Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Cəmiyyətin Rəsulzadə sayğısı – azalmayan sevginin tək səbəbi

Cəmiyyətin Rəsulzadə sayğısı – azalmayan sevginin tək səbəbi

İqbal Ağazadə: “Bu gün cümhuriyyətçilik və Rəsulzadə ideyaları haqda daha çox danışılır, təbliğ edilir”
Ötən gün ölkədə Respublika gününün 99 illiyi münasibətilə tədbirlər keçirildi. Ənənəvi olaraq bir sıra partiya və təşkilatlar müsəlman Şərqində ilk cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət etdilər.
Ötən illərə nisbətən bu il Respublika günündə Rəsulzadəni anmağa daha çox insan qatılmışdı. Rəsulzadənin doğulub boya-başa çatdığı Novxanıya axışan insanlar təkcə abidəni deyil, həm də onun əzizlərinin, o sırada axund atasının və oğlu Azər Rəsulzadənin məzarlarını ziyarət edib, hörmət izhar elədilər.
Qeyd edək ki, vaxtaşırı M.Ə. Rəsulzadə haqqında bəziləri hədyanlı fikirlər səsləndirir, onu gözdən salmağa çalışırlar. Lakin onlara qarşı ilk kəskin və sərt reaksiyalar, etirazlar mətbuatda, sosial şəbəkələrdə elə cəmiyyətin özü tərəfindən bildirilir. Misal olaraq, bugünlərdə, cümhuriyyətin yaranmasının 99 illiyi ərəfəsində deputat Araz Əlizadənin “Rəsulzadə Azərbaycan üçün heç nə etməyib” deyərək Rəsulzadə şəxsiyyətini ucuzlaşdırmaq cəhdi onu sərt tənqid obyektinə çevirdi. Mətbuatda, sosial şəbəkələrdə tutduğu mövqedən asılı olmayaraq hər kəs öz tarixi və görkəmli şəxsiyyətinə sahib çıxaraq onu müdafiə etdi. Respublika gününə sayılı günlər qalmış yazılı mətbuatda, xəbər portallarında (yerli televiziya kanallarından fərqli olaraq) Rəsulzadənin mübariz həyat yolu, fəaliyyəti haqqında silsilə yazılar dərc olundu, doğulduğu Novxanı kəndindən reportajlar hazırlandı, bu günə qədər bilinməyən məqamlar ortaya çıxarıldı. Minlərlə sosial şəbəkə izləyicisi isə onun fotosunu öz profil şəkli etdi, haştaqlar paylaşdı.
Bu da onu göstərir ki, 70 il sovet dönəmində Rəsulzadə adını qoruyub saxlayan cəmiyyət bu gün də öz görkəmli şəxsiyyətinə sahib çıxmağı bacarır və ona olan sevgisi daha da genişlənir. Bu səbəbdən istər hansısa deputat, istərsə də başqa şəxslər tərəfindən Rəsulzadə haqqında əsası olmayan fikirlər səslənsə də, nəticə etibarı ilə onun heç bir əhəmiyyəti, təsiri olmur, Rəsulzadənin Azərbaycan tarixindəki möhtəşəm rolunu azaltmır, əksinə, insanlara, gənclərə onu daha çox dərk etmək, dərindən öyrənmək fürsətini yaradır.

Image result for iqbal ağazadə
Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, zaman keçdikcə Cümhuriyyətin mahiyyəti və 1918-ci ildə Cümhuriyyət yaradılmasının neçə çətin olduğunu insanlar daha çox dərk etməyə başlayır: “Onlarla xalq var ki, onların sayı bizdən qat-qat çoxdur, lakin onlar öz müstəqilliklərini elan edə bilməyiblər, bu bir faktdır. İnsanlar hələ 20-ci əsrin əvvəlində 26 nəfərin özündə böyük güc taparaq Azərbaycanı müstəqil elan etməsinin nə qədər böyük təntənə olduğunu hiss edirlər. İkinci bir tərəfdən, 99 il kiçik bir rəqəm deyil, əksinə, bir qədər də rəmzidir. Gələn il isə Cümhuriyyətin 100 illiyi qeyd olunacaq. İnsanlar sosial şəbəkələrdə öz profil şəkillərini Cümhuriyyət haqda yaranan aforizmlər, Rəsulzadənin səsləndirdiyi ifadələrlə bəzədilər, üçrəngli bayrağa bürüdülər. Ötən gün mənim üçün bir maraqlı məqam oldu, paytaxtın Nərimanov rayonunda bir binanın bütün eyvanlarında Azərbaycan bayrağı asılmışdı. Bu çox maraqlı idi və bir daha göstərir ki, Cümhuriyyətin təntənəsinin nə qədər böyük olduğunu insanlarımız artıq dərk etməyə başlayır”.
Partiya sədri eyni zamanda istər hökumət nümayəndələri, istərsə də bir sıra deputatlar tərəfindən Rəsulzadənin üzərinə gedənlərin olduğunu da qeyd elədi: “Bu da istər-istəməz özünmüdafiə instinktini yaradır. Hamı Rəsulzadəni və Cümhuriyyəti müdafiə etməyə qalxır. Bu da öz effektini verir və ona görə bu gün artıq daha çox cümhuriyyətçilik və Rəsulzadə ideyaları, gördüyü işlər haqda danışılır, təbliğ edilir”.

musavat.com

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın