Bazar , Oktyabr 2 2022
Ana səhifə / Siyasət / “Bütün zərbələr bizə dəyir” – DEPUTAT

“Bütün zərbələr bizə dəyir” – DEPUTAT

“Deputatların maaşı təxminən Azərbaycandakı yüksək rütbəli məmurların maaşlarına bərabərdir. Deputatlar yüzlərlə insanla görüşür. Lənkərandan seçilmiş deputat ola bilərəm, amma elə olur ki, Bakıda hansısa kafedə, çayxanada oturanda, yaxud da küçədə olanda, insanlar yaxınlaşırlar. Taksiyə minirəm, tanıyırlar, suallar verirlər. Əksər deputatlar belədir. Biz insanlarla mümkün ünsiyyəti qururuq. Hansısa məmur ildə heç olmazsa, 2-3 dəfə bu qədər insanla görüşür? Görüşmür axı. Onların buna vaxtı da olmur. Vəzifə bölgülərində bu bizim payımıza düşüb. İnsanlardan şikayət, problem, təklifləri qəbul edib, müvafiq məmurlara şifahi, yaxud da yazılı formada müraciət edirik. Cənab Prezidentin tapşırıqlarını həyata keçiririk. Dövlət başçısı Milli Məclisin VI çağırışının ilk iclasında bu tapşırığı verdi. Bildirdi ki, deputatlar diqqətli olmalıdırlar, çünki bizim tam məlumatımız olmayan problemlər, şikayətlər ola bilər və onlar bununla məşğul olmalıdırlar. Yəni bu problemlərin mövcudluğu barəsində ictimaiyyətə, hökumətə xəbər çatdırmalıdırlar ki, dövlət xəbərdar olsun. İnsanlar arasında deputatlara qarşı olan aqressiya onların daim üzdə olmasından yaranıb. İndi 118 depuata var, amma Azərbaycanda  eyni zamanda bundan təxminən 3-4 dəfə çox yüksək rütbəli məmur var. Bizim qədər insanlarla görüşən, onların dərdini eşidən hər hansı başqa məmur yoxdur. Heç  nəyə gücümüz çatmasa belə, insanların dərdini bölüşürük, qismən də olsa rahatlaşmış olurlar. Deputatlara qarşı aqressiyanın ikinci tərəfinnin kökü pandemiyadan sonra yarandı. Bu vəziyyət yalnız bizdə deyil, bütün dünyada problemləri artırdı. Bu dönəmdə qapanmalar oldu, maliyyə cəhətdən problemlər yarandı, biznes işləmədi. Bunların fonunda dünya ölkələri COVID-dən can qurtara bilmək üçün iqtisadiyyatı xüsusi süni koma vəziyyətinə saldılar. Bəlkə də insanların yadından çıxıb, amma elə gün olurdu ki, Azərbaycanda gündəlik olaraq 10 minə yaxın koronavirusa yoluxma faktı qeydə alınırdı. Pandemiyadan sonra iqtisadiyyatı yenidən qurmaq, kökləmək, inkişaf etdirmək problem idi. Bu problemlər istər-istəməz inflyasiya problemlərinə təsirini göstərdi. ABŞ-da illik inflyasiya faizi artıq 10-u keçib. Böyük Britaniyda isə bu rəqəm 12-dir. Səhv etmirəmsə, daha əvvəl belə hal təxminən 40-45 il əvvəl olub. Bunun fonunda az qalmışdı ki, Böyük Britaniya iqtisadiyyatı çöksün. Orada müxtəlif sahələrdə çalışan on minlələrlə insan işə çıxmır. Bu gün gördüm ki, Şotlandiyada küçələri yığışdıran insanlar imtina ediblər, işə çıxmırlar. Müxtəlif sahədən olan işçilərin bu kimi etirazları ilə əlaqədar uçuşlar 35-40 faiz azalıb. Yəni belə problemlərlə üzləşirlər, insanlar maaşların qaldırılmasını tələb edirlər. Dövlət bu ildən Böyük Britaniyada maaşları 7-8 faizə yaxın artırmağa cəhd göstərdi, amma insanlar bundan imtina etdilər. Bildirdilər ki, artıq neçə ildir, inflyasiya vəziyyətində yaşayırıq, yalnız itiririk. Belə bir problemlər bütün Avropa ölkələrində görünür. İtaliyada da, Fransada da bu var. İstər-istəməz problemlər insanları qıcıqlandırır və müəyyən aqressiya yaradır.”

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda hava limanları işləyib deyə COVID-ə yoluxan insanların sayı 500-ə çatıb: “Halbuki 2-3 ay bundan əvvəl say 0, 3-5, 10-15 nəfər arasında dəyişirdi. Quru sərhədləri açılsaydı, bu rəqəm 5 min olacaqdı, hələ ondan da o tərəfə keçəcəkdi. Hələ indiki zamanda hava limanı tam praktiki gücü ilə işləmir, amma buna baxmayaraq xəstəlik yenə də gəlir. Xəstəlik içəridə olsaydı, o, bir il bundan qabaq özünü biruzə verərdi. Biz onu kifayət qədər cilovlamışdıq. Bütün bunlar da insanları aqressiya vəziyyətinə gətirib çıxarır. Onlar quru yollarla gedib-gəlmək istəyirlər. Əlbəttə, burada müəyyən maliyyə problemləri də yaranıb. Aviabiletlər hər yerdə bahadır. “AZAL”ı müdafiə üçün demirəm. İslahatlar aparılmalı və birmənalı olaraq aviabiletlərin qiymətləri aşağı salınmalıdır. Çalışırıq ki, hər şeyi insanlara açıq formada izah edək. Məmurlarla insanların arasında olan deputatlardır. Ona görə də bütün zərbələr bizə dəyir, neqativ məlumatlar bizə çatır. Desəm ki, problemləri 100 faiz həll edirik, yalançı çıxaram. Amma öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, təxminən 75-85 faizi həll olunur. İnsanların içində aqressiya yalnız Azərbaycan qalxmayıb ki… Bu, bütün dünyada baş verib. İngiltərədə, Almaniyada, Fransada, Yunanıstanda – hər yerdə var. Aqressiyanın səbəbləri maliyyə durumu ilə alıcılıq qabiliyyətinin müəyyən qədər itirilməsi ilə və digər bu kimi məsələlərlə də bağlıdır. İnflyasiyanın qarşısını almaq, fəsadlarını üstələmək üçün iqtisadiyyata yenidən təkan verməyi, artım tempini daha da artırmağa çalışırıq. Hər gün ən azı iki saat yarım – bir saat səhər, saat yarım da axşam siyasi icmalçıların bir çoxunun açıqlamaları ilə tanış oluram. İstər bizim, istər Ukrayna, istər İngiltərə, istərsə də Avropa və ABŞ-la bağlı olan bu açıqlamaları  dinləyir və təhlil edirəm. Azərbaycan həmişə özünü müdafiə edə bilib. Hələ 2008-ci ildə dünya iqtisadiyyatında kəskin problemlərin fonunda belə, özümüzü müdafiə edə bilmişik. Belə ki, 2008-ci ildə Qərbdə maliyyə böhranı baş verdi. Bu, ABŞ-dan başladı. Qərb ölkələri həmin maliyyə böhranından 2019-cu ilə qədər, yəni 11 ildə tam çıxa bilmədilər. Pandemiya da gəldi, iqtisadiyyatı iflic vəziyyətinə saldı. Rəqəmlərlə danışsaq, dünyada 500 milyon insan pandemiya səbəbindən işsiz qaldı. 600 milyon insan isə müflis oldu. Gündəlik çörək almaq imkanları belə, yoxdur. Bu vəziyyət daha çox Cənubi Amerika, Afrika və Asiya ölkələrindədir. Təbii ki, proseslərin hamısı Avropaya da toxundu. Hətta sosial cəhətdən daha çox inkişaf etmiş ölkələr olan Finlandiya, İsveç, İsveçrədə də problemlər özünü biruzə verməyə başladı. Bu səbəbdən cəmiyyətdə müəyyən çaxnaşmalar yaranır. Cəmiyyətdəki aqressiyanın digər səbəbi də Ukrayna ilə Rusiya arasında gedən müharibədir. 6 aydır ki, Avropanın düz ortasında müharibə gedir. Deyilənə görə, Ukraynadan artıq 8 milyona yaxın qaçqın var. Suriyada, Ukraynada gedən müharibələr, Şimali Afrikadan olan qaçqınlar – bunların hamısı Avropaya təsir edir. Oradakı insanlar narazı qalırlar. Müharibənin ərzaq məhsullarına təsiri də fəsadlarını göstərir”.

Həmçinin oxuyun

Azərbaycanı təslimçiliyə çəkən kimlərdir?

Yenə də bir qrup şəxs “sarı simə” toxunub, “yurdda sülh, cahanda sülh” yalanı ilə insanları …