Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Cahangir Hacıyevin kreditlə ələ keçirdiyi əmlaklar satışa çıxarılır

Cahangir Hacıyevin kreditlə ələ keçirdiyi əmlaklar satışa çıxarılır

Dubayda tikilən zavodlar, Şəkidə mal-heyvan hərracdan satılacaq; Vergilər Nazirliyinin istintaqçıları da cinayət işinə cəlb oluna bilər…

Cahangir Hacıyev Beynəlxalq Bankın İdarə Heyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılandan sonra bankın əmlaklarının siyahıya alınmasına başlanıb. Proses bir müddət əvvəl başa çatıb. Hazırda siyahıya alınmış əmlakların yenidən qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədir. Artıq bankın bəzi əmlaklarının satışa çıxarılması haqda da xəbərlər gəlməkdədir.  
 
Bildirilir ki, ötən ilin dekabrında Cahangir Hacıyevin həbsindən sonra bankın əmlaklarının satışı məsələlərinin təşkili daha aktiv şəkil alıb. Beynəlxalq Bankın ayırdığı kreditlər hesabına Birləşmiş Ərəb Əmirliklərində inşa edilmiş iki müəssisə satışa çıxarılıb. Söhbət “İntertekstil” fabrikindən və “İntersteel” poladtökmə zavodundan gedir. Bu zavodların tikintisinə Beynəlxalq Bankın yarım milyarda yaxın pul ayırdığı haqda bilgilər var. 
Məlumat üçün bildirək ki, zavodların tikintisini həyata keçirən şirkətin meneceri, hazırda həbsdə olan Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov tikinti zamanı 318 milyon manat yeyintiyə yol vermə ittihamı ilə üz-üzə qalıb. Bu, zavodların tikintisinə böyük məbləğlərin ayrılmasını təsdiqləyən məqamlardan biridir.
Birləşmiş Ərəb Əmirliklərindəki zavodların sahibi kimi “İntermet” offşor şirkəti göstərilir. Həmin şirkətin payçıları isə çeçen əsilli iş adamı, Rusiya vətəndaşı Hüseyn Marayev və adı neçə vaxtdır Beynəlxalq Bankın boşaldılması işində keçən Fransa vətəndaşı Xaqani Bəşirovdur. Belə ki, səhmləri H.Marayevin nəzarətində olan “Golden Bat” şirkəti “İntermet”in səhmlərinin 50 faizinə, Xaqani Bəşirovun Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş“Camelot Oil & Gaz” şirkəti isə qalan 50 faizinə nəzarət edir.
Başqa sözlə, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev yüz milyonlarla manat krediti Marayev və Bəşirova ayırıb, Adil Hüseynovun rolu isə bankın Dubay nümayəndəliyinin rəhbəri kimi vəsaitlərin xərclənməsinə nəzarəti təmin etməkdən ibarət olub. Beynəlxalq Bankın girovluğunda olan zavodların satışına dair danışıqları Hüseyn Marayevlə Xaqani Bəşirov aparır. Artıq zavodlarla maraqlanan, almaq istəyən investorlar tapılıb. “İntertekstil” fabrikinin real qiymətindən 30 faiz aşağı qiymətlə satın alınması üzrə danışıqlar gedir. “İntersteel” zavoduna müştəri düşən çox olsa da, hələlik konkret razılaşmadan söhbət getmir.
Beynəlxalq Bankın ölkə daxilindəki əmlaklarından bir çoxunun da qiymətləndirməsi sona çatıb. Artıq Cahangir Hacıyevin adamlarının adına rəsmiləşdirilmiş “Bakı Quşçuluq”,  “İntertextil”, “Şəki bazar”, “Şəki ət Kombinatı”və s ASC-lərin satışı üzrə də danışıqlar gedir. Bir müddət əvvəl “Şəki ət Kombinatı”nın nəzdində olan maldarlıq fermalarında saxlanan iri və xirda buynuzlu mal-heyvanlar real bazar qiymətindən dəfələrlə ucuz qiymətə satışa çıxarılıb. Bildirilir ki, C.Hacıyevin həbsindən sonra mal-heyvanların bəslənməsi üçün istifadə olunan yem məhsullarının alınmasına vəsait ayırlması dayandırılıb. Buna görə də heyvanlara yem məhsulları nəzərdə tutulandan daha az verilib. Nəticədə aclıqdan çəki itirən mal-heyvan müştərilərə qat-qat ucuz satılıb. Əldə olunan vəsait isə Beynəlxalq Banka mədaxil olunub.
Bu gün “Beynəlxalq Bank işi” üzrə istintaqa Cahangir Hacıyev də daxil olmaqla, 70-ə  yaxın iş adamı cəlb olunub. Bu şəxslər Beynəlxalq Banka olan kredit öhdəliklərini ödəyə bilməyən, yaxud ödəməkdən yayınanlardır. Qəribə burasıdır ki, həmin iş adamlarından çox az bir hissəsinin adı ictimaiyyətə bəllidir. Banka borcu səbəbindən həbs olunan təxminən 10 iş adamının kimliyi bilinir. Həmin şəxslərin bir çoxu Cahangir Hacıyevin özünə məxsus çoxlu ASC-lərin direktorlarıdır. Həmin şəxslər ASC-lərin rəhbərləri olmaqla, bir neçə milyonluq kredit müqavilələrinə imza atsalar da, faktiki olaraq həmin kreditlərdən yararlanmayıblar. Əmək haqqı qarşılığında çalışan bu şəxslər sənədlərə əsasən krediti alıb qaytarmayan şəxslər kimi bu gün dəmir barmaqlıq arxasında saxlanılırlar. Məsələn, Dubaydakı 2 müəssisənin tikintisinə menecerlik edən bankın Dubay filialının rəhbəri Adil Hüseynov gördüyü işə görə ayda cəmi 6 min manat əmək haqqı alıb. Amma bu gün 318 milyon manatlıq mənimsəməyə görə həbsdədir. Ratmir Bəkirov, Erhun Yavuz Cavad da eyni durumdadırlar.
 
“Beynəlxalq Bank işi” üzrə maraq doğuran məqamlardan biri də bu gün satışa çıxarılan Dubaydakı 2 müəssisə ilə bağlıdır. Qəzetimizə müsahibəsində A.Hüseynovun vəkili Kamandar Nəsibov deyib ki, 2011-ci ildə müəssisələrin tikintisi yekunlaşandan sonra milyonlarla vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsini yoxlamaq üçün araşdırmalar aparılıb. Həmin vaxt Vergilər Nazirliyinin İstintaq İdarəsində cinayət işi başlanıb və Dubaya Vergilər Nazirliyinin istintaqçılarından ibarət qrup göndərilib. 1 ilə yaxın aparılan istintaq hər hansı bir yeyinti aşkar etməyib və nəticədə cinayət işi xitam olunub. Maraqlıdır ki, eyni epizod bu gün də araşdırılır, lakin başqa qurumun tərkibində. Əgər Adil Hüseynova verilən ittihamlar təsdiqini tapsa, “Beynəlxalq Bank işi” üzrə istintaqa Vergilər Nazirliyinin rəsmilərinin də təqsirləndirilən qismində cəlb edilməsinin şahidi ola bilərik. Əlbəttə ki, belə bir qərarın verilməsinə razılıq verilsə…
 

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …

Bir cavab yazın