Ana səhifə / Siyasət / Buzovna internat evində ürəkağrıdan mənzərə

Buzovna internat evində ürəkağrıdan mənzərə

Bakının Buzovna qəsəbəsində yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ruhi-əsəb internat evində baş verən bir çox qanun pozuntularından bəhs edən bir neçə materialı diqqətinizə təqdim etmişdik. Redaksiyamıza həmin internat evinin sakinlərindən biri, Ağayeva Arzu Kamil qızı müraciət edərək, burada baş verənlər barədə ətraflı açıqlamalar təqdim etmişdi. Həmin açıqlamalar əsasında dərc etdiyimiz materiallarda biz göstərmişdik ki, bu internat evinin rəhbərliyi və cəmi bir neçə nəfərdən ibarət personalı buranın sakinlərinin başlarına olmazın oyunlar gətirirlər. Arzu Ağayevanın deməyinə görə, internat evində çalışan personalın sayı direktor Rəhimə xanım tərəfindən minimuma endirildiyindən burada xəstələr həm özlərinə, həm də biri-birilərinə qayğı göstərməli olurlar.

Təbii ki, personalın say azlığı müəssisənin ştat cədvəlində öz əksini tapmır. Yəni ştatda həqiqi tibb bacıları, sanitar və xadimələr əvəzinə “ölü canlar” saxlanılır. Bununla belə, internat evinin sakinlərinə hətta özlərinə insan kimi qulluq etmək imkanı belə verilmir. Şikayətçi bildirir ki, onlara dövlət tərəfindən ayrılan dərman preparatlarını, ərzağı, gigiyenik ləvazimatları mənimsəyən müəssisə rəhbərliyinin gözü bununla da doymur. Buna görə də indi, xəstə və əlil insanların təqaüd kartları da onların əllərindən alınıb və bu zavallılar artıq öz tələbatlarını öz hesablarına ödəmək imkanlarından belə məhrum ediliblər. İnternat evində təmizlik, baxıcılıq işlərini görməli olan personal demək olar ki, yoxdur. Daha sonra Arzu Ağayeva 1 saylı internat evində xəstə və əlillərin şəraitsizlik, baxımsızlıq ucbatından müxtəlif yoluxucu xəstəliklərə də tutulduqlarından, müəssisə rəhbərliyi tərəfindən isə bu xəstəliklərin nə müalicəsi, nə də profilaktikası istiqamətində heç bir tədbir görmədiklərindən söz açdı. Şikayətçinin sözlərinə görə, hətta bu günlərdə internat evinin sakinlərindən biri baxımsızlıq üzündən dünyasını dəyişib. Daha bir neşə nəfər isə hal hazırda olduqca ağır vəziyyətdədirlər. Arzu xanım iddia edir ki, internat evinin rəhbərliyi hətta infeksion xəstələrin karantinə yerləşdirilməsini belə təmin etmir. Eyni zamanda da, hər hansı xəstənin halı xüsusilə ağırlaşdığı zaman digər sakinlər tərəfindən çağırılmış təcili tibbi yardım kəkimləri də müəssisəyə buraxılmır. Artıq qeyd olunduğu kimi, bir müddət əvvəl bu müəssisənin rəhbərliyində dəyişiklik olmuşdur. İnternat evinə yeni direktor təyin olunmuş Rəhimə xanımın bu vəzifəyə gəlişinə bir çoxları yeni ümidlər bağlamışdı. Məlumdur ki, Buzovna internat evində əsasən xüsusi qayğıya ehtiyacları olan ruhi-əsəb əlilləri və yaxınlarının qayğısından bu və ya digər səbəblər üzündən məhrum olmuş ahıl insanlar məskunlaşıblar. Hazırda 217 yerlik internat evində 207 nəfər ruhi-əsəb əlili yaşayır.

Təbii ki, dövlətimizin belə insanlara xüsusi diqqət və qayğı ilə yanaşması, onların zəruri tələbatlarının büdcə vəsaitləri hesabına ödənilməsi təqdirəlayiq haldır. Bundan başqa isə, artıq xeyli müddətdir ki, bu internat evi həm də xeyriyyəçi insanların hər zaman diqqət mərkəzindədir. Belə ki, bayramlarda, xüsusi günlərdə bura imkanlı adamlar kifayət qədər böyük məbləğlərdə ifadə olunan maddi yardımlar göstərirlər. Lakin etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə internat evinin rəhbərliyinin dəyişilməsilə bu müəssisənin sakinləri heç nə əldə etməyiblər. Açıqlamalarda bildirilir ki, internat evinin yeni direktoru Rəhimə xanım da rəhbərlik etdiyi müəssisədə öz xələfindən “miras” qalmış bir çox qanunsuz əməlləri həyata keçirməkdə olduğu kimi davam edir.

Məsələyə qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq…

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın