Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Bu gün ABŞ Senatında Azərbaycanla bağlı dinləmə keçiriləcək

Bu gün ABŞ Senatında Azərbaycanla bağlı dinləmə keçiriləcək

Seçkiyə 4 gün qalmış təşkil edilən tədbirə iqtidara ən sərt mövqeyi ilə seçilən adamlar cəlb olunub

Oktyabrın 28-də ABŞ Senatında Azərbaycanda insan hüquqlarının pozulması məsələsi ilə bağlı dinləmələr keçiriləcək. Bu barədə “Turan”ın Vaşinqton müxbiri məlumat verib. “Azərbaycanda seçkilər ərəfəsində insan hüquqları” adlanan dinləmələrə senatorlar Mark Kirk və Kris Kuns, həmçinin bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları təşəbbüs göstəriblər.

Təşəbbüskarlar bildirib ki, bu təşəbbüs 1 noyabr parlament seçkiləri fonunda Azərbaycanda insan hüquqlarının pozulmasının və vətəndaş cəmiyyətinin sıxışdırılmasının davam etməsindən irəli gəlib: “Bir ildə Azərbaycan cəmiyyəti görünməmiş təzyiqlərə məruz qalıb, onlarla jurnalist və vətəndaş cəmiyyəti fəalı, siyasətçi, din xadimi həbs edilib. Onların bir çoxu, Leyla və Arif Yunuslar səhhətləri ağır olsa da, işgəncələrə, iztirablara məruz qalıblar. Həmçinin bir sıra Amerika QHT-ləri, AzadlıqRadiosunun nümayəndəliyi təqib və təzyiqlərə məruz qalıb, radionun əməkdaşı Xədicə İsmayılova həbs olunub.

Qarşıdakı müzakirələr Azərbaycanda hazırkı siyasi atmosferin qiymətləndirilməsinə və aşağıdakı sualların cavablandırılmasına yönəlib. Gələcək demokratiya baxımından 1 noyabr parlament seçkiləri hansı əhəmiyyəti daşıyır? Hansı insan haqları pozuntuları baş verib?

Azərbaycanın demokratik dəyərlərdən uzaqlaşması onun ABŞ ilə tərəfdaşlığına necə təsir göstərir? Azərbaycanda insan hüquqlarını necə qorumaq və ölkələr arasında ləyaqətli tərəfdaşlığı necə saxlamaq olar?”

Tədbirə dəvətlilər arasında Leyla və Arif Yunusların qızı Dinara Yunus, ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç, Milli Demokratiya Fondunun nümayəndəsi Miriam Lanskoy, “Freedom House”nin nümayəndəsi Tamara Grigoryeva da var. Tədbirin moderatoru ABŞ dövlət katibinin keçmiş müavini Devid Kramer olacaq.

Məruzəçilər qismində dəvət olunan amerikalı ekspertlərin siyahısına diqqət etdikdə onların Azərbaycan iqtidarına qarşı sərt mövqedə olan şəxslər olduğu görünür. Tədbirin moderatorunu isə xüsusi təqdim etməyə ehtiyac yoxdur. Devid Kramer Azərbaycan hakimiyyəti ilə düşmən münasibətində olan, azərbaycanlı məmurlara qarşı sərt sanksiyalar tətbiq edilməsi tələbləri ilə çıxış eləyən şəxsdir. Belə qənaətə gəlmək mümkündür ki, ABŞ-da hansısa qüvvələr seçkiyə 4 gün qalmış Azərbaycanla bağlı xüsusi dinləmə təşkil etməklə kifayətlənməyərək həmin dinləmələrə Azərbaycan hakimiyyətinə son dərəcə mənfi münasibəti ilə tanınan isimləri cəlb edir.

ABŞ-dan belə bir münasibətin fonunda isə Rusiyadan Azərbaycan hakimiyyətinə dəstək mesajları, Azərbaycanı Qərbdən müdafiə bəyanatları gəlməkdədir.

Azərbaycanda parlament seçkilərini müşahidə edəcək MDB Parlamentlərarası missiyasının rəhbəri, Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasından olan deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat konfransı keçirib. O bildirib ki, Qərbin, xüsusilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycana qarşı mövqeyi qərəzlidir: “Azərbaycan inkişafda olan bir dövlətdir və bu dövlətin inkişafına təkan vermək əvəzinə ona mane olmağa çalışırlar. Azərbaycanın obrazını Avropada təhrif edirlər. Çünki Avropanın Demokratik İnstitutlar və İnsan Haqları Bürosu ancaq neqativ axtarışındadır. Əslində bu mövqe ilə öz əksinə işləyir, sifariş yerinə yetirir”.

Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı təşkil olunan Bakı-Moskva videokörpü zamanı isə Postsovet məkanı Araşdırmalar Mərkəzinin direktoru Stanislav Çernyavski deyib ki, Rusiya Azərbaycanda sabitliyin tərəfdarıdır: “Rusiya ümid edir ki, Azərbaycan xalqı qarşıdan gələn parlament seçkilərində doğru seçim edəcək. Bir çox Qərb təşkilatlarının Azərbaycanda seçkiqabağı neqativ ab-hava yaratmaq cəhdləri uğursuzluğa düçar olub”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın