Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / Cəbhədə baş verənlərə iqtidar və müxalifət partiyalarından vahid mövqe

Cəbhədə baş verənlərə iqtidar və müxalifət partiyalarından vahid mövqe

İyulun 12-də Ermənistan silahlı qüvvələri artilleriya silahlarından istifadə edərək, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin mövqelərini ələ keçirməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində düşmən geri çəkilməyə məcbur olub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər bütün gecə davam edib. Nazirlikdən bildirilib ki, qoşunlarımız düşmənin təxribatına qarşı daha sərt cavab tədbirləri görür. Silahlı qüvvələrimiz vəziyyətə nəzarətə edir. Düşmənin hücumunu dəf edərkən Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olub.

Azərbaycanın iqtidarlı müxalifətli bütün siyasi qüvvələri Ermənistanın Tovuz rayonu istiqamətində hücumunu təxribat adlandırıb və ordumuzun bu təxribata layiqli cavab verməsini alqışlayıb.

Aydın Hüseynov : Bir nəfərin məsuliyyətsizliyi dövlətimizə ziyan ...

Aydın Hüseynov

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan növbəti dəfə öz mənfur simasını nümayiş etdirdi, əsgərlərimiz Vətən uğrunda şərəflə vuruşaraq düşmənə layiq olduğu cavabı veriblər: “Hadisələr zamanı şəhidlik zirvəsinə ucalan əsgərlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirəm.

Bir daha göründü ki, xalq olaraq şanlı ordumuza, Ali Baş Komandanımza tam güvənir! Azərbaycan xalqı  Qarabağ uğrunda, ərazi bütövlüyümüz uğrunda savaşmağa tam hazırdır. Ermənistan ordusu növbəti dəfə təxribata cəhd edərək təmas xəttinin Tovuz istiqamətində hücuma keçərək Azərbaycan Ordusunun mövqelərinə doğru irəliləməyə çalışıb. Lakin  Azərbaycan Ordusunun əks-zərbəsi nəticəsində ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur olub. Düşmən ordusunun qəfil hücumu Azərbaycan Ordusu tərəfindən qətiyyətlə dəf edilib, əsgərlərimiz yenə də böyük qəhrəmanlıq və fədakarlığa imza atıb.

Düşmənin təxribatı Azərbaycan Ordusunun istənilən təxribatın qarşısını almağa, düşmənə layiqli cavab verməyə qadir olduğunu sübut etməklə yanaşı, Ermənistanın Qarabağ problemini sülh yolu ilə həll etməkdə maraqlı olmadığını, hər zaman olduğu kimi, bu gün də hərbi müstəvidə təxribatlardan imtina etmədiyini göstərir. Baş verənlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin siyasi fəaliyyətinin nə qədər yarıtmaz və faydasız olduğunu da bir daha təsdiq etmiş oldu.

Hesab edirəm ki, başda Minsk Qrupu olmaqla, bütün beynəlxalq təşkilatlar, həmçinin dünyanın aparıcı dövlətləri Ermənistanın bu təxribatını qınamalı, təcavüzkar dövlətə qarşı real ciddi təzyiq və sanksiyalar tətbiq etməlidir. Bütün dünya bilməlidir ki, düşmənin təxribatları müharibənin yenidən alovlanması, fasiləsiz hərbi əməliyyatların bərpası ilə nəticələnə bilər. Buna görə bütün məsuliyyət işğalçı Ermənistanla yanaşı, həm də baş verənlərlə bağlı uzun illərdir ki,  laqeydlik sərgiləyən beynəlxalq təşkilatların üzərinə düşəcək”.

Elman Nəsirov: “Nar festival dövlətin aqrar sahəyə diqqətindən ...

Elman Nəsirov

YAP-ın beynəlxalq əlaqələr komissiyasının rəhbəri, deputat Elman Nəsirov da bildirdi ki, Ermənistan Azərbaycan sərhədində atəşkəs rejimini kobud pozaraq hərbi təxribat, hərbi avantüraya əl atıb. Bunun arxasında Ermənistanın baş naziri Nikol Paşinyan durur. Məhz onun əmri ilə Ermənistan silahlı qüvvələri belə bir təxribatı həyata keçiriblər: “Paşinyan çox riskli addıma imza atır. Ölkə daxilində Paşinyanın üzləşdiyi risklər onu bu avantüraya əl atmağa sövq edir. Ermənistan əhalisi son iki ildə indiki qədər ümidsiz vəziyyətdə olmayıb. Güman edirdilər ki, Paşinyanın gəlişi onların həyatında müsbət dəyişiklik yaradacaq. Lakin əksi baş verdi. İndi Ermənstan əhalisi yanıldığının fərqindədir. Bir yandan da pandemiya Ermənistanda daxili gərginliyi pik nöqtəsinə qaldırıb. İnqilab qoxusunu hiss edən Paşinyan xalqın diqqətini hərbi təxribatlara yönəltmək istəyir. Ancaq bu dəfə Azərbaycan Ordusu Paşinyanın təxribatına çox ciddi cavab verdi. Ermənistan tərəfi çox böyük itkilərə məruz qaldığını gizlədir. Ermənistan sosial şəbəkələrində ermənilər Paşinyana lənət yağdırırlar ki, əsgərləri mənasız qırğına verir”.

Deputat qeyd etdi ki, Ermənistanın son hərbi təxribatı ATƏT-in Minsk Qrupunun fəaliyyətinin sıfıra bərabər olduğunu göstərdi: “İndi yenə də məsuliyyətsiz, dişsiz ümumi bir bəyanat verəcəklər. Bax bu baxımdan da hesab edirəm ki, Minsk Qrupuna ar olsun. ATƏT-in Minsk Qrupu gərək özündə iradə tapıb özünün fəaliyyətinə xitam versin. Onların fəaliyyətsizliyi Ermənistanda arxayınçılıq sindromu yaradır. Problemi həll edə bilmirlər, çəkilsinlər kənara, problemi Azərbaycanla Ermənistan həll eləsin. Azərbaycan özü bu problemi həll eləmək qüdrətindədir. Xalqımız bu məsələdə yekdildir”.

Qüdrət Həsənquliyev seçkilərə Səməd Seyidovun dairəsindən QATILDI ...

Qüdrət Həsənquliyev

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə bildirib ki, Ermənistanın bu təxribatı məqsədyönlü xarakter daşıyır: “Təxribat barədə onu deyə bilərəm ki, biz mənfur bir düşmənlə üz-üzəyik. Ermənistan Azərbaycanla sərhəddə bu təxribatı törətməklə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etmək, həm də diqqəti daxildəki qarşıdurmadan yayındırmaq istəyir. Paşinyan xalq arasında dayaqlarını sürətlə itirdiyindən bu təxribatı sanksiyalaşdıra bilər. Amma təxribatın ordu daxilindəki Qarabağ klanına bağlı narazı qüvvələr tərəfindən təşkil olunduğunu da istisna etmək olmaz. Bu təxribat böyük miqyaslı döyüşlərə başlamazdan əvvəl ordumuzun döyüş qabiliyyətini yoxlamaq üçün kəşfiyyat xarakterli əməliyyat da ola bilər. Amma kimin tərəfindən və hansı məqsədlə törədilməsindən asılı olmayaraq, Azərbaycan Ordusu bu təxribata yaxın günlərdə daha ağır zərbə ilə cavab verməlidir. Ümid edirəm Azərbaycan hökuməti torpaqlarımızı işğaldan azad etmək üçün ciddi qərarlar qəbul etməyin vaxtının çatdığının fərqindədir”.

Pənah Hüseyn komitə sədri seçildi – Novator.az

AXP sədri Pənah Hüseyn isə bildirdi ki, müharibə varsa, sədri olduğu partiya qeyd-şərtsiz ordunun yanındadır: “Əvvəldən də məlum idi, hadisələr də göstərir ki, 12 iyulda baş verənlər Ermənistanın təxribatıdır. Xeyli dərəcədə Ermənistanın daxili siyasi məsələlərini həll eləmək üçün İrəvanın həyata keçirdiyi təxribatdır. Dərhal KTMT-nin iclasının Ermənistanın tələbi ilə çağırılması da bu təxribatın daha bir məqsədini göstərdi. Amma bu, təxribat olmaqdan əlavə bir xarici dövlətin növbəti hərbi təcavüz aktıdır. Azərbaycan bu təcavüz aktına görə daha fəal siyasət yürütməlidir. KTMT üzvü olan ölkələrə müraciət etməlidir ki, bu məsələyə qiymət versinlər. Çünki belə çıxır ki, Ermənistan KTMT-yə arxalanaraq daim Azərbaycana təcavüz cəhdi edəcək. Ermənistanın müdafiə nazirinin dünənki təcavüz aktından sonra yeni torpaqları tutacaqları hədəsi ilə çıxış elədi. Burada məqsəd Azərbaycanı məhz həmin dövlətlərlə hərbi münaqişəyə cəlb eləməkdir. İstisna deyil ki, bunun arxasında həmin ölkələrin içərisindəki müəyyən dairələrin də regionu qarışdırmaqda barmağı var. Odur ki, Rusiya, Qazaxıstan, Belarus və Tacikistana müraciətlə yanaşı BMT-yə də müraciət eləmək lazımdır. Eyni zamanda hərbi hazırlıq çox yüksək səviyyəyə çatdırılmalıdır. Sərhədimiz möhkəmləndirilməlidir. Düşmənin cavabı Qarabağ cəbhəsində çox sərt şəkildə verilməlidir. Siyasi qüvvələr bu məsələdə xalqla həmrəydir. Dövlət ordu bu istiqamətdə hərəkət edəcəksə, biz birmənalı dəstək verəcəyik. Yəni artıq bu xroniki təcavüzə dözmək olmaz. Vətən müharibəsinə başlanmalı və torpaqlarımız işğaldan azad olunmalıdır. Birdəfəlik bu təcavüzün mənbəyi, kökü kəsilməlidir”.

Tural Abbaslıdan ittihamlara cavab - AÇIQLAMA - ÖZƏL - AnTv

Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, Azərbaycan Ordusunun istənilən hərbi əməliyyatını dəstəkləyir: “Düşmənin Tovuz istiqamətində hücumunun qarşısı qətiyyətlə alınıb. Biz ordu üzərindən siyasi mübarizə aparmağın tərəfdarı deyilik. Ordu önə çıxdığı anda siyasət dayanar. Biz ordumuza güvənirik. Azərbaycanın öz ərazi bütövlüyünü qoruma və bərpa etmək hüququnun olduğunu bəyan edirik. Lazım gələrsə, partiyamızın   rəhbərliyi daxil hər kəs əsgər kimi orduya qoşulub döyüşməyə hazırıq. Azərbaycan Ermənistanın təcavüzünə dözməyə borclu deyil. Heç bir beynəlxalq hüquq və heç bir dövlət də bizi buna məcbur edə bilməz”.

Yaxın zamanda torpaqlarımız işğaldan azad olunacaq - Fuad Əliyev ...

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev qeyd etdi ki, artıq Azərbaycan antiterror əməliyyatları həyata keçirməlidir: “Ermənistan ordusunun bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozublar. Və nəticədə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub. Digər bir tərəfdən, Azərbaycan Ordusu strateji yüksəkliyi ələ keçirib. İstər hüquqi, istərsə də beynəlxalq prizmadan yanaşsaq, bu, Azərbaycanın haqqıdır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması bütün dünyaya bəllidir və Ermənistanı işğalçı dövlət kimi tanıyır. Ermənistan tərəfindən edilmiş istənilən təxribata adekvat cavab verməlidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün antiterror əməliyyatları həyata keçirə bilər. Buna Azərbaycanın hüquqi haqqı çatır”.

Etibar Məmmədov: “Elçibəy Baş Nazirliyi təklif etdi, razılaşdım ...

Etibar Məmmədov

AMİP lideri Etibar Məmmədov isə Ermənistanın hücumu ilə bağlı bəyanat yayaraq münasibətini bildirib. Bəyanatda deyilir ki, baş verənlər danışıqlar prosesinin perspektivinin olmadığını bir daha göstərir. Aparılan danışıqlar dayandırılmalı və işğal olunmuş torpaqlarımızın düşməndən təmizlənməsi üçün əməliyyatlar keçirilməlidir: “Artıq gözləməyə vaxt yoxdur və qərar vermək zamanıdır. Bütövlükdə xalqımız da bu qərarı səbirsizliklə gözləyir. Mən inanıram ki, bu istiqamətdə addımların atılacağı halda hər bir Azərbaycan vətəndaşı da sonacan ordumuzun və əsgərimizin arxasında olacaq”.

Həmçinin oxuyun

Ermənilər Zəngəzurda müdafiə xətti qurmağa başladı

Oktyabrın 19-da Nikol Paşinyan gözlənilmədən keçmiş baş qərargah rəisi Artak Davtyanı “Syunikdə mühafizə işlərinə” görə …