Şənbə , Fevral 24 2024
Ana səhifə / Siyasət / Bu gün Helsinki Komissiyasında Qarabağ dinləmələri başlayır – Bakıdan sərt reaksiyalar

Bu gün Helsinki Komissiyasında Qarabağ dinləmələri başlayır – Bakıdan sərt reaksiyalar

Bəxtiyar Sadıqov: “Onlar erməni dəyirmanına su tökür”; Fərəc Quliyev: “Dinləmələrin dərhal dayandırılması üçün sərt tədbirlər görülməlidir”

Oktyabrın 18-də Helsinki Komissiyasında Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu və bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçiriləcək. Dinləmələr Kristofer Smitin təşəbbüsü ilə olacaq. Təcavüzkar Ermənistana qarşı beynəlxalq hüquq prinsiplərini pozduğuna görə heç bir tənqidi fikir səsləndirməyən Helsinki Komissiyası ölkəmizə qarşı əsassız iddialar irəli sürməyə çalışacaq.

Helsinki Komissiyasının son dinləmələr keçirməsinin arxasında regionda bütün mənalarda dalana dirənmiş Ermənistana cüzi olsa da, yeni imkanlar cığırı açmaq istəyi dayanır. Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası təqdim olunur və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Dinləmələrdə Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavanonun (1999-2001-ci illər), Ceyms Uorlikin (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrononun çıxış edəcəkləri vurğulanır.

Siyasi şərhçilər oktyabrın 18-də keçiriləcək dinləmələri Dağlıq Qarabağ münaqişəsinin həllinə pozitiv təsir göstərəcək diplomatik səy adlandırmağın mümkünsüz olduğunu, əksinə, bu dinləməni işğalçının dəstəklənməsinə yönəlmiş cəhd kimi qiymətləndirirlər.  Erməni lobbisi ilə sıx ünsiyyətdə olan K.Smitin belə dinləmə təşkil etməsinin sifarişçisi olduğu göz qabağındadır və 18 oktyabrda keçiriləcək dinləmələrin bir daha Azərbaycana qarşı şər-böhtan və qaralama kampaniyasına çevriləcəyi şübhə doğurmur.

Image result for “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bu dinləmələrlə Ermənistanın növbəti dəfə müdafiə olunduğunu açıq şəkildə göstərdiyini qeyd etdi: “Bütün bunların əsas səbəbi odur ki, dünyada ikili standartlar mövcuddur. Azərbaycan müstəqil xarici siyasət yürüdür. Ölkəmizdə marağı olanlar Azərbaycanın dövləti və milli maraqları əleyhinə öz maraqlarını təmin etmək üçün təzyiq və təsir göstərməyə çalışırlar. Azərbaycan bütün bunların qarşısında duruş gətirir. ATƏT-in Minsk Qrupu haqqında qaçqınlar və məcburi köçkünlər saysız-hesabsız lətifələr qoşurlar. Çünki 20 ildən çoxdur ki, bunlar ancaq gəlib-gedirlər. Biri deyir turist kimi gəliblər, digəri tut arağı içməyə gəldiklərini söyləyir. Bu qurum özünə hörmət etmir. Deyir ki, siz öz aranızda razılığa gəlin, biz onu bəyənəcəyik. Bu tezislə gərəksiz olduğunu sübut edir. Danışıqlar çox ciddi bir mərhələyə yaxınlaşıb. Rusiyanın Ermənistana 200 milyon dollarlıq silah verməsi, Helsinki Komissiyasının məlum dinləməsi, AŞ PA-da Azərbaycan əleyhinə bir gündə iki qətnamənin qəbul olunması və digər bu kimi qərarlar ikili standartların olduğunu göstərir. Bunlar anti-Azərbaycan şəbəkəsinin və erməni diasporunun əməlləridir. Cenevrədə prezidentlərin görüşündən dərhal sonra bu dinləmələrin ortaya atılması sizcə, təsadüfdür? Donald Tramp Amerikanın prezidenti seçiləndə məndə bir qədər ümid yarandı. Çünki ilk prezident idi ki, erməni diasporu ilə əməkdaşlığa girməmiş, onlara söz verməmişdi ki, aprelin 24-də ”erməni soyqırımı” ifadəsi işlədəcək. Düşündük ki, yəqin bu məsələlərdə obyektiv olar. Amma görürük ki, Barak Obama dövründən qalan konqresmenlər yenə də fəaliyyətdədirlər. Hətta getdikcə fəaliyyətlərini də gücləndirirlər. Biz Amerika ilə yaxın əlaqələri olan dövlətik, terrorizmə qarşı mübarizədə daim birlikdə hərəkət etmişik ki, bu da Amerika rəhbərliyi tərəfindən dəyərləndirilib. Belə bir həssas məqamda onların dinləmələr həyata keçirmələri erməni dəyirmanına su tökməkdir. Ermənilərin mövqelərini gücləndirməyə çalışırlar. Bu dinləmələr ancaq ermənilərə xidmət edir. Dağlıq Qarabağda sülh yaradılmasına, münaqişənin həllinə heç bir kömək etmir”.

Related image

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bir çox şəxslərin belə dinləmələrdə Azərbaycan əleyhinə fəaliyyət apardıqlarını söylədi: “Unudurlar ki, onların ədalətsiz baxışları, mövqeləri bumeranq rolunu oynayır. Bu gün Avropada baş verənlərə nəzər saldıqda görürük ki, bunlar Helsinki Komissiyasının oxşar malalama siyasətindən doğan məsələlərdir. Azərbaycanın əlində kifayət qədər riçaqlar var. BMT-nin 4 məlum qətnaməsi ilə bağlı Azərbaycan tərəfi nail olmalıdır ki, BMT-də dinləmələr keçirilsin. Bu qətnamələrin həyata keçirilməsi üçün BMT nizamnaməsinin yeddinci bəndi, 45-48-ci paraqraflarına istinad edib, ya  qeyri hərbi sanksiyalar, ya da hərbi sanksiyalar tətbiq olunsun. Yoxsa gündə bir komissiya ortaya çıxıb, hansısa bir şəxsin hüquqlarının pozulması ilə bağlı məsələ qaldıracaq, o zaman da Avropadakı kimi məsələlər yaranacaq. Harada bir etnik tərkib yaşayacaqsa, müstəqillik davasına başlayacaqlar. Nəticədə dünya xəritəsində kataklizmlər başlayacaq. Bu gün məsələni sərt şəkildə ortaya qoyub, belə dinləmələrin dərhal dayandırılması üçün sərt tədbirlər görülməlidir”.

Cavanşir ABBASLI

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …