Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / Cənubi Zəngəzur dəhlizinin aqibəti necə olacaq? – ŞƏRH

Cənubi Zəngəzur dəhlizinin aqibəti necə olacaq? – ŞƏRH

“Zəngəzur dəhlizinin İrandan keçən hissəsinin taleyi görünür ki, Ermənistandan keçən hissəyə bənzər olacaq”.

Bu sözləri Modern.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

İranın son addımlarının regionda vəziyyətə mənfi təsir etdiyini vurğulayan politoloqun sözlərinə görə, Ermənistan kimi İran da razılaşmaların icrasına mane olur:

“Zəngəzur dəhlizi layihəsinin reallaşması üçün mövcud siyasi şərait yoxdur. Bir müddət öncə Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlər məhz Zəngəzur dəhlizi üçün nəzərdə tutulan həmin ərazilərdə aparılıb. Belə addımlar burada quruculuq işlərinin aparılmasına maneçilik törədir. İran sərhəddə təlimlərin keçirilməsindən, vəziyyətin hərbləşməsindən vaz keçməlidir. Azərbaycan-İran sərhədinə İran qoşunlarının cəlb edilməsi dəhliz üçün müsbət gələcək vəd etmir. İran son günlər yürütdüyü qeyri-konstruktiv siyasətdən, təxribatlardan əl çəkməsə, Zəngəzur dəhlizi layihəsi reallaşmayacaq”. 

Qeyd edək ki, bu ilin mart ayında Azərbaycan və İran arasında “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu” imzalanıb.

Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarət idi. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulurdu. 

Son günlər Azərbaycana qarşı təxribatçı mövqe sərgiləyən İran rəsmiləri açıq-aşkar Zəngəzur dəhlizinin açılmasına qarşı olduqlarını bəyan edirlər. Bu mənada indiki şəraitdə Cənubi Zəngəzur dəhlizinin yaradılması proritet hesab olunmur. 

Həmçinin oxuyun

Prezident deputatları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında sərəncam …