Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Büdcədən dini icmalara ayrılan vəsait göyə sovrulur

Büdcədən dini icmalara ayrılan vəsait göyə sovrulur

Vüsal Hətəmov: «Dini icmalara ayrılan pullar, əsasən, dindarların maariflənməsinə xərclənməlidir, çünki dindarlar maarifsiz olduqda, xaricə muzdla döyüşə yollandıqda məscidlər ancaq quru, lazımsız tarixi abidəyə çevriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini icmalara maliyyə yardımı ayırmağa başlayıb. Bu məqsədlə mayın 29-da Dövlət Komitəsində maliyyə yardımı ayrılmış ilk 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
Qeyd edək ki, prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb. Ayrılan maliyyə vəsaiti ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək. Dövlət Komitəsində maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası yaradılıb. Komissiya icmalar tərəfindən təqdim edilən layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edilir. İcma sədrləri onlara ayrılan vəsaitin istifadə olunması ilə bağlı rəhbərlik etdikləri icma üzvlərinin rəyini də nəzərə almalıdırlar.
Komitə rəhbərliyi hesab edir ki, icmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcək. Eyni zamanda, dini icma sədrlərinin yerlərdə axund və imamlarla, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətinin vacibliyi vurğulanıb.
Komitə rəhbərliyi ilə icmalar vəsaitlərin xərclənməsi ilə bağlı müsbət fikirlər səsləndirsələr də, real vəziyyətin fərqli olduğu bildirilir. Belə ki, dövlət tərəfindən icmalara ayrılan maddi dəstəyin şəffaf xərclənmədiyi və digər problemlərin mövcudluğu gündəmdədir.
Məsələylə bağlı fikirlərini «Reytinq»lə bölüşən şərqşünas alim Vüsal Hətəmov deyib ki, icmalar monopoliyaya çevrilib. Onun sözlərinə görə, dindarlar arasında sorğu aparılsa, müşahidə olunar ki, dindarlar bir çox məscidlərin nə icma sədrini, nə də ki, üzvlərini tanıyır. Müsahibimiz deyir ki, dini icmalarda maliyyə xərclənməsi məsələsi də qeyri-şəffafdır: «İcmalar tərəfindən xərclənən maddi dəstək şəffaf deyil. Ümumiyyətlə, icmalarda üzvlərin kimlər olması yerli əhali, məscid əhli üçün qapalıdır. Bu onu göstərir ki, icmalar da monopoliyaya çevrilib. Dindarlar arasında sorğu aparılsa, müşahidə olunar ki, dindarlar bir çox məscidlərin nə icma sədrini, nə də ki üzvlərini tanıyır, eynilə də maliyyə məsələləsi. Dindarlar bilmir ki, ayrılan pul hara xərclənir, necə xərclənir. Söz yox ki, bunu bütün məscidlərə şamil etmək olmaz. Amma bu bir faktdır ki, bir çox məscidlərin icma üzvlərini, hətta icma sədrini belə, dindarlar tanımır. Nəticə isə təkcə maliyyənin xərclənməsinə təsir etmir. Eyni zamanda müvafiq bölgədə dini zəmində anarxiya baş verir. Missionerliyə şəraiti yaranır. İcma sədri və üzvləri dindarlarla və ya ibadət etmək istəyən şəxslərlə daim dialoqda, münasibətdə olsalar, qeyri-ənənəvi, radikal dini təriqətlərin yaranma faizi sıfıra enər. Nə Suriyada oğul itirərik, nə də Əfqanıstanda».
Ekspert onu da bildirib ki, icmalara ayrılan pullar zəruri məsələlərə, məscid dindarlarının müzakirəsi əsasında xərclənməlidir. Onun fikrincə, dəstəmazxanaların, məscid ətrafının abadlığının xərcinə ayrılan pullar məsləhətlə sərf olunmalıdır: «Hesab edirəm ki, dini icmalara ayrılan pullar, əsasən, dindarların maariflənməsinə xərc olunmalıdır. Çünki dindarlar maarifsiz olduqda, xaricə muzdla döyüşə yollandıqda məscidlər ancaq quru, lazımsız tarixi abidəyə çevriləcək. Məscidin bəzəyi, zinəti onun savadlı, zəkalı, imanlı dindarıdır. Bizim rəsədxananın İran və Türkiyədən güclü olmasına inanmaq istəyirəm. Amma neçə illərdir ki, ölkə ərazisində ayrı-ayrı vaxtlarda verilən azanlar rəsədxanamızın işləməməsi, ya da ki məscidlərin şəxsi dini dünyagörüşü ilə fəaliyyət göstərməsi şübhəsini yaradır. Azan məsələsi şəriətdə təbii-elmi hadisəyə əsaslanır. Ay-günəş məsələsinə. Hazırkı Elmi Texniki Tərəqii buna imkan verir ki, azanın vaxtı məzəhblərarası ixtilafa son qoysun. Ümumiyyətlə, dini-məzhəbi müxtəlifliliyin yaranmasında, güclənməsində maraqlı olan missionerlər tək azan məsələsində deyil, vətənə, dövlətə, xalqın çoxəsrlik milli məfkurəsinə, milli adət ənənələrinə münasibətdə də təxribat yaradır. Ölkədə dini rituallar zəminində, misal üçün, azanın vaxtsız verilməsi ilə bağlı baş verə biləcək təxribatın qarşısı təkcə olimpiada üçün alınmamalıdır. Neçə illərdir ki, Ramazan ayında məscidlərdən fərqli vaxtlarda azan verilir. Ən pisi də odur ki, bir-birinə yaxın olan məscdilərdə bu müşahidə olunduqda bölgə əhalisi çaş-baş qalır».

 

Həmçinin oxuyun

Putin: “Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”

“Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”. APA-nın Moskva müxbirinin …

Bir cavab yazın