Bazar ertəsi , May 10 2021
Ana səhifə / Siyasət / Bu siyasət Ermənistanda revanşist meyillərə zərbə vuracaq

Bu siyasət Ermənistanda revanşist meyillərə zərbə vuracaq

Azərbaycan beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərməsini vacib hesab edir. Bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Bəs Ermənistana qarşı hansı təzyiq mexanizmləri işə salına bilər? 

Sputnik Azərbaycan mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadə və politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Millət vəkili bildirib ki, Azərbaycanın işğalçı ölkəyə qarşı təzyiq mexanizmlərinin işə salınması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciəti tamamilə haqlı və ədalətlidir: “Ermənistan otuz ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayaraq bərbad vəziyyətə salıb, dağıntılar törədib. Bu gün faktiki olaraq orada yaşamaq mümkün deyil və hər şeyə sıfırdan başlamaq lazım gəlir. İşğalçı ölkə həmin əraziləri dağıtmaqla yanaşı, başdan-başa minalayıb. Azərbaycan həmin əraziləri təmizləməkdən ötrü böyük zaman və vəsait sərf etməlidir. Ermənistan beynəlxalq hüquq normalarına ziddi olaraq həmin minaların xəritələrini verməkdən boyun qaçırır. Bunun özü bir cinayətdir və beynəlxalq ictimaiyyət buna susmamalıdır. Bu, BMT üzvü olan ölkənin üzərinə düşən öhdəliyi yerinə yetirməməsidir. Eyni zamanda bu, dünyadakı terrorçu və dekonstruktiv qüvvələr üçün pis bir örnəkdir”.

Millət vəkili hesab edir ki, beynəlxalq ictimaiyyət ilk növbədə bunu pisləyə bilər:

“Beynəlxalq təşkilatlarda Ermənistanı həmin xəritələrin verilməsinə məcbur edən qərarlar qəbul oluna bilər. Bunu etmədiyi təqdirdə bu ölkəyə qarşı sanksiyalar işə salına bilər. Eyni zamanda burada böyük dövlətlərin üzərinə də məsuliyyət düşür. Düşünürəm ki, Ermənistana göstərilən yardım proqramlarına yenidən baxıla və Ermənistandan beynəlxalq hüquqa hörmətlə yanaşma tələb oluna bilər.

Bir sözlə, kifayət qədər təsir mexanizmləri mövcuddur. Ancaq ən böyük təsir mexanizmi Ermənistanın sivil, birgəyaşayış düşüncəsinə gəlib çatmasıdır. Artıq otuz ildir müstəqil dövlətdir və qonşu dövlətlərlə mehirban qonşuluq şəraitində yaşamağın əhəmiyyətini dərk etməlidir. Bu ilk növbədə Ermənistanın özünə lazımdır. Məhz işğalçılıq siyasəti, resurslarını müharibəyə, minalamağa, qonşu dövlətlər haqqında çirkin kampaniyaya sərf etməsi bu ölkəni normal inkişafdan təcrid edir”. 

Politoloq Məhəmməd Əsədullazadə isə deyir ki, Ermənistanın beynəlxalq təşkilatlar səviyyəsində cəzalandırılması vacibdir: “Bu ölkə beynəlxalq hüququn tələblərini pozur, mina xəritələrini Azərbaycana təqdim etmir. Buna görə Azərbaycan beynəlxalq təşkilatlarda hüquqi prosedur başlada bilər. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın tarixi mədəni irsi vandalizmə məruz qalıb. Bu da haqlı olaraq təzminat məsələsini gündəmə gətirir. Düşünürəm ki, bu məsələ beynəlxalq müstəvidə həll oluna bilər. Eyni zamanda müharibə zamanı qadağan olunmuş silahlarla bağlı Ermənistan tərəfi cavab verməlidir. Bu da beynəlxalq hüququn pozulması ilə yanaşı, hərbi cinayətdir. Bu baxımdan XİN rəhbərliyi tərəfindən bu cür açıqlamaların verilməsi Ermənistana qarşı beynəlxalq təzyiqin formalaşmasına gətirib çıxara bilər. Düşünürəm ki, bu, doğru yoldur və Ermənistandakı revanşist meyillərə zərbə vuracaq. Azərbaycan hüquqi yollarla Ermənistanın törətdiyi əməllərə görə cəzalandırılmasına nail ola bilər”.

Həmçinin oxuyun

Sergey Lavrov Bakıdadır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlib. Belə ki, Lavrov 10-11 may tarixlərində …