Ana səhifə / Siyasət / Bu gün 8 mart – Beynəlxalq Qadınlar Günüdür

Bu gün 8 mart – Beynəlxalq Qadınlar Günüdür

Bu gün 8 mart – Beynəlxalq Qadınlar Günüdür.

Azinforum.az  xatırladır ki, qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur.

Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.

Bu ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 870,0 min nəfərini qadınlar təşkil edib. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, ölkədə qadınların 54,8 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 21 uşaq gətirir.

Hazırda ölkədə 20 doğum evi, 138 qadın məsləhətxanası, 251 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,5 faizdir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,5 faizi, orta ixtisas təhsil müəssisələrində 78,6 faizi, ali təhsil müəssisələrində 52 faizi, həkimlərin isə 65 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,7 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,8 faizi qızlardır.

Elmin inkişafında da qadınların müstəsna rolu var. Elmi işçilərin 53,5 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 5-i, müxbir üzvlərindən isə 14-ü qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,9 faiz, sahibkarlar arasında isə 19,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,6 faizi qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentində qadınların xüsusi çəkisi 16,9 faizə çatıb.

İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4 faiz təşkil edib.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2008-ci ildə onların sayı 6187 nəfər olduğu halda, 2015-ci ildə 8521 nəfərə çatıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın