Zəngəzur dəhlizinin açılması məsələsini yenidən gündəmə gəlir.
Bu baxımdan, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın avqustun 6-dan Çinə başlanan rəsmi səfəri zamanı aparılan müzakirələr diqqəti cəlb edir. Qnel Sanosyan Çinə səfəri zamanı yüksək səviyyəli Çin rəsmiləri ilə bir sıra mühüm görüşlər və danışıqlar aparıb.
Xüsusilə, Çinin nəqliyyat naziri Li Syaopin ilə danışıqlar zamanı nəqliyyat və infrastruktur sahəsində əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzində olub. Görüşün əsas mövzularından biri beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin bağlanmasıdır. Son mərhələdə olan bu müqavilənin yaxın vaxtlarda imzalanması planlaşdırılır.
Görüşdə beynəlxalq nəqliyyat marşrutlarının inkişafı ilə bağlı mühüm məsələlər, o cümlədən Çin şirkətlərinin Ermənistanda infrastruktur, o cümlədən yol, körpü və tunel tikintisinə cəlb edilməsi imkanları diqqət mərkəzində olub. Rəsmi İrəvanın Pekinlə əməkdaşlığa maraq göstərməsi Ermənistanın ticari-iqtisadi inkişafına mane olan başlıca səbəblərdən birini aradan qaldırmaq niyyəti ilə bağlıdır. Söhbət beynəlxalq nəqliyyat əlaqələri ilə bağlı problemlərdən gedir.
Bu baxımdan, Ermənistan 556 kilometr uzunluğunda “Şimal-Cənub” nəqliyyat dəhlizinin tikintisi vasitəsilə “Bir kəmər, bir yol” layihəsinin genişləndirilməsində iştirak etməyə ümid edir. Belə ki, hər zaman nəqliyyatın əlçatanlığı ilə bağlı problemlər yaşayan Ermənistan hazırda orta hesabla 11 saat olmaqla nəqliyyatın öz ərazisindən keçməsi üçün lazım olan vaxtı iki dəfə azaltmağı planlaşdırır.
Yəni Ermənistan Çinlə Avropa arasındakı ticarət əlaqələrini təmin edəcək “Bir kəmər-Bir yol” nəqliyyat dəhlizi layihəsinin tərkib hissəsinə çevrilmək niyyətini nümayiş etdirir. Ermənistan Çinin layihəsində iştirakını Avrasiya İqtisadi Birliyinin kommunikasiyaların inkişafı üzrə universal proqramı çərçivəsində həyata keçirmək istəyi ilə əsaslandırır. “Ermənistanın timsalında bunlar Gürcüstan, İran və Azərbaycanla sərhədə gedən yollardır”, – bu yaxınlarda Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyan belə deyib.
Ermənistan rəsmilərinin verdiyi məlumata görə, Çinin “Sinohydro Corporation” şirkəti ən böyük infrastruktur layihəsi olan “Şimal-Cənub” nəqliyyat dəhlizinin tikintisində iştirak edir. Ekspertlər hesab edir ki, Ermənistan nəqliyyat infrastrukturunun inkişafından və onun “Bir kəmər, bir yol” kimi meqalayihələrə inteqrasiyasından ikiqat fayda əldə edə bilər.
Mütəxəssislərin fikrincə, bu, ənənəvi təchizat zəncirlərinin pozulduğu və yenilərinin meydana çıxdığı mövcud qlobal gərginliklə bağlıdır. Bu, son bir il yarım ərzində Rusiya-Ukrayna qarşıdurması və Rusiyaya qarşı sanksiyaların nəticəsində baş verib. Ermənistan Rusiyaya paralel idxalın kifayət qədər maddi axınını öz ərazisindən keçirən tranzit ölkəyə çevrilib. Lakin Ermənistan dənizə çıxışı olmayan dövlətdir. Üstəlik, onun Azərbaycan və Türkiyə ilə quru sərhədləri bağlıdır. Cənub qonşusu İran isə sanksiyalar altında olduğundan, Ermənistan üzərindən fəal tranzit daşımaları həyata keçirlmir. Gürcüstan vasitəsilə Rusiya ərazisinə çıxışı təmin edən Yuxarı Lars yolu ilə yükdaşımalar isə payız və qış aylarında hava şəraitindən asılı olaraq tez-tez bağlanır.
Buna baxmayaraq, həm Ermənistan hakimiyyəti, həm də yükdaşıma şirkətləri anlayır ki, rəhbəri ölkənin gələcək inkişafı nəqliyyat infrastrukturunun inkişafından asılıdır. Ermənistanın yerləşdiyi Cənubi Qafqazın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi bunu zəruri edən geoiqtisadi və geosiyasi şərtləri formaslaşdırır. Ancaq Ermənistanın sözügedən “hub”a qoşulması Azərbaycanla sülh müqaviləsinin imzalanmasından və kommunikasiyaların açılmasından asılıdır.
Əks təqdirdə, Türkiyə ilə sərhədlərin açılması da mümkün olmayacaq və Ermənistan təcrid vəziyyətində qalmaqda davam edəcək. Azərbaycan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin bərpası “Bir kəmər-Bir yol” nəqliyyat dəhlizini Cənubi Qafqaz üzərindən Avropaya birləşdirən yeni tranzit yolun açılması deməkdir. Ukraynada müharibə və Rusiyaya tətəbiq edilən sanksiyalar səbəbindən “Bir kəmər-Bir yol” nəqliyyat dəhlizinin şimal marşrutu bloklanıb. Nəqliyyat dəhlizinin keçdiyi ərazilər aktiv döyüş meydanına çevrilib, Rusiya vasitəsilə Avropa bazarlarına çıxış isə mümkün deyil.
Üstəlik, Rusiya ərazisindən keçən şimal marşrutunun məsafə və daşıma xərcləri çoxdur. Digər marşrut Çin-Mərkəzi Asiya-Xəzər dənizi-Cənubi Qafqaz-Türkiyə-Avropa arasında ticarət əlaqəsini təmin edən “Orta dəhliz”dir. Çin məsafə və daşıma xərclərinə görə daha sərfəli olan “Bir kəmər-Bir yol” layihəsinin mərkəzi hissəsini təşkil edən “Orta dəhliz”ə maraq göstərir. Bu marşrutun Cənubi Qafqazdan keçən hissəsi Azərbaycan-Zəngəzur dəhlizi-Naxçıvan-Türkiyə, digər istiqamət isə Azərbaycan-Gürcüstan-Türkiyə tranzit xətlərini özündə birləşdirir.
Yəni hər iki istiqamətdə bölgənin əsas nəqliyyat-logistika qovşağı rolunu Azərbaycan yerinə yetirir. Bu da Azərbaycanın regiondakı geostrateji əhəmiyyətini artırır. Yüklərin Zəngəzur dəhlizindən keçməklə daşınması daha tez və ucuz başa gəldiyindən Azərbaycan bu marşruta üstünlük verir.
Bu, həm də Türkiyəyə Azərbaycan vasitəsilə Cənubi Qafqazla quru yolu əlaqəsi yaratmaq, oradan isə Mərkəzi Asiyaya çıxış əldə etmək imkanı yaradır. İranın Zəngəzur dəhlizinə qarşı çıxması və Ermənistanı bu məsələdə münaqişəyə təhrik etməsi də Türkiyənin regionda təsirinin qarşısını almağa, eyni zamanda “Orta dəhliz”in reallaşmasına mane olmağa hesablanıb. İran yükdaşımaların həyata keçirilməsi üçün yeni marşrut təklif edir. Ermənistan bunu “Bir kəmər-Bir yol” layihəsinin cənub hissəsi kimi təqdim etməyə çalışsa da əslində, İranın “Şimal-Cənub” dəhlizi ideyası tamam fərqlidir.
Çünki Pekin “Bir kəmər-Bir yol” layihəsinin cənub xəttinin Çin-Pakistan-Əfqanıstan-İran vasitəsilə keçməsini təklif edir. Rəsmi Tehran isə Çindən və Hindistandan daşınan yüklərin İranın Bəndərabbas limanına, oradan isə Ermənistan ərazisindən keçməklə Gürcüstanın Qara dəniz limanlarına daşınmasını nəzərdə tutan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsini hazırlayıb. Qara dənizdən isə yüklərin Bolqarıstan və Yunanıstan vasitəsilə Avropa bazarlarına çıxarılması nəzərdə tutulur. Bu layihə İran-Ermənistan sərhədində Zəngəzur dəhlizini kəsir və onun qarşısını alır. Lakin nə İranın, nə də Ermənistanın sözügedən tranzit daşımalar üçün nəqliyyat və logistika infrastrukturunu yaratmağa maddi imkanı var.
“Şimal-Cənub” dəhlizi layihəsinin Ermənistan ərazisindən keçən hissəsinin inşası üçün 3 milyard dollardan artıq vəsait tələb olunur. Bu da Ermənistanın dövlət büdcəsinin 45 faizinə bərabərdir. Eyni zamanda, İran Qərbin sərt sanksiyları altında olduğundan dünya ölkələri bu marşrutla ticarət əməliyyatları həyata keçirməkdə maraqlı deyil. Həmin layihə üzrə daşıma xərcləri də “Orta dəhliz”lə müqayisədə baha başa gəlir. Ermənistan isə Çini İranın təklif etdiyi layihənin rentabelli və zəruri olduğuna inandırmağa çalışır. Qnel Sanosyanın Pekinə səfəri də məhz bu məqsədə xidmət edir.
Çünki Ermənistanın yüksək dağlıq relyefə malik ərazisində müasir yol infrastrukturu olmadığından oradan yükdaşımalar həyata keçirmək çox çətindir. Qış aylarında isə Ermənistanın cənubu və şimalını birləşdirən dağ aşırımları keçilməz olur. Ona görə də Ermənistan Çin şirkətlərini yol və tunellərin çəkilişinə cəlb etməklə İrandan daxil olan yüklərin tranziti üçün nəqliyyat infrastrukturu yaratmaq, həmçinin 556 kilometrlik “Şimal-Cənub” dəhlizi layihəsinə Pekinin dəstəyini təmin etməyə çalışır.
Lakin Çinin bu məsələdə Ermənistanın yanında yer alacağını demək çətindir. Çinin xarici işlər naziri Van İnin iyulun 26-da Türkiyəyə rəsmi səfəri Pekinin regional məsələlərdə Ankara ilə əməkdaşlığa maraq göstərdiyindən xəbər verir. Türkiyə Çin üçün həm böyük ticari-iqtisadi, həm də siyasi tərəfdaşdır. Ona görə də Çinin Cənubi Qafqazda əsas geosiyasi “oyunçu”lardan biri olan Türkiyənin maraqlarını nəzərə almadan hər hansı addım atması bu münasibətlərə zərbə vura bilər. Cebhe.info