Ana səhifə / Siyasət / Cəhənnəmə gedən “status”, yaxud, ermənilər “təskinlik” axtarışında

Cəhənnəmə gedən “status”, yaxud, ermənilər “təskinlik” axtarışında

Bir neçə gün əvvəl Rusiya Xarici işlər naziri S.Lavrovun Ermənistan ictimai televiziyasının müxbirinin uzun-uzadı sualına cavab olaraq verdiyi–“Fransa və ABŞ ATƏT-in Minsk qrupunu ləğv etdilər ”-bəyanatı erməni cəmiyyətinə ağır “şok” yaşatdı. İlk olaraq elə həmin mətbuat konfransında vəziyyəti düzəltməyə çalışan Xarici işlər naziri A.Mirzoyan: “bu barədə mən başqa xəbərlər alıram”-dedi. Ancaq onun bu cəhdi arzuladığı nəticəni vermədi və Lavrov bir daha “Minsk qrupunun fəaliyyətini dayandırması”-bəyanatını təkrar etdi. Eyni zamanda vasitəçilik təşəbbüsünü ələ almağa çalışan Avropa İttifaqının cəhdlərinə açıq mətnlə narazılığını bildirdi və həm ermənilərə, həm də onun avropalı havadarlarına Rusiyanın vasitəçilikdən sakitcə geri çəkilməyəcəyini anlatmağa çalışdı.


Moskvadan ümidsiz vəziyyətdə geri qayıdan baş erməni diplomatı A.Mirzoyan cəmiyyətdə və hakimiyyətdə mövcud olan ruh düşkünlüyünü aradan qaldırmaq üçün təcili Minsk qrupunun fransalı həmsədri Bris Rokfonu Yerevana dəvət etdi. Rusiyanın vasitəçilik missiyasını qəbul etmədiklərini birbaşa olmasa da dolayı yolla dilə gətirən erməni diplomat Avropa ittifaqının bu istiqamətdə atdığı addımlardan narahatçılığını gizlətmədi. Rusiya qazından tamamilə imtina etməyə hazırlaşan Avropanın əsas ümid etdiyi ölkələrdən biri olan Azərbaycanın nüfuzunun son günlər daha da artmasını və son görüşdə Aİ Şurasının prezidenti Şarl Mişelin qətiyyətlə Qarabağın adını çəkməkdən imtina etməsini ciddi narahatlıqla müşahidə edən Ermənistan hakimiyyətinin düşüncələrini dilə gətirən A.Mirzoyan az qala yalvararaq-Minsk qrupunu qorumağı,onun sıradan çıxmasının qarşəsını almağı xahiş etdi. Bu yalvarışlara Fransalı həmsədrin nə cavab verdiyi məlum deyil və əslində bu miqyaslı məsələni həll etmək səlahiyyəti nə Bris Rokfonun, nə də onun nazirinin əlində deyil. Minsk qrupunun “ölüm hökmü” barədə qərar çox güman ki, Rusiyanı və onun prezidentini cinayətkar sayan Vaşinqtonda verilib və başı seçkilərə qarışan Fransa prezidenti E.Makron bu qərarla razılaşmaq məcburiyyətində qalıb.


Hərçənd ki, onlardan xeyli əvvəl Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə birmənalı şəkildə bəyan etmişdi ki: “Onlar(Minsk qrupu həmsədrləri) Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər. Bildiyimə görə, indi həmsədrlər arasında da əvvəlki dövrlərdəki kimi birlik yoxdur. Həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Məncə, onlar öz aralarında bir razılığa gələ bilmirlər”.


Fəaliyyətdə olmayan Minsk qrupunun fransalı həmsədri Bris Rokfonun yerinə fəaliyyətini 2016-cı ildə bitirmiş ABŞ-dan olan keçmiş həmsədr Ceyms Uorlik ermənilərə “təskinlik” verməyə çalışaraq, News.am saytına müsahibəsində dedi ki, “Vasitəçilik Rusiyanın(həm də Türkiyənin) inhisarında qalmamalıdır. Düşünürəm ki, Minsk qrupu öz rolunu hələ oynayacaq”.
Bununla kifayətlənməyən sabiq amerikalı həmsədr Qarabağa status verilməsinin mümkünlüyünü də söylədi və bu qərarın referendumda verilmıli olduğunu iddia etdi.


Ancaq söylədiklərinə nə özü inandı, nə də dərin ruh düşkünlüyü yaşayan erməniləri inandıra bildi. Bu inamsızlığı ifadə edən Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov həmin sayta açıq şəkildə bəyan etdi ki: “Qarabağın gələcəyini Rusiya və Türkiyənin şəxsində NATO həll edəcək!”.
Son illər Azərbaycan rəhbərliyinin dəfələrlə bəyan etdiyi mövqe də bundan ibarətdir. Bu mövqeyə dünən qəti şəkildə etiraz edənlər artıq reallığı etiraf etmək məcburiyyətində qalıblar və Minsk qrupunun “diriləcəyi” barədə nağıllara daha inanmaq istəmirlər. Şübhə yoxdur ki, prezidentimizin söylədiyi digər həqiqətlər də bir qədər sonra ermənilər tərəfindən etiraf olunacaq və hamısı bir ağızdan deyəcəklər ki: “Qarabağın statusu cəhənnəmə getdi!”.

Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans Partiyasının sədri.

Həmçinin oxuyun

Parlamentin 8 spikeri – hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq …