaz.org saytının reportyorunun bu gün metronun “28 may” stansiyası ətrafındakı dayanacaqda apardığı müşahidələr də göstərib.

Belə ki, metronun “28 may” stansiyası yaxınlığındakı dayanacaqda hələ də 30 və 49 saylı avtobusları gözləyənlər var. Bir neçə dəqiqə sonra gecikdiyini görənlər isə ya sərnişinlərdən, ya da elə dayanacaqda dayanan Nəqliyyat Nazirliyi nümayəndələrindən avtobusun niyə gecikdiyini soruşurlar.

Sərnişinlərlə söhbətimizdən məlum olur ki, bu avtobuslardan istifadə edənlərin demək olar heç biri dəyişiklik barədə məlumatlı deyil. Buna da əsasları var, çünki dayanacaqda heç bir xəbərdarlıq lövhəsi, hər hansı elan asılmayıb.

Nəqliyyat Nazirliyinin dayanacaqdakı nümayəndəsi Xanpaşa Məmmədov isə bununla bağlı sualımıza belə cavab verdi: “Dünən bütün televiziya kanallarında bu barədə məlumat verilib. Seriallara baxmasınlar, xəbərlərə baxsınlar”.

Analoji hal metronun “Xətai” stansiyası yaxınlığındakı dayanacaqda da müşahidə olunur. Burada 30 və 49 saylı avtobusla “28 may” metrosu yaxınlığına getmək istəyən sərnişinlər bir də avtobusa minəndə xəbər tuturlar ki, xətt dəyişilib.

30 nömrəli avtobus dayanacağa daxil olur. “28 may” metrosuna getmək istəyən sərnişinlər tələsik avtobusa yaxınlaşır.

Bu zaman kənarda dayanan bələdçi deyir: “O avtobus “28 may”a getmir. “28 may”a gedənlər o biri avtobusa – 32 nömrə ilə getsin”.

32 nömrəli avtobusdan enən “M Trans” MMC-nin əməkdaşı eyni sözləri təkrarlayır. Yalnız bundan sonra sərnişinlər bilir ki, avtobusun hərəkət xətti dəyişdirilib.

Buradakı dayanacaqda da heç bir xəbərdarlıq lövhəsi yoxdur. Sərnişinlər deyir ki, marşrut xəttinin dəyişdirilməsindən məlumatsızdırlar.

 

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın