Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / “Bundan sonra Vaşinqtonun Orta Asiyada yeni siyasətinin şahidi olacağıq” – POLİTOLOQ

“Bundan sonra Vaşinqtonun Orta Asiyada yeni siyasətinin şahidi olacağıq” – POLİTOLOQ

Məhəmməd Əsədullazadə: “Rəsmi İrəvan bundan ciddi narahatlıq keçirir”

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ABŞ-a səfər edib. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, N.Nazarbayevin rəsmi səfər zamanı ABŞ Prezidenti Donald Trampla Suriya və Əfqanıstan məsələləri ilə yanaşı, Rusiya ilə münasibətləri də müzakirə edəcəyi gözlənir.

Ermənistan mətbuatında aparılan müzakirələrdən hiss olunur ki, Nazarbayevin ABŞ səfərindən ən böyük narahatlığı məhz Ermənistan keçirir. Onların narahatlığı üçün ciddi əsasın olduğunu biz də düşünürük. Çünki Nazarbayev Ermənistanın özlərinin də təmsil olunduğu quruma üzvlüyünün yalnız Dağlıq Qarabağsız mümkün olacağını bəyan etmişdi. Əksər mötəbər tədbirlərdə Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Bundan əlavə, həmin ölkə bu il BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edəcək. Ermənilər ehtimal edirlər ki, Dağlıq Qarabağla bağlı qəbul olunan qətnamələrin icrası məsələsi onun tərəfindən qaldırıla bilər. Ən başlıca narahatlıqları isə Qazaxıstanın ABŞ-la Avrasiya İttifaqı arasında vasitəçilik missiyasını üzərinə götürə bilməsidir. Çünki bir müddət əvvəl Ermənistanın özünün belə bir niyyətinin olması üzə çıxmışdı. Hər halda, ABŞ üçün Qazaxıstan bu xüsusda Ermənistandan daha cəlbedici görünür. Ermənilərin Nazarbayevlə bağlı keçirdikləri narahatlığı nə dərəcədə əsaslı saymaq olar?

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, ABŞ-ın ötən il dekabrın 19-da elan edilən Milli Təhlükəsizlik Strategiyasında Mərkəzi Asiya dövlətləri əsas prioritet təşkil edib: “Mərkəzi Asiya ABŞ üçün geosiyasi və geoiqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki bu region ABŞ-ın ənənəvi rəqibi olan Rusiya və Çinlə birbaşa sərhəddir. Həmçinin, Əfqanıstana yaxındır. ABŞ-ın Mərkəzi Asiyada öz siyasi və iqtisadi nüfuzunu artırması üçün ilk növbədə regionun böyük dövləti Qazaxıstan birinci sırada gəlir. Qazaxıstanda möhkəmlənmək birbaşa Mərkəzi Asiya ölkələrinə nəzarəti ələ almaq, həmçinin, Rusiya və Çinin regionda təsirlərini azaltmaqdır. Qazaxıstan prezidenti Nursultan Nazarbayev də Çin və Rusiya arasında manevr etmək və ABŞ-ın regionda təsirinin güclənməsində maraqlıdır. Ona görə ki, Rusiya və Çinin bu ölkədə siyasi-iqtisadi güclənməsi Astananın milli təhlükəsizlik maraqlarına cavab vermir. Nazarbayev həm də ölkəni innovativ bir dövlətə çevirmək üçün əsas plana malikdir. Bu istiqamətdə islahatların aparılmasında ABŞ-ın dəstəyi mühüm rol oynayır. Qeyd edim ki, Qazaxıstan Rusiyanın regional layihələrinin əsas iştirakçısıdır. Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer alır. Rusiya ilə bu təşkilat çərçivəsində müttəfiqdir. ABŞ çalışır ki, Qazaxıstan iqtisadiyyatında və siyasətində əsas yeri tutsun. Nazarbayevin səfərində iki ölkə siyasi-iqtisadi və təhlükəsizlik sahəsində ikitərəfli müqavilələr bağlayacaq. Bundan sonra Vaşinqtonun Orta Asiyada yeni siyasətinin şahidi olacağıq. Azərbaycanın daim milli təhlükəsizlik maraqlarından çıxış edən Qazaxıstan prezidenti N.Nazarbayevin səfəri Ermənistanda təşvişlə qarşılanır. Çünki cənab Nazarbayev Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə yalnız  bu ölkənin sərhədləri çərçivəsində qoşulmasına razılıq vermişdi. BMT-də daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ölkəmizlə sıx siyasi əlaqələrə önəm verir. Ermənistanın Avrasiya İttifaqında ABŞ-la əlaqələndirici kimi çıxış etməsi Nazarbayevin səfərindən sonra fiaskoya uğradı. ABŞ-ın xarici siyasətində Ermənistan regional əhəmiyyətli ölkə deyil. Bu ölkə Rusiyanın forpostu kimi müstəqil siyasət aparmır. Avrasiya İttifaqı daxilində ABŞ-ın Qazaxıstanı seçməsi daha  məntiqlidir. Çünki Qazaxıstansız bu İttifaqın varlığı mümkünsüz görünür. Həmçinin, Nazarbayevin müstəqil siyasəti, manevr imkanları Moskva ilə Vaşinqton arasında münasibətlərin tənzimlənməsində rol oynaya bilər. Bu il Qazaxıstan BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. ABŞ kimi bir ölkə ilə yaxınlaşmaq və Təhlükəsizlik Şurasına sədrlik bu ölkənin beynəlxalq miqyasda mövqeyini gücləndirəcək. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı  Təhlükəsizlik Şurasında məsələnin müzakirəyə çıxarılması baş verə bilər. Rəsmi İrəvan bundan ciddi narahatlıq keçirir. Qeyd edim ki, Azərbaycan Qazaxıstan vasitəsilə ABŞ-ın Qarabağ münaqişəsinə ciddi diqqət ayırmasına nail ola bilər. Hesab edirəm ki, Qazaxıstanın bu təşəbbüsü ABŞ tərəfindən qəbul edilə bilər”.(Bakı-Xəbər)

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …